İcra başçısı Vaqif Həsənovun həbsi qaçılmazdır…
11-02-2023, 11:37
Redaksiyamıza mötəbər mənbədən daxil olan məlumata görə, Hesablama Palatası Ağdam Rayon İcra hakimiyyətində ciddi yoxlamalara başlayıb. Və yoxlamanın nəticəsi olaraq RİH-də ciddi kadr dəyişiklikləri və həbslər gözlənilir.
İlk öncə onu qeyd edək ki, bir neçə ay əvvəl Maliyyə Nazirliyi tərəfindən rayonun Səhiyyə Şöbəsində aparılan yoxlama zamanı biabırçı korrupsiya faktları üzə çıxmışdı.
Yoxlama zamanı Türkiyədə yaşayan bir şəxsin Təcili Tibbi Yardım idarəsində həkim “işlədiyi” və buna görə dövlətdən hər ay əmək haqqı aldığı üzə çıxmışdı. O da məlum olub ki, həmin şəxsin adı koronavirus pandemiyası ilə mübarizə aparan tibb işçilərininin siyahısına daxil edilib və adına külli miqdarda pul yazılaraq mənimsənilib. Həmin şəxsin Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun ailəsinə yaxın şəxs olduğu da bəlli olub.
Yeri gəlmişkən, dünən Şirvan səhiyyəsi ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, rayonun mərkəzi xəstəxanasında ölülərə sağlamlıq arayışı verilir. İndi isə bəlli olur ki, Ağdam xəstəxanasında Türkiyədə yaşayan şəxs həkim maaşı alır. Bax, bizim səhiyyəmizdə real durum belədir.
Sözün qısası, Ağdam RİH-də kardinal dəyişikliklər gözlənilir. İndi isə Ağdam rayonuna rəhbərlik edən Vaqif Həsənovun fəaliyyətinə nəzər salaq.
Qısaca onu qeyd edək ki, Vaqif Həsənovun tay-tuşları aspiranturada oxuyanda Vaqif Həsənov universitetin tarix fakültəsinə hansı yollasa daxil olub. Necə və hansı yolla..? Bu da maraqlı mövzudur. Sonra bu adam 46 yaşında “AZİ”-nin Faydalı qazıntı yataqları fakültəsini bitirib, Neft daşlarında elektrik çilingəri işləyib.... Adama deyərlər tarix müəllimi hara, çilingər hara, AZİ hara ..? Sonra bu adam hansı yollasa Qaradağ RİH-də başçının müavini işləyib və daş karxanalarından milyonlar qazanıb. Daha sonra Xəzər RİH-də 1-ci müavin olaraq çalışıb və ən bahalı torpaqların satılmasında iştirak edib.
Bütün bunların hamısını haradasa, nəyinsə ayağına yazmaq olar. Amma... Vaqif Həsənovun şəhidlərin qanı qurumadan içkili və maskasız vəziyyətdə doğulduğu Əliağalı kəndinə getməsi ilə bağlı mediada paylaşılan videonu görəndən sonra onu bağışlamaq çətin olur.... Bu barədə Vaqif Həsənov nə təkzib verib, nə də bir söz deyib. Biz hələ Vaqif Həsənovun həyat yoldaşı Sədaqət Həsənovanı Rayon Təhsil Şöbəsində vəzifəyə təyin etməsindən danışmırıq.
Yeri gəlmişkən, Sədaqət Həsənovanın ayağı Ağdama dəyməyib və qeydiyyatda olduğu, Bakı şəhər Neftçilər prospekti ev 5 ünvanında yerləşən mülkdə yaşayır. Yeri gəlmişkən, bu mülk Vaqif Həsənovun çoxsaylı milyonluq sərvətinin kiçik bir hissəsidir. Yaxın zamanda icra başçısının sərvəti ilə bağlı başqa bir yazı yazacağıq. Təkcə onu qeyd edək ki, Vaqif Həsənov Ağdam rayonunun Xındırıstan və Ayaqqərvənd kəndlərində hektarlarla torpaq sahəsini ələ keçirib.
Yeri gəlmişkən, icra başçısının oğlu Vasif Həsənli Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyir və yaşı imkan versə də Qarabağ müharibəsindən yayınıb.
Yeri gəlmişən, onu da qeyd edək ki, vaxtilə Vaqif Həsənovun Xəzər rayonunda ev tikən şəxsdən 5000 manat pul istəməsi ilə bağlı səs yazısı yayılıb. Və o təkzib verməyib. Son olaraq onu qeyd edək ki, Vaqif Həsənovun əsgər ailəsinə “Səni içəri soxduracam” deməsi barədə də mediada xeyli xəbər yayılıb.
Vaqif Həsənov, kimin kimi içəri soxdurması məsələsi an məsələsidir. Hazır ol.
Ardı var...
Gundelik Baki.com