Mübariz Quliyev «Çənlibel» istirahət mərkəzini niyə «vurmaq» istəmir?
27-05-2016, 11:15
Sabirabadın polis rəisi burda cərəyan edən iyrəncliklərə göz yummaqla əxlaqsızlıq yuvasının fəaliyyətinin genişlənməsinə şərait yaradır Obyektin sahibi Seyid Abbas isə cəzasızlıqdan istifadə edərək onlarla gənc qızın həyatını məhvə sürükləyir Sabirabad rayonunda yerləşən «Çənlibel» istirahət mərkəzində əxlaqsızlıq yuvasının təşkil edilməsi barədə xəbər vermişdik. Bildirmişdik ki, Sabirabadın mərkəzi bazarının sahibi Seyid Abbasa məxsus olan istirahət mərkəzində qadın ticarəti açıq-aşkar şəkildə tüğyan edir və bunun nəticəsində obyektin sahibi ayda külli miqdarda gəlir götürür. «Bura bir növ regional əxlaqsızlıq yuvası sayılır. Belə ki, Şirvan, Saatlı, Hacıqabul, Salyan və Neftçala rayonlarının sakinləri məhz bura gəlib əxlaqsız qızlarla intim əlaqəyə girirlər. İstirahət mərkəzində hər gün sıxlıq müşahidə olunur. Müştərilərin çoxu əvvəlcədən yer sifariş edib gəlirlər. Burda otaqların qiyməti müxtəlifdir. Məsələn, bir otaqlı kottecin 3 saatı 40 manatdan başlayır. Daha şəraitli otaqların 3 saat üçün nəzərdə tutulan qiyməti isə 60-70 manat civarında dəyişir. Əgər müştəri gecəni səhərə kimi burda qalmaq istəyirsə, o zaman 100 manat ödəməlidir. Sabirabad və ətraf rayonlarda «Çənlibel» təhlükəsiz məkan kimi tanınır. Çünki polis əməkdaşları obyektin fəaliyyətinə müdaxilə etmir. Seyid Abbas isə hər yerdə deyir ki, heç kim mənim obyektimi bağlaya bilməz, mən lazım olan şəxslərə aylıq verirəm», deyə həmin yazılarda qeyd olunmuşdu. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, sözügedən istirahət mərkəzində yaşanan acınacaqlı vəziyyət haqqında silsilə məqalələr yayımlasaq da, Sabirabad Rayon Polis Şöbəsinin və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən hələlik heç bir reaksiya verilməyib. Məhz bu cəzasızlıqdan ürəklənən əxlaqsızlıq yuvasının sahibi Seyid Abbas gənc qızların cinsi istismarının daha intensiv xarakter almasına şərait yaradıb: «Bu istirahət mərkəzində boş otaq tapmaq çox müşkül məsələdir. Gərək müştərilər ya 1 gün əvvəlcədən, ya da 5-6 saat qabaqdan zəng vurub yer sifariş etsinlər. Sabirabada yaxın rayonların gənclərinin əksəriyyəti cinsi tələbatlarını yerinə yetirməkdən ötrü məhz bura gəlirlər. İstirahət mənkəzində təxminən 20-yə yaxın otaq fəaliyyət göstərir. Bu otaqlar günün hər saatında dolu olur. Müştəri sıxlığını görən əxlaqsızlıq yuvasının rəhbərliyi bir müddət əvvəl qiymətləri 40 manatdan 50 manata qaldırıb. İndi «Çənlibel»də ən ucuz otağın 3 saatlıq qiyməti 50 manatdan başlayır. Bu günlərdə obyektdə daha bir «yenilik» baş verib. Belə ki, əgər əvvəllər müştərilər yalnız özləri ilə qız gətirə bilirdilərsə, indi obyektin özündə qədim peşə sahibləri bura gələn qonaqlara təklif olunur. Deyilənə görə, Seyid Abbasın adamları ölkənin ucqarlarına gedərək orada imkansız ailələrlə «anlaşıb» azyaşlı qızları bura cəlb edirlər. Həmin qızların əksəriyyəti bakirə olur. Belə qızlar müştərilərə daha baha qiymətə təklif olunur. Bir sözlə, «Çənlibel» istirahət mərkəzində biabırçı vəziyyət hökm sürür. Rayon Polis Şöbəsinin rəhbərliyi isə hələ də bu iyrənc mənzərələrə seyirci mövqe nümayiş etdirir». Əldə etdiyimiz məlumatlarda həmçinin deyilir ki, Seyid Abbas aşkar şəkildə qadın ticarətini himayə etsə də, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər işçilərindən qətiyyən çəkinmir: «O hər yerdə deyir ki, «polis mənə nə edə bilər ki? Hər ay haqqını verib işimi görürəm». Obyekt sahibi onu demək istəyir ki, əxlaqsızlıq yuvası saxladığı üçün rayonun polis rəisinə və digər aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə nəysə verir. Sizdən xahişimiz budur ki, bir gün vaxtınızı ayırıb gəlib «Çənlibel»in fəaliyyəti ilə yaxından maraqlanasınız və buradan reportaj hazırlayasınız». Qeyd edək ki, Sabirabad rayon sakinləri bizi bundan öncə də bir neçə dəfə rayona dəvət ediblər. Lakin biz hər dəfəsində ümid etmişik ki, yazdığımız məsələlər Sabirabad RPŞ-nin rəhbərliyi, xüsusi olaraq rəis Mübariz Quliyev tərəfindən araşdırılıb müvafiq tədbirlər görüləcək. Əfsuslar olsun ki, rayonun polis rəisi hələ də heç bir reaksiya vermir. Odur ki, biz sakinlərin xahişi əsasında tezliklə «Çənlibel»dən reportajlar hazırlayacağıq. Bizi izləyin.
/gundelik-baku.com