Hacıbala Abutalıbovun qohumuna “tərs sillə”
8-04-2015, 15:41
Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit aparıb.
Palatanın hesabatında qeyd olunur ki, reklam lövhələrinin yerləşdirilməsinə icazə verilən kommersiya obyektləri üzrə reklam yayımı tariflərinin rəsmiləşdirilməsi zamanı reklam daşıyıcılarının yerlərinin differensiallaşdırılması müvafiq normativ aktlarda təsbit edilmiş kateqoriyalara (yerlərə) tam şəkildə həyata keçirilməyib. Eyni zamanda, dövlət mülkiyyətində olan torpaqların, binaların və digər obyektlərin uçotu aparılmayıb. Bir neçə küçədə reklam lövhələri vasitəsi ilə reklam yayımının həyata keçirilməsi Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) qaydaları"nın tələblərinə əməl edilməyərək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Küçə reklamı lövhəsinin yerləşdirilməsinə icazə sənədinin forması" məzmununa uyğun olmayaraq bir icazə sənədi əsasında rəsmiləşdirilib. Ayrıca dayaqlı müxtəlif reklam daşıyıcılarının yerləşdirilməsinə icazələrin verilməsi üçün tələb olunan və qəbul edilən reklam daşıyıcılarının layihələri və eskizləri bütün hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməyib. 2014-cü ildə küçə reklamı üzrə aparılan 199 əməliyyat üzrə 13 930 manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi təmin edilməyib, həmçinin reklam işlərinin görülməsi zamanı müvafiq qanunvericilik aktlarının tələbləri gözlənilməyib. Nəhayət, Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yaxın qohumunun rəhbərlik etdiyi Reklam və İnformasiya İdarəsində mövcud olan maliyyə pozuntularını və digər qanundankənar halları aşkara çıxardı. Xatırladaq ki, biz hələ bir neçə ay öncə Əli Əsgərovun rəis əvəzi olduğu idarənin fəaliyyətinə toxunmuş və ciddi maliyyə itkilərinə şərait yaradıldığını yazmışdıq. BŞİH rəhbərliyi, eləcə də digər aidiyyəti qurumların rəsmiləri isə yazdıqlarımızı qulaqardına vuraraq rəis əvəzinin barəsində ölçü götürməmişdilər. Bu gün isə vəziyyət xeyli fərqlidir, artıq Hesablama Palatası idarədə hökm sürən problemləri üzə çıxarıb və Əli Əsgərovun gələcək karyerası sual altına düşüb. Məlumat üçün bildirək ki, sözügedən qurum Bakı şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanıdır. Reklam və İnformasiya İdarəsi qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir, şəhər ərazisində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcıları ilə müqavilələr bağlayır, küçə reklam daşıyıcılarının uçotunu aparır, dövlət və qeyri-dövlət, bayram, işgüzar, idman və digər tədbirlərin təşkilində iştirak edir, idarənin maliyyə-təsərrüfat fəaliyyəti və görülən işlərin tərkibi, kəmiyyəti, keyfiyyəti barədə statistik hesabatlar hazırlayır, təhlil edir, təkliflər verir. Bizdə olan məlumatlara görə, ölkəmizdə reklam bazarının illik dövriyyəsi 100 milyon manata yaxındır. Bunun 40 milyon manatı mediada, əsasən də telekanallarda gedən reklamların payına düşür. Qalan 60 milyon manatlıq reklam dövriyyəsi isə küçə reklamının payına düşür. Bakı Şəhər İcra Hakimiyyətinin illik reklam gəliri isə təxminən 40 milyon manatdan çoxdur. Yayılan məlumatlara görə, idarənin rəis əvəzi Əli Əsgərov qurumun büdcəsinə yığılan gəlirlərin uçotunu düzgün aparmır və həmin məbləğin çox böyük bir hissəsi büdcədən yayındırılır. Eyni zamanda, Hacıbala Abutalıbovun qohumu sahibkarlara əsassız problemlər yaradır. Belə ki, sahibkarlar Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin müfəttişləri üçün potensial gəlir mənbəyidir. Qeyd edək ki, bir müddət əvvəl mətbuata üz tutan Bakı şəhərinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 2563 ünvanında yerləşən və şirniyyat satışı ilə məşğul olan kiçik mağazanın sahibi Əliyev Qabil Telman oğlu Reklam və İnformasiya İdarəsinin müfəttişi A.Məmmədovun onun işlətdiyi "Xonça Butik" adlı mağazaya gələrək rəsmi xəbərdarlıq təqdim etdiyini bildirib. Müfəttişin xəbərdarlığında göstərilir ki, mağazanın adını bildirən lövhə reklam daşıyıcısı kimi qeydiyyatdan keçirilməlidir. Əks halda, lövhə söküləcək, mağaza sahibinə qarşı isə İnzibati Xətalar Məcəlləsinin 221.5-ci maddəsi ilə tədbir görüləcək. Sahibkar isə qanunları yaxşı bildiyindən reklam müfəttişinin bu xəbərdarlığının qanunsuz olduğunu müəyyən edib və müfəttişin xəbərdarlığının ertəsi günü Bakı ŞİH Reklam və İnformasiya İdarəsinin rəisinə şikayət ünvanlayıb. Şikayətdə bildirilir ki, müfəttişin tələbi qanunsuzdur. Çünki Azərbaycan prezidentinin 03 noyabr 2001-ci il tarixli, 596 saylı fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə verilməsi qaydaları"nın 2.2-ci bəndinə əsasən onun mağazasının girişində mağazanın adını bildirən lövhə reklam daşıyıcısı hesab oluna bilməz. Həmin fərmanın müvafiq bəndində qeyd olunur ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir. İdarənin rəis əvəzi Əli Əsgərov isə sahibkarın müraciətinə cavabında prezidentin həmin fərmanından sitat gətirərək, obyektin önündə yerləşdirilmiş reklam lövhəsinin reklam daşıyıcısı hesab edildiyini bildirib. Halbuki, ölkə başçısının fərmanının müvafiq bəndində hər şey tam aydınlığı ilə göstərilib. Reklam və İnformasiya İdarəsinin müfəttişlərinin özbaşına əməllərinin qurbanına çevrilən sahibkarların sayı yüzlərlədir. Hesab edirik ki, Hesablama Palatasının idarədə qeydə alınan qanunsuzluqlarla bağlı cəmiyyətə açıqladığı faktlar bəzi məqamlardan xəbər verir. Özəl mənbələrin bildirdiyinə əsasən, idarədə aşkar edilən milyonluq yeyintilər Hacıbala Abutalıbovun qohumu Əli Əsgərovun karyerasının sonu ola bilər: "Qurumda mövcud olan qanun pozuntularının ictimailəşdirilməsi səbəbsiz deyil. Bu Əli Əsgərovun işdən çıxarılmasına və barəsində cinayət işinin açılmasına hazırlıq kimi qiymətləndirilə bilər. Ancaq hadisələri qabaqlamaq lazım deyil. Əli Əsgərovun barəsində hansı qərarın qəbul ediləcəyi yaxın günlərdə məlum olacaq. Onun həbs ehtimalı daha yüksəkdir".