SHXÇİ -nın işçilərinə qarşı korrupsiya ittihamı - Bu səfərbərlikdir ya...

15-05-2015, 12:49           
SHXÇİ -nın işçilərinə qarşı korrupsiya ittihamı - Bu səfərbərlikdir  ya...
Son vaxtlar redaksiyamıza Nərimanov rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntularından bəhs edən məlumatlar daxil olmaqdadır. Bu xüsusda bilgilərini bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, sözügedən idarədə bir sıra neqativ məqamlar, əsasən də imkanlı şəxslərin övladlarının müxtəlif yollarla “yararsız” kimi həqiqi hərbi xidmətdən yayındırma halları son zamanlar geniş vüsət alıb. Mənbə bildirir ki, şöbədə çalışan şəxslər hərbi xidmətə çağrılan imkanlı gənclərə müəyyən şərtlər daxilində onların hərbi xidmətdən yayınmalarına şərait yaradırlar. Aldığımız bir çox məlumatlarda vurğulanır ki, qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Açıqlamalarda Nərimanov rayon SHXÇ İdarəsinin rəisi Qəşəm Mahmudov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması prosedurunun son dərəcə təkmilləşdirildiyi iddia olunur. Belə ki, Qəşəm müəllim bu qənaətdədir ki, rüşvət alınan insanların sayı, belə maxinasiyalara görə ifşa olunub tutulmaq riski ilə düz mütənasibdir. Buna görə də bir neçə vətəndaşdan yığılacaq məbləği elə bir nəfər “etibarlı” şəxsdən almaq daha məqsədəuyğundur. Maraqlıdır ki, bu zaman idarə rəisi başqa xüsusda olan bir çox digər riskləri gözə almaqdan qətiyyən çəkinmir. Belə ki, bir müddət əvvəl aldığımız məlumatda erməni iş adamları ilə tərəfdaşlıq etdiyi iddia olunan Salman Hüseynovun oğlu Samir Hüseynovun hazırda Ukraynanın Vinnitsa şəhərində yaşadığı və oradakı Texniki Universitetin tələbəsi olduğu qeyd olunmuşdu. İşin maraqlı tərəfi isə Samir Hüseynova məhz Nərimanov rayon SHXÇ İdarəsi tərəfindən möhlət hüququnun verilməsidir. Bu hüququn hansı səbəbdən, hansı xəstəliyinə və ya qüsuruna görə verildiyi də məlum deyil. Əgər möhlət onun Vinnitsa Texniki Universitetində oxuması ilə bağlıdırsa, o zaman sual meydana çıxır: Təhsil Nazirliyi bu ali məktəbin diplomunu tanıyırmı? Vinnitsa Texniki Universiteti ilə hər hansı bir müqavilə varmı? Bizim dəqiqləşdirmələrə görə, Azərbaycan Təhsil Nazirliyi ilə VTU arasında heç bir əlaqə yoxdur və onların diplomları da tanınmır. Bəs görəsən Qəşəm Mahmudov hansı əsasla Samir Hüseynova möhlət hüququ tanıyıb? Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz dəfələrlə qeyd etmişik ki, son illər ərzində hərbi komissarlıq strukturlarında həyata keçirilən islahatlara və bu islahatların bir təzahürü kimi Rayon Hərbi Komissarlıqlarının səlahiyyətlərinin yeni yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) müvafiq rayon şöbələrinə verilməsinə baxmayaraq, bu qurumların da fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya aktları ilə müşayiət olunur. Əslində bir müddət əvvəl həyata keçirilən islahatlarla bağlı bu qurumların ətrafında dolaşan qalmaqallara son qoyulacağını gözlənyənlər də az deyildi. Lakin Səfərbərlik xidmətinin bir sıra rayon şöbələri öz fəaliyyətləri ilə keçmiş RHK-lar arasında hətta cüzi bir dəyişikliyi də hiss etdirmədi. Qeyd etmək

lazımdır ki, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy ümumiyyətlə Səfərbərlik xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlara dəlalət edir. Məhz bu səbəbdən də son vaxtlar bu qurumlarda yer almış ciddi qanun pozuntuları barədə tənqidi materiallar ölkənin bir çox informasiya vasitələrində mütəmadi olaraq yayımlanmaqdadır. Bununla belə son vaxtlar ölkədə məhz hərbi xidmətə çağırış idarələrinin fəaliyyət sahəsini əhatə edən antikorrupsiya tədbirlərinin intensivləşməsi də diqqəti cəlb edir. Ümid edirik ki, müvafiq qurumlar tərəfindən ən qısa zamanda Nərimanov rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin fəaliyyəti də tam ciddiliyi ilə nəzarətə götürüləcəkdir. \\ bizimdovr.az \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.