ELMAN RÜSTƏMOVUN 200 MİLYON MANATI ALINDI – “Ya etimadını itirib, ya da…
17-05-2015, 00:00
«Mərkəzi Bankın vəsaitlərinin böyük hissəsi əlindən alınır. Bu da iki şeydən xəbər verir – ya Mərkəzi Bank rəhbərliyi etimadı itirib, deməli, bank sistemində vəziyyət doğrudan da çox ağırdır, ya da dövlətə xərclərini ödəmək üçün əlavə vəsait tələb olunur». Bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Azadlıq” Radiosuna Milli Məclisin mayın 15-də «Mərkəzi Bank haqqında» qanuna etdiyi əlavə və dəyişikliklər barədə şərhində bildirib.
QANUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR
Qanunun 10.3-cü maddəsinə olunan dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış milli valyutanın 15 faizi miqdarında müəyyən edilməyəcək. Əvəzində, hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Onun nizamnamə kapitalından az olmamaq şərti ilə.
Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir: «Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur».
14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı – bir maliyyə ili təxirə salınmaqla – dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
«EHTIYATLAR DA AZALACAQ»
1ekƏkrəm Həsənov deyir ki, Mərkəzi Bankın nizamnamə kapitalı kommersiya banklarınkından 5 dəfə aşağıdır, qanuna edilən dəyişiklikdən sonra kapital ehtiyatları da azalacaq:«Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır. Bəzilərinin dediyi kimi, 50 milyard deyil. Təsəvvür edirsiniz: Mərkəzi Bankın nizamnamə kapitalı kommersiya banklarının kapitalından (onlarda 50 milyon manatdır) 5 dəfə aşağıdır. Mən gözləyirdim ki, bu biabırçı fərq aradan qaldırılacaq.
Axı, əslində Mərkəzi Bankın kapitalı kommersiya banklarının kapitalından yüksək olmalıdır. Lakin dövlət Mərkəzi Banka əlavə kapital vermədi. Bununla belə, indiyədək Mərkəzi Bankın kapitalı əhəmiyyətli deyildi. Çünki kapital ehtiyatları kapitalından yüksək idi: tədavülə buraxdığı nağd milli valyutanın 15 faizi miqdarında. Məsələn, 2014-cü ilin nəticələrinə görə, ehtiyatlar 210 milyon manata yaxındır. Yəni, nizamnamə kapitalından 21 dəfə çox! Amma edilən dəyişiklikdən sonra ehtiyatın məbləği də 10 milyon manat olacaq. Yəni, hal-hazırda Mərkəzi Bankın əlindən 200 milyon manat alınır. Bundan sonra Mərkəzi Bankın sərəncamında cəmi 20 milyon manat qalacaq».
«MƏRKƏZİ BANK ACINACAQLI VƏZİYYƏTƏ DÜŞƏCƏK»
Ekspert 13-cü maddəyə olunan dəyişikliyi belə izah edir: «Mərkəzi Bankın sərəncamında eyni zamanda valyuta ehtiyatları da var. Həmin ehtiyatlar da son dövrdə sürətlə əriyir. İndiyədək bunun nəticəsində Mərkəzi Banka dəyən zərər kapital ehtiyatları hesabına ödənilirdi və bu zaman kapital ehtiyatları daha da artırdı. Edilən dəyişikliyə əsasən isə, daha belə olmayacaq: zərər bütövlükdə kapital ehtiyatlarından çıxılacaq, yəni ehtiyatlar daha artmayacaq. Nəzərə alsaq ki, kapital ehtiyatları əvvəlki kimi 210 milyon deyil, cəmi 10 milyon olacaq, Mərkəzi Bankın necə acınacaqlı vəziyyətdə olması açıq-aydın görünür».
«QİYMƏTLİ KAĞIZLAR MƏRKƏZİ BANKIN RİSKİNİ ARTIRACAQ»
1meƏkrəm Həsənov deyir ki, bank sektorunda ehtiyat zərəri ödəmək üçündür:«Qanuna edilən son dəyişiklik və əlavədən sonra Mərkəzi Bankın kapital ehtiyatları kəskin şəkildə azaldılacaq. Ehtiyat zərəri ödəmək üçündür. Ehtiyat azdırsa, deməli, zərərin ödənilməsi kapitalı tam «yeyə» bilər. Buna görə də, indiyə qədər qayda belə idi ki, Mərkəzi Bankın kapital çatışmazlığını dövlət ödəməli idi. Gözləmək olardı ki, bu qayda olduğu kimi qalacaq, çünki Mərkəzi Bankın kapital ehtiyatı onsuz da azaldılır.
Lakin tam əksi olacaq. Dövlət kapital kəsirini pulla deyil, qiymətli kağızları ilə ödəyəcək, özü də dərhal yox, bir ildən sonra. Bu isə Mərkəzi Bankın özünün ağır vəziyyətə düşə bilməsi riskini artırır. Görünən odur ki, dövlətə əlavə pul vəsaiti lazımdır və bu pulu Mərkəzi Bankdan götürmək qərarındadır. Niyə Mərkəzi Bankdan? Çünki əvvəla həmin pullar Mərkəzi Bankın rəhbərliyinin səmərəsiz idarəçiliyindədir. Digər tərəfdən isə Mərkəzi Bankın əhəmiyyəti xeyli azalıb. Mərkəzi Bank nədir? Mərkəzi Bank ilk növbədə manatın emitentidir. Lakin hazırda güclü dollarlaşma prosesi gedir. Manatın əhəmiyyəti azalır. Paralel Mərkəzi Bank da mövqelərini itirir. O biri tərəfdən Mərkəzi Bank bank nəzarəti orqanıdır. Lakin son zamanlar bankların qarşısında dili çox qısadır və nəzarət edə bilmir. Banklar özbaşına qalıblar. Deməli, Mərkəzi Bank burada da zəifləyib. Buna görə Mərkəzi Bankla hesablaşmağa, sərəncamında artıq pul saxlamağa lüzum yoxdur».
Əkrəm Həsənovun fikrincə, əslində Mərkəzi Bankın səlahiyyəti əlindən alınmalıdır ki, bu qurum cəmiyyət üçün çox risk yaratmasın, ancaq pul siyasəti aparsın, kapitalı da, heç olmasa, 50 milyon manat olsun.
Ekspert deyir ki, bank nəzarəti üçün kapitalı olmayan ayrıca orqan yaradıla bilər:”Dünyanın heç bir inkişaf etmiş ölkəsində Mərkəzi Bankın nəzarət etmə səlahiyyəti yoxdur».
Bu il fevralın 21-də manat dollara nisbətən öz dəyərini 33 faiz itirib. Bundan bir müddət sonra Mərkəzi Bank öz valyuta ehtiyatını sürətlə itirməyə başlayıb.