Binəqədinin icra başçısı qoçu saxlayır? - İDDİA
13-05-2015, 00:17
Son olaraq iki Qarabağ əlilinin Binəqədidə, polis bölməsinin inzibati binası qarşısında intihara cəhd etmələri hakimiyyətin yuxarı instansiyasında səbr kasasını doldurub.
Artıq uzun müddətdir mətbuatda Binəqədi İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rayonda yaratdığı gərgin ab-hava ilə bağlı yazılar dərc olunur. Başçı bir müddət əvvəl mətbuatda gedən yazıların qarşısını almağa nail olsa da, hazırda vəziyyət başqa istiqamətə dəyişib. Qeyd edək ki, yazılanların əksəriyyəti vətəndaşların narazılıqlarını özündə ehtiva edir. Belə ki, əllərində torpaq sənədi olan insanlardan ev tikintisinə icazə almaq üçün külli miqdarda rüşvət tələb olunur. Vətəndaş məbləği vermədiyi təqdirdə, icra hakimiyyətinin qeyri-rəsmi əməkdaşlarının - mütəşşəkil qoçu dəstəsinin müdaxiləsi ilə üzləşir.
Mətbuatda yer alan məlumatlara əsasən bir çox vətəndaşların tikililəri məhkəmə qərarı olmadan dağıdılaraq onlara külli miqdarda ziyan vurulub. Bütün bunlar narazı vətəndaş kütləsinin yaranmasına və böyüməsinə şərait yaradır. Xatırladaq ki, prezident İlham Əliyev çıxışlarında icra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə tapşırıq verməsi haqqında fikirlər səsləndirir. Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir. Vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olan Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır.
Redaksiyamıza daxil olan məlumata görə qohumunun rayonda yaratdığı özbaşınalıq nazirə də başağrısı olub. Məlumata əsasən bu barədə ona xəbərdarlıq edilib.
Həmçinin daxil olan məlumatda göstərilir ki, hazırda Xaləddin İsgəndərovun rayonda yaratdığı vəziyyət qarşısı çətin alına biləcək sosial partlayışa səbəb ola bilər. Belə ki, rayonda narazı vətəndaşların sayı günbəgün artır. Bu isə baş verə biləcək qarşıdurmalar baxımından olduqca təhlükəli tendensiyadır. Bildirilir ki, icra başçısının özünün birbaşa rəhbərlik etdtiyi mütəşşəkil dəstəninin sakinlərdən reket yolu ilə pul toplaması haqqında istər yuxarı dairələrə, istərsə də mətbuata edilən şikayətlərin ardı arası kəsilmir. Qeyd edək ki, həmin dəstə Binəqədi rayonunda ev tikən imkansız insanlardan zorla icazə üçün 5000 manatla 20000 manat arasında rüşvət tələb edirlər. Həmin mütəşşəkil dəstəninin üzvlərinin adlarını isə bir müddət əvvəl AzFakt.com dərc etmişdi.
Əldə etdiyimiz məlumata görə bir müddət əvvəl iki Qarabağ əlili Binəqədidə, polis bölməsinin inzibati binası qarşısında intihara cəhd ediblər. Soyuq silahla özlərinə xətər yetirən həmin Qarabağ əlillləri xəstəxanada yerləşdiriblər və sonradan səs-küy yaranmasın deyə intihara cəhdin üstü ört-basdır edilib. Əlillər ev tikdiklərinə görə icra başçısının qoçularının onlardan qanunsuz şəkildə pul tələb etmələrinə etiraz ediblər. Həmin əlillərə söz verilib ki, onların problemi həll olunacaq. Yəni ev tikmək üçün onlardan qanunsuz pul tələb olunmayacaq.
Redaksiyamızın etibarlı mənbələrdən əldə etdiyi məlumatlara görə, yaxın günlərdə Xaləddin İsgəndərovla bağlı konkret qərar verilə bilər. Belə ki, artıq Hesablama Palatasının Binəqədi İcra Hakimiyyətini yoxlayacağı bildirilir. Eyni zamanda X.İsgəndərov haqqında mətbuatda gedən yazılardan ibarət dosye aidiyayatı qurumlar tərəfindən araşdırılmağa başlanılıb. Artıq ortada konkret faktların olduğu və Xaləddin İcgəndərov üçün heç də ürəkaçan olmayan qərarın veriləcəyi qeyd olunur. Sadəcə olaraq, Avropa Oyunlarının yekunlaşması gözlənilir.
Qeyd edək ki, bir çox mətbu orqanlarda Xaləddin İsgəndərov haqqında ilginc məlumatların dərc olunmasına start verilib. Bu isə yuxarıda qeyd etdiklərimizin real olduğuna bir işarədir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.