Samir Şərifov Ruslan Hacıyevin əyri işlərinə niyə göz yumur? - İTTİHAM VAR
26-05-2016, 18:13
Bildiyiniz kimi, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin yerlərdə fəaliyyət göstərən idarə və şöbələri qeyd olunan işləri yerinə yetirməyə borcludur. Ancaq təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bəzi hallarda yerli maliyyə idarələrinin rəhbər şəxsləri üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ bilmirlər. Gundelik-baku.com-a verilən məlumatlarda bildirilir ki, həmin şəxslərdən biri də Quba rayon Maliyyə İdarəsinin müdiri Ruslan Hacıyevdir. Məlumat üçün demək istəyirik ki, Ruslan Hacıyev bu vəzifəyə qədər rayonda bir neçə postda təmsil olunub. Belə ki, o rayonun keçmiş rəhbərliyinin dövründə icra başçısının iqtisadi məsələlər üzrə müavini işləyib. Bundan öncə isə o Quba Şəhər İcra Nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərib. Məlumata görə, Ruslan Hacıyevin atası Xaçmaz Asfalt Zavodunun direktoru İsgəndər Hacıyevdir. Elə ata Hacıyevin bu imkana sahib olması, onun oğlu üçün Qubada yaşıl işıqların yanmasını şərtləndirib. İddialara görə, Ruslan Hacıyev Qubanın icra başçısının müavini işlədiyi vaxtlarda onun atası rayonun bəzi yollarının asfaltlanma işini öz öhdəsinə götürüb. Başqa sözlə desək, oğlunun bu vəzifəyə təyin olunmasının əvəzini belə yolla çıxıb. Redaksiyamıza daxil olan məlumatlara görə, ata və oğul Hacıyev Qubada, ümumiyyətlə şimal zonasında ən imkanlı şəxslər kimi tanınır: «Maliyyə idarəsinin müdirinin rayonda onlarla ticarət obyekti, həmçinin böyük bazarı var. Bu bazarda piştaxta 350 manata satılır. Ticarətçilər bu pulu ödəyib yerə sahiblənirlər, üstəlik hər gün 5 manat yer haqqı verirlər. Ruslan Hacıyev Quba Maliyyə İdarəsinə müdir təyin olunandan sonra özbaşına əməllərini birəbeş artırıb. Belə ki, o büdcə təşkilatlarının rəhbərliylə anlaşaraq, onlar üçün büdcə hazırlayır. Həmin hazırlanmış büdcədə məbləğlər məqsədli şəkildə şişirdilir. Belə ki, idarə müdiri ötən ilə nisbətən 100 min manat artıq pul almaq istəyirsə, bunun üçün 20 min manatından keçməlidir. Bəzən isə bu rəqəm 50 min manata qədər qalxa bilir. Deyilənə görə, idarə müdiri həmin pulları nağd almadan heç bir sənədi təsdiqə göndərmir. Üstəlik, bunun üçün yuxarılara da pul verdiyini iddia edir. Bundan başqa, kəndlər üzrə ayrılmış vəsaitlərin, xüsusən də ərzaq alınması üçün ayrılmış pulların böyük qismi idarə müdiri tərəfindən başqa səmtlərə istiqamətləndirilir. Hətta vəziyyət o həddə çatıb ki, Ruslan Hacıyev rayonun səhiyyə və təhsil sektoruna ayrılan vəsaitlərə də şərik çıxıb. Hələ bu harasıdır ki. Hacıyev bələdiyyə sədrləriylə anlaşaraq onlara ayrılmış dotasiyanın müəyyən hissəsini özünə götürür». Mənbəmiz bildirir ki, idarə müdiri bir sıra əyri işlərə imza atsa da, Maliyyə Nazirliyinin rəsmiləri onun bu əməllərini görməzdən gəlirlər: «Bu məmurun yarıtmaz fəaliyyəti rayonun bir çox qurum və müəssisələrinin işinə neqativ təsirsiz ötüşmür. Belə ki, bütün idarə və təşkilatları onlar üçün ayrılmış dövlət vəsaitlərini yalnız maliyyə idarəsinin müdiri tərəfindən təyin olunmuş məbləğdə «şirinlik» ödəndikdən sonra almaq imkanı əldə edirlər». Başqa bir məlumata əsasən, atasının və özünün maliyyə imkanlarına güvənən Ruslan Hacıyev Qubanın icra başçısı Yaşar Məmmədovun yerinə keçməyə can atır. Bu məsələnin təfərrüatı və idarə müdirinin başçının arxasınca hansı ifadələri işlətməsi barədə tezliklə geniş məlumat verəcəyik. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.