Gömrükdə sədrlə Vüsal Novruzov qaşıdurması qızışır
15-05-2015, 16:01
Gömrük sistemində köklü islahatların aparılacağı haqda ötən saylarımızda xəbər vermişdik. Bu günlərdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bir neçə yüksək vəzifəli şəxsi işdən azad etməklə islahat düyməsini basmış oldu. Belə ki, Astara Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev və Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundov sərəncama götürülüblər.
Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə rəis təyin edilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov Xaçmaz Gömrük İdarəsinin rəisi, Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsini icra edəcəklər. Komitədən həmçinin bildirilib ki, bu adi prosedur qaydadır: "Bu, komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir". Diqqət çəkən məqam isə işdən çıxarılan hər üç rəisin Naxçıvanın Nehrəm kəndindən olmasıdır. Sirr deyil ki, son vaxtlar Dövlət Gömrük Komitəsinin daxilində sabitlik pozulub. Mətbuatı yaxından izləyən insanlar bunun fərqindədir. Bu, özünü daha çox DGK sədri Aydın Əliyevlə Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun arasında gedən mübarizədə göstərir. Qeyd edək ki, son günlərə qədər adıçəkilən məmurların arasında nüfuz savaşı gizli şəkildə aparılırdı. Amma gömrük sistemində hökm sürən problemlərlə bağlı mətbuat səhifələrində yazılan son məlumatlar kürsü savaşının açıq müstəviyə keçdiyini ortaya qoyur. Bəzi mənbələrin iddiasına əsasən, Bakı Baş Gömrük İdarəsinin rəisi komitənin sədri postuna can atır. Hətta bu məqsədlə Bakı gömrüyünün şefinin komitə rəhbərinin əleyhinə kompramat savaşı elan etdiyi vurğulanır. Başqa mənbələrin fərziyyəsinə görə isə Dövlət Gömrük Komitəsinin rəhbəri idarə rəisinin onun əleyhinə işlər çevirməsindən duyuq düşüb və Vüsal Novruzovun gömrük sistemindəki kadrlarını bir-bir "təmizləməyə" başlayıb. Mötəbər qaynaqların verdiyi məlumatda qeyd olunur ki, sərəncama götürülən üç məntəqə rəisi məhz Bakı Baş Gömrük İdarəsinin rəhbərinin kadrları, eyni zamanda həmkəndliləri olub: "Həyata keçirilən sonuncu təyinatlar gömrük sistemində islahatlara start verilməsinin siqnalı kimi başa düşülməlidir. Komitə sədrinin hədəfində onun yerinə göz dikən şəxsin adamlarıdır. Rəis bu sahədə elə də balaca fiqur deyil. O, əlindəki səlahiyyətlərdən və imkanlardan istifadə edərək özünə yaxın adamları Dövlət Gömrük Komitəsində, o cümlədən gömrük məntəqələrində yaxşı vəzifələrə yerləşdirib. Hazırda həmin şəxslər komitə sədrinə qarşı potensial təhlükə mənbəyi hesab edilir. Bunu nəzərə alan məmur bu kadrları sistemdən kənarlaşdırıb postunu sığortalamaq məqsədi güdür. Aydın Əliyev-Vüsal Novruzov savaşı artıq yeni mərhələyə qədəm qoyub. Hələ ki, üstünlük sədrin tərəfindədir. Amma buna baxmayaraq, rəis də boş dayanmır, müxtəlif həmlələr edir. Deyilənə görə, o komitənin rəhbəri ilə bağlı kompramat toplayıb yuxarılara ötürür". Onu da vurğulamaq lazımdır ki, Baş Gömrük İdarəsinin rəisinin adı indiyə qədər saysız-hesabsız qanun pozuntularında çəkilib. Araşdırmalar göstərir ki, V.Novruzov ötən illər ərzində bir sıra özbaşınalıqlara imza atıb ki, bu da ciddi fəsadlar törədib: "Məsələn, kənd təsərrüfatı avadanlıqlarının ölkəyə gətirilməsinə gömrük rüsumu qanunla qadağan olunsa da, rəisin yuxarılara məlumat vermədən ölkəyə sözügedən avadanlıqları gətirən iş adamlarından əlavə "rüsum" aldığı bildirilir. Bir müddət öncə isə məşhur biznes strukturu ölkəyə gətirilən kənd təsərrüfatı avadanlığına görə nəzərdə tutulmayan ödəniş etməyə məcbur edilib. Müxtəlif əyri yollara üz tutan məmur bunun sayəsində böyük sərvətə sahib çıxmağı bacarıb. Deyilənə görə, bir çox biznes sahələri, o cümlədən "Giləzi broyler", ölkəyə sement idxal edən "Babək-97" firması onun nəzarəti altındadır. Rəisin həmçinin Gürcüstanda geniş biznes şəbəkəsinin fəaliyyət göstərdiyi, yaxınlarının adına villalar ucaltması da gələn məlumatlar sırasındadır. O da bildirilir ki, Bakı gömrüyünün rəhbəri sürücüsü İlham adlı şəxsin adına Novxanıda qiyməti milyonlarla ölçülən villa ucaldıb. Məmur Bakı Baş Gömrük İdarəsində şöbə rəisi işləyən bir şəxsin adına şəhərin ən bahalı məhəllələrindən olan Teymur Əliyev küçəsində dəyəri bir neçə milyonlarla ölçülən imarət tikdirib". Maraqlıdır ki, adıçəkilən məmurun aylıq vəzifə maaşı bu qədər xərcləri qarşılamağa yetmir. Bəs, görəsən o bütün var-dövlətini hansı pullarla yığıb? Hesab edirik ki, gömrük sistemində daha ciddi islahatlara zərurət yaranıb. Belə ki, Aydın Əliyev, Vüsal Novruzov kimi işinin öhdəsindən layiqincə gələ bilməyən kadrlar artıq tutduqları vəzifələrlə vidalaşmalıdır. Əks halda, gömrük sistemindəki qüsurlar daha da çoxala bilər.