Milyonlar hesabına salınmış park məhf olur - Sabunçuda
13-05-2015, 10:12
Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində "Ecoland" parkı ötən ilin may ayında istifadəyə verilib. Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin çirklənmiş ərazisinin reabilitasiyası Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həvalə edilib və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssislərinin iştirakı ilə həyata keçirilib.
Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli maddələr, kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi layihəsi əsasında salınan parkın ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə geniş yaşıllıq zolağı salınaraq, müxtəlif dekorativ ağaclar əkilib. Uşaqların istirahəti üçün ayrıca oyun sahəsi, açıq havada idmanla məşğul olmaq üçün trenajorlar quraşdırılıb. Parkın ərazisində müasir işıqlandırma sistemi qurulub və fəvvarə kompleksi yaradılıb. Amma...
Parkın 1 il öncə açılışı edilib və Sabunçu rayon İcra Hakimiyyətinin ixtiyarına verilib. İcra Hakimiyyəti isə zibillikdən gözəl parka çevrilən bu ərazini qoruya bilmir. Belə ki, parkda əkilən ağaclar susuzluqdan quruyub, yerə döşənmiş dağ örtüklər dağılıb, yaşıllıqların yerini isə tikanlar, kolluqlar əvəz edib. Parkın tam ortasında düzəldilmiş fəvvarə isə işləmir.
Sadəcə, 1 ildir ki, fəaliyyət göstərən parkın bu vəziyyəti heç də ürəkaçan deyil. Baxımsızlıqdan əziyyət çəkən parkda demək olar ki, qurumayan ağac yoxdur. Parkın bir il öncə hər tərəfi yaşıl otlarla bəzədilən ərazisini indi tikanlar, kol-koslar basıb.
Fəvvarəyə isə üfunət iyindən yaxın durmaq olmur. Və sonuncu dəfə nə vaxt çalışdığı məlum deyil. Fəvvarənin içi zibillə doludur. Suyundan isə kanalizasiya qoxusu gəlir.
Parkda istirahət edənlərin sayı barmaqla sayılacaq qədərdir. Bu da normal haldır. Havaların isti bir vaxtında burada oturmaq, insan sağlamlığı üçün çox təhlükəlidir. Çünki parkda kölgəlik yoxdur. Skamyalara birbaşa Günəş şüası düşür. Buna baxmayaraq parkda söhbətləşə biləcəyimiz bir neçə nəfər tapdıq.
İlk olaraq, balaca bir kölgəlik tapıb, yanındakı skamyada əyləşən Xəqani Qasımov adlı rayon sakini ilə danışdıq. X.Qasımov deyir ki, park salınandan bəri burada təmizlik işlərinin aparıldığını görməyib: "Bura əvvəllər radiasiya bölgəsi idi. Lövhədə də buranın əvvəlki halı göstərilib. Sonra burada qısa müddət ərzində park saldılar. Keçən il açılışı da oldu. Amma hər şey bununla da bitdi. Nə ağaclara su verən var, nə də təmizliyə baxan... Mən hələ burada təmizlik işləri görən bir nəfərə də rast gəlməmişəm. İndi də yorulmuşdum deyə, burada oturdum, ayaqlarımı uzatdım. Bu boyda parkda yeganə kölgə yerdir. Onsuz da ağaclar təzə əkilib. Onlar da su verilmədiyi üçün quruyub. İki dənə başı yolunmuş ağac qoyublar. Onun da nə mənası var, anlamıram".
Faiq Vəliyev isə hər şeyin günahını yerli bələdiyyədə və İcra Hakimiyyətində görür: "Bələdiyyə və İcra Hakimiyyəti deyəsən, buranı unudub. Həm də çox tez unudublar. Gül kimi parkın halına baxın, görün, nə hala qalıb? Belə şey olar? Hazır parkdır, düzəldib, veriblər. Amma baxan yoxdur. Arada bu ağacların ətrafını təmizləsələr, su versələr, fəvvarəni təmizləyib, işə salsalar nə olar ki..? Böyük işdir, ya çox çətindir? Gündüz oturmaq üçün kölgəlik yoxdur, gecə də buraya heç kim gəlməz. Çünki işıqların çoxsu yanmır. Parkdakı yabanı otlar, alaqlar təmizlənmədiyi üçün burada ilanlar da var. Buna görə də, oğlumu bu parka gətirmirəm".
Özünü təqdim etməyən parkın görəvlisi isə bizə belə dedi: "Parka daim nəzarət edirik. Təmizləyirik. Ağaclar da sulanır. Amma yenə də mümkün deyil. Ağaclar quruyur".
Çox maraqlıdır. Buranın baxımsız olmasını görmək üçün parka qısaca göz gəzdirmək belə, bəs edir. Ya biz fərqli gözlə baxırıq, ya da onlar tez-tez başqa parkı təmizləyir və qulluq edirlər.
Onu da qeyd edək ki, parkın yaxınlığında neft mədən sularının, eləcə də ətrafda yaşayan insanların evlərinin kanalizasiya sularının axıdıldığı göl də var. Göldən ətrafa çox pis qoxu yayılır.