Kərəm Mustafayevin qardaşı hərbini çapıb-talayır, hərbçiləri öz obyektlərində qul kimi işlədir, söz deyən olmur, amma...
28-12-2022, 09:56

Naxçıvanda hərbçilərin avtomobil sürmələrinə uzun illərdir ki, qadağa qoyulub. Bu qadağanı pozanların avtomobilləri həbs olunur, özləri isə cəzalandırılır. TEREF.AZ yazır ki, Naxçıvan sakini Günel Mustafayeva" Gündəlik Naxçıvan"a bildirir ki, ürəyində qüsur olan uşaqlarını tez-tez həkimə aparmalı olduqlarından, hərbçi olan həyat yoldaşı avtomobil almaq qərarına gəlib. Bir müddət sonra Naxçıvan Əlahiddə Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev bundan xəbər tutub və onu ağır maddə ilə işdən qovub:
"Yoldaşım Ramil Mustafayev 9 il Naxçıvan ordusunda MAXE işləyib. İki uşağımızdan birinin ürəyində anadangəlmə qüsur var. Onu tez-tez həkimə aparmalı olurduq. Uşaq bəzən gecələr narahat olduğundan, maşın tapmaqda çətinlik çəkirdik. Məcbur qalıb, borc-xərc edib, maşın aldıq ki, narahat olanda, uşağı vaxtında həkimə çatdıra bilək. Masin aldigimizi eşidən Kərəm Mustafayev yoldasimi işdən çıxardı. Bu azmis kimi hərbi biletinə elə maddə vurdu ki, ona heç yerdə iş verməsinlər. Dəfələrlə heç olmazsa, maddəni sildirmək üçün onun qəbuluna getsə də, geri göndərdilər. Dedilər ki, sevin ki, həbs olunmamısan".
Günel Mustafayeva deyir ki, işsizlik ucbatından Bakıya köçməli olublar. Burada da münasib iş tapa bilməyən həyat yoldaşı günü 15 manata fəhləliyə başlayıb:
"Uşağın dərmanlarını almaq üçün məcbur qalıb bu işi seçdi. İstirahət günləri yoxdur. 450 manat maaşdan həm kirayə ödəməliyik, həm uşağı dərmanları, həm də dolanışıq. Bir sözlə, sürünürük. Bir həftə öncə yoldaşım borc edib, bir də Naxçıvana getdi ki, bəlkə maddəni sildirə. Yenə qəbul etmədilər. Bir maşın üçün bu maddəni vurmaq hansı qanuna sığır? Harada yazılıb ki, hərbçi özünə maşın ala bilməz? Onlar kimi dövlətin malını yeməyib, rüşvət almayıb. Kərəm Mustafayevin qardaşı hərbini çapıb-talayır, hərbçiləri öz obyektlərində qul kimi işlədir, söz deyən olmur. Onlar niyə cəzalandırılmır, niyə göz yumulur etdiklərinə?"
Günel Mustafayeva prezident İlham Əliyevə müraciət edərək, həyat yoldaşının işə bərpa olunmasını xahiş edir.