Təqaüdünü Səlim Müslümova bağışlayan şəhid anası – DSMF-nin Bərdə firildağı
26-05-2016, 12:19
Bərdə rayonu, Mustafaağalı kəndinin sakini Muradova Əsli Həmid qızı tərəfindən Miq.az-a daxil olan şikayət məktubunu oxuculara təqdim edirik:
Şəhid anası Əsli Muradovanın təqaüdü niyə azaldıldı?
21.05.2016-cı ildə şəhid anası Əsli Muradova bankomatdan təqaüdünü çıxaran zaman həmişə aldığı 258 manat məbləğin yerinə 164 manat sayıb. O, azalan məbləğin Kapitalbankdan götürdüyü kreditin aylıq ödənişinin yerinə tutulduğunu zənn edib.23.05.2016-cı ildə Kapitalbanka müraciət edərkən təqaüd kartından kreditin ödənişi üçün hər hansı əməliyyatın aparılmadığı bildirilib. Bərdə ƏSMM-nin mühasibi Rauf müəllimə müraciət edəndə, O, mərkəz tərəfindən bu barədə məlumat olmadığını, DSMF-nin Bərdə şöbəsinə müraciət etməyi məsləhət görüb. Əsli Muradovaya DSMF-nin Bərdə şöbəsində təaqaüdün azaldılmasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi olduğu bildirilib. Deyiblər ki, şəxsiyyət vəsiqənin surətini gətir və ərizə yaz, DSMF-nin qulluqçusu Əziz müəllimə ver!
Miq.az-a şikayət məktubu göndərən Şəhid anası Ə.Muradova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona qarşı verdiyi bi qərarı qisas addımı adlandırır. 2008-ci ildən 2014-cü ilədək özünün xəbəri olmadan ƏƏSM nazirliyinin Bərdə Sosial Təminat Xidmətindən adına vəsait yönəldilərək götürülüb. 2015-ci ilin yayında isə işdən xəbər tutanda ona pulu almısan, ödəməlisən deyib, şərləməyə başlayıblar. Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyi səviyyəsində belə böhtan xarakterli açıqlama ilə içtimaiyyəti aldadan məlumatlar yayıblar. Prezidentə, millət vəkillərinə müraciətlərdən sonra Respublikanın Baş Prokurorluğunda aparılan araşdırmalar adı çəkilən qurumun mövqeyini dəyişdirdi. Əsli Muradova Bərdə STX-nə dəvət olunaraq pulu alan adamların bankomatlardan təsvirlərinin əldə olunduğu, onun alınan pullarla hər hansı əlaqəsinin olmadığı bildirildi.
Həmin görüşdə Əsli Muradovanın şəhid anası kimi təqaüdçü olduğuda dəqiqləşdirilib. Siz şəhid anası kimi təqaüd alırsınızmı?- deyə xidmətin mühasibi Rauf müəllim soruşub.
Şəhid anası Əsli Muradova Hepatit xəstəsidir. Başında yaranan şiş xəstəliyindən əziyyət çəkir.Son dörd ildə isə xüsusilə müntəzəm olaraq həkim nəzarətində olub. Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyinin rəsmisi Elman Babayevin ictimaiyyətə şər və böhtandan ibarət verdiyi açıqlamalardan sonra xüsusilə səhhətində ciddi geriləmələr müşahidə olunur. Aprel ayında növbəti müalicə kursunun vaxtı olduğu halda O, bunu etməyib. Daha doğrusu bundan imtina edib.
Əsli Muradova DSMF-nin Bərdə rayon şöbəsinə gedib, təqaüddən imtina etmək fikrində olduğunu bildirir. Uzun illər 30 ildən artıq müddətdə təsərrüfatda zəhməti hesabına, günün, yağışın altında kolxozda can qoyduğu illərin əmək stajından yaranan təqaüdünü də Əmək və Əhalinin Sosial müdafiəsi Naziri Səlim Müslümova bağışladığını deyir.