Yoxa çıxmış milyonlar
12-05-2015, 13:54
Əfəndi İsmiyevin şirkəti Qazaxıstanda vergidən yayınmaya görə külli miqdarda cərimələnib"Evrascon" milyonlar qazanır, səhmdarına isə 1 manat göstərir.
"Bizim Yol"a danışan səhmdar Hafiz Babalı bazar günü yığıncağını keçirən "Evrascon" Açıq Səhmdar Cəmiyyətindən ("Avroasiya İnşaat Korporasiyası", keçmiş "Azərkörpü") dividend alıb. Nizamnamə kapitalı 377390 manat olan ASC keçən il 252 milyon manat dövriyyənin qarşılığında hər səhm üzrə 1 manat dividend verib. Bu da ümumilikdə səhmlərin nominal dəyərindən iki dəfə azdır - 188695 manat. H.Babalı: "Əlavə olaraq keçən il müəssisədə 1.2 milyon manatlıq da dəmir-beton məmulatlarının satışı aparılıb. Səhmlərin 95 faizi bir qrup majoritar səhmdarın əlində cəmləşib.
Cəmiyyətin 51 faiz səhm nəzarət paketi İsmayıl İsmiyev Əfəndi Hacımuradova (bunlar bir addır-H.H.) məxsusdur. Paket sahiblərindən biri də idarə heyətinin sədri Manaf Şirinov, müşahidə şurasının sədridir. Müşahidə şurasının üzvü Nəriman Yaqubov üçüncü majoritar səhmdardır. Böyük şirkətdir, Azərbaycandan kənarda da - Qazaxıstan, Özbəkistan, Moldova, Rusiya, Ukraynada iri layihələr icra edirlər. Ölkə qalmayıb çalışmasınlar, amma yenə də korporativ mədəniyyəti öyrənə bilməyiblər. Bu il balans mənfəəti 3.9 milyon manat oldu. Mənfəət vergisi 698 min manat çıxılandan sonra yerdə qalan 3.2 milyon manat xalis mənfəətdir. Əvvəlki illərdə bu rəqəm 16-17 milyon manat idi. Milyonlarla dövriyyənin qarşısında rentabellik aşağıdır. Qırğızıstan qanunlarında mənfəətin ən az 15 faizinin dividend şəklində ödənməsi reqlamentləşdirilib. Azərbaycanda belə bir norma yoxdur. Bu il də əldə olunmuş mənfəətin 0,5 faiz civarında dividend verdilər, yerdə qalanı "inkişaf" adı ilə hara yönəltdikləri bəlli deyil. Sual verdim ki, Manaf müəllim, nədir bizim inkişafımız, nə edirsiz? Cavabına görə maşın, texnika alırlar".
Mənfəət naməlum istiqamətə yönəldilir
Səhmdar sual verib ki, hər il maşın, texnika alınar, buna milyonlar sərf edilərmi? Minoritar səhmdar bir qırağa, major səhmdarlar özləri pul götürmək istəmirlərmi? Hesab edir ki, müəssisədə ciddi manipulyasiyalar və maxinasiya var. Deyir, kor-kor, gör-gördür: "İllərdən bəri özləri də hər səhmə yalnız 90 qəpik, 1 manat dividend götürürlər. Bəs qalan pullar hara gedir? "Vergilər" qəzetinin son saylarında mənfəətin bölüşdürülməsi ilə bağlı auditor məsləhəti var. Auditor səhmdar cəmiyyətlərini idarə edənlərə mənfəəti müəssisənin passivində saxlamamağı, nizamnamə kapitalına yönəltməyi tövsiyə edir. Vəsaitlərin hansısa subhesabda saxlanması iqtisadi cəhətdən səmərəli deyil. Bunlar isə bölüşdürülməmiş mənfəət şəklində saxlayıb, nizamnamə kapitalına yönəltmirlər. Təəssüf ki, belə bir təcrübə Azərbaycanda yoxdur. İri sahibkarlar bunda rəsmən maraqlı deyillər. Əslində isə xırda səhmdarların səhm payının nominal dəyəri artmalı, əlavə səhm buraxılmalıdır. Bizim cəmiyyətdə məqsəd səhmdarların sayının azaldılmasıdır. Bu, "Evrascon-Azərkörpü"də lap gözə girir. O boyda mənfəətin qarşısında səhmdara 1 manat göstərmək ayıbdır. Müəssisənin işi səhmdar kimi məni o halda qane edəcək ki, əldə olunan mənfəəti ya bütünlüklə dividendə yönəldəcəklər, ya da "inkişaf" adıyla dedikləri vəsait nizamnamə kapitalında oturacaq. Mübarizəm o vaxta qədər davam edəcək ki, onlar əyri yollardan əl çəkəcəklər. Yoxsa "bölünməmiş mənfəət" şəklində saxlamaq və səhmdarları oyundankənar vəziyyətə salmaqla uzağa getməyəcəklər. Alınan avadanlıq onlara xeyir gətirir, amma səhmdar qiymətli kağızını cəmi 25 manata satır. Mənfəət nizamnamə kapitalına yönəldilsəydi, onu 600 manata satar, daha çox xeyir götürərdi. Paket sahibləri bunu istəmir, əvəzində avadanlıqlar, bina və tikililər alırlar. Bizə də məlumat vermədiklərindən, nəyin alınıb, satıldığından xəbərsizik. Ona görə qiymətlərin nə qədər ədalətli olduğunu da bilmirik".
5 milyon alıb, 15 milyon zərər edən rəhbəri nə gözləyir?
Vergilər Nazirliyinin məlumatına görə, müəssisənin hazırda 5380 işçisi var. Ölkənin biznes sektorunda əhəmiyyətli mövqeyi olan səhmdar cəmiyyətin layihələri ilbəil artırsa, mənfəəti hansı səbəbdən azalır? H.Babalı belə şərh edir: "Qazaxıstanda 15 milyon dollar zərərə düşüblər. Manaf Şirinov bu itkidə Qazaxıstandakı menecmenti ittiham etsə də, əslində bu, onun günahıdır. Mülki Məcəllənin 49-cu maddəsinə əsasən, idarəetmə orqanlarında təmsil olunan şəxs qurumun mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxs və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq, cəmiyyətin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Çünki bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Vəzifələrini pozduğu halda o, hüquqi şəxsin iştirakçıları tərəfindən məhkəməyə verilə bilər və onların tələbi ilə dəymiş zərərin əvəzini ödəməlidir. 60 milyon dollarlıq iş görüb, onun 15 milyonunu zərərə uğradıb. Bəs zərəri kim ödəməlidir, yenə cəmiyyət? Guya Qazaxıstanda hava şəraiti pis olub. İnternetdə axtarış verdim, 2008-2013-cü illərdə "Evrascon"un Qazaxıstandakı filialı vergidənyayınmaya yol verib, şirkətə 450 min dollar civarında cərimə tətbiq edilib. Məlum olub ki, Qazaxıstan ərazisinə gətirilən texnikanı üçüncü şəxslərə müqaviləsiz istifadəyə verməklə pul qazanırlarmış. Bunu həmin ölkənin gömrük orqanları aşkarlayıb. Fakt ortaya çıxanda onlar məhkəməyə verib, mübahisələndirmişdilər. Bu müəssisədə belə spekulyativ hadisələr baş verir. Biz səhmdarlar cəmiyyətin əsas vəsaitlərinin tərkibinin nədən ibarət olduğunu bilmirik. Aktivlərinin bir hissəsi satılır, amma kimə və neçəyə, iclasda bu barədə də məlumat eşitmirik. Deyirlər, "körpü tikmişik, tunel qazmışıq". Bunlar müşahidə şurasına aid olan məsələdir. Səhmdarların ümumi yığıncağında cəmiyyətin aktivləri, gəlir-xərcləri müzakirə olunur. Onlar isə bizə nağıl danışırlar - orada belə işləmişik, burada belə işləmişik. Bəs nəticə nədən ibarətdir, niyə zərərə uğradıq, bunları demirlər".
250 milyonluq layihələr səhmdara 0.5 faiz qazandırıb
Cənab Babalı cəmiyyətin gördüyü işlər barədə də danışdı: "Təkcə keçən il müəssisə toplam 33 xarici və yerli layihə icra edib. Söhbət həmin vaxt başlanmış və davam edən layihələrdən gedir. 2013-cü ildə Avtovağzal metrostansiyasının tikintisində 20 milyonluq iş görüblər. Ümumilikdə isə əvvəlki illərlə birlikdə orada məbləğ 97.2 milyon manat olub. 34.5 mln. manatla Əcəmi-2 stansiyasının tikintisində iştirak ediblər, ümumilikdə 65.9 milyon manatlıq iş görülüb. Salyan körpüsündə 8,3 milyonluq layihə icra ediblər, görülən işlərin dəyəri ümumilikdə 25 milyon manat olub. Şirvan şəhərində körpü inşa ediblər, layihənin dəyəri 10.8 milyon manatdır. Orada da toplam 13.3 milyon manatlıq iş görülüb. Abşeron magistral kanalının tikintisində keçən il 10.5 milyon manatlıq, toplam 19.1 milyon manatlıq, Pirallahı adasında körpünün inşasında 10.9 milyon manatlıq iş görülüb. Ələt-Biləsuvar avtomobil yolunun tikintisi yeni başlayıb. Bir sıra layihələrin də keçən il 1-2 milyon manat dəyərində davamı olub".
Qeyd edim ki, Özbəkistan saytlarında da şirkətin keçən il Buxara vilayətində avtonəqliyyat yolunun rekonstruksiyası üçün hökumətlə dəyəri 66.5 milyon dollar müqavilə ilə işə başladığı bildirilib. Bu rəqəmlərin toplam həcmi 150 milyon manatdan çoxdur. Tanıdığım bir tikinti müəssisəsinin rəhbəri deyirdi ki, adətən tikinti şirkətləri ümumi işin 20-25 faizini özünün qazancı kimi götürür. Cənab Babalı keçənilki dövriyyənin 252 milyon manat olduğunu deyir. Layihələrin beşdə bir hissəsini müəssisənin qazancı kimi götürsək, bu hesabla ortada 50 milyon manatlıq bir rəqəm alınır.
Müəssisənin web-saytında Qazaxıstan, Rusiya, Ukrayna və Türkiyə kimi ölkələrdə filiallarının olduğu qeyd edilir, ümumilikdə 46 layihə barədə məlumat verilir. Layihələrə aid əhəmiyyətsiz bilgilər detallı yazılsa da, nədənsə vacib olan qiymətləri göstərilməyib. Bunlar tenderlə qazanılan layihələrdir, zərflər açılandan sonra görülən işin qiyməti kommersiya sirri sayılmır. Bir də bizim iş adamları unudurlar ki, Azərbaycandan fərqli olaraq, xarici ölkələrdə həyata keçirilən dövlət əhəmiyyətli layihələrin qiymətləri onların yerli mətbuatı və web-saytlarında yerləşdirilir. Biz istədiyimiz vaxt ölkədən kənarda gördükləri işin dəyərini internet vasitəsilə asanlıqla öyrənə bilərik. Bir sözlə, rəqəmləri cidd-cəhdlə gizlətməyə ehtiyac yoxdur. O da maraqlıdır ki, bu boyda müəssisənin web-saytında səhmdarları haqqında bir cümlə də olsun yoxdur. Eləbil ki, "Evrascon" yalnız 5-10 nəfər rəhbərlikdən ibarət SC-dir.
Hesabatını dərc etmək öhdəliyi olan ASC
H.Babalı deyir ki, vaxtilə "Evrascon"da 712 səhmi olub. Bu gün isə bazarda müəssisənin səhmini 25 manata satın almaq mümkün deyil. Düzgün qiymətləndirmə olsa, balans göstəricilərinə baxılsa, müəssisənin səhminin real dəyəri 600 manatdan yuxarıdır. Söhbət həmin səhmin arxasında dayanan puldan, bölüşdürülməmiş mənfəətdən gedir. Əgər mənfəət tam bölüşdürülmüş olsaydı, bu il hər səhmə 20 manat verilməliydi. Müəssisədən səhmdarlara illik hesabatı dərc edəcəklərinə söz veriblər: "Hesabatların açıqlanmaması ilə bağlı böyük cərimələr müəyyən olunub, dərc edilmə qaydalarını qanunvericilik aktları tənzimləyir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qaydalarına görə, illik hesabatda həmin məlumatların konkret hansı mətbu orqanda dərc olunacağı göstərilməlidir. Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara əsasən, əgər şirkətin web-saytı varsa, illik hesabatını orada yerləşdirməlidir. Amma buna əməl edən yoxdur. Hər iki nəzarət orqanı isə özbaşınalığa göz yumur. Mənim müşahidəmə görə, bank və sığorta şirkətləri xaric, 10-a yaxın cəmiyyət illik hesabatını qanunvericiliyin tələbinə uyğun açıqlayır. Biri auditor rəyi olmadan, o biri mühasibat uçotu standartlarından kənar qaydada dərc etdirir. Mülki Məcəllə müəyyən edir ki, illik hesabatını dərc etməyən sahibkar məsuliyyət daşıyır. İclasın keçirilməsindən hesabatın açıqlanmasına qədər olan müddət 30 gündür. Onlara da təklif etdim ki, hesabatı sayta qoysunlar. Bizə ancaq dövriyyə barədə rəqəm deyilir. Amma bunları nəynən qazanmışıq? Bizim asfalt-beton zavodumuz, icarəyə götürdüyümüz qum-çınqıl karxanaları, yüzlərlə texnikamız var. Pərdəarxasında hansısa texnikanı satırlar və hesabatını da vermirlər. Onlara bir texnikanın satış qiyməti ilə bağlı müraciət etdim, 70 min manata qədər rəqəm göstərdilər. Satışın nəticəsini biz cəmiyyətin gəlirlərində görmədik. Məsləhətləşmə yoxdur, avadanlıqların satışına idarə heyəti özü qərar verir. Əgər o avadanlıqlar ümumi yığıncağın qərarı ilə inkişafa yönəldilən vəsaitdən alınıb və köhnəsi silinibsə, eynilə onu satanda da bizimlə məsləhətləşməlidirlər. Müəssisənin qazancı görülən işlərdəndir. Ona görə deyirlər ki, "işimiz həmişə olmadığından mənfəətin hamısını bölə bilmərik, sement zavodu deyilik ki, istehsalla məşğul olub daim gəlirə ümid edək". Bunlar bəhanədir. Görəcəkləri iş həcmini əvvəlcədən bilirlər. Biz gördük ki, "Evrascon"da vəsaitlərdən qeyri-səmərəli istifadə mövcuddur".
Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq!