SURAXANI ICRA BAŞÇISININ “QARA KASSASI” MEHMAN HÜSEYNOV QANUNI TIKINTILƏRƏ DƏ “RACON” KƏSIB

29-04-2023, 08:38           
SURAXANI ICRA BAŞÇISININ “QARA KASSASI” MEHMAN HÜSEYNOV QANUNI TIKINTILƏRƏ DƏ “RACON” KƏSIB
Bir neçə gün öncə Bakının Suraxanı rayonunda yaşayan sakinlər KİV-ə, o cümlədən «Dəryaz» qəzetinin redaksiyasına müraciət edərək bildiriblər ki, aldıqları torpaqda ev tikmək istəyirlər, amma icra hakimiyyəti tərəfindən süründürməçiliklə üzləşirlər. İddia edirlər ki, daşı daş üstünə qoymaq istəyəndə sözügedən rayonun icra nümayəndəsinin əməkdaşları ərazidə peyda olaraq onlara, “ev tikməyə icazəniz yoxdur” deyiblər. Müxtəlif “arqumentlərlə” onların ev tikmək haqqını əllərindən alırlar. Həmin ərazidə tikilən evlərin ara məsafəsi o qədər azdır ki, az qala bir-birinin içindədir. Amma bu vətəndaşlara isə heç bir arqument gətirilmədən “yox” cavabı verilir.

Bakı Memarlıq Layihələri Bürosunun baş memarı Rəşad Qasımlı isə təqdim etdikləri sənədlərin normativlərə tam cavab verdiyini, Suraxanı rayon İcra Hakimiyyətinin arqumentlərinin əsassız olduğunu deyir.

Suraxanı rayon İcra Hakimiyyətindən isə şifahi olaraq bildirilib ki, vətəndaş Ruslan Bağırovun elektron müraciətlərlə təqdim etdiyi tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 69.1., 69.4., 69.5.2-1. maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 saylı Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4-cü maddəsinin 4.13-cü bəndinin tələblərinə zidd hazırlanıb. Elə buna görə də RİH tərəfindən məhkəmədə iddia qaldırılıb. İşə məhkəmə müstəvisində baxıldığını nəzərə alaraq, sözügedən ərazidə hazırda tikinti işlərinin aparılmasını məqsədəuyğun hesab etmirik. O ki qaldı Rövşən Hüseynova, deyə bilərik ki, onun da elektron müraciətlərlə təqdim etdiyi tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi qanunvericiliyin yuxarıda sadaladığımız tələblərinə zidd hazırlanıb”.

Hüquqşünas Vüsal Səfərov isə icra qurumunun qərarının qanuna zidd olduğunu söyləyir. Hüquqşünas bildirir ki, vətəndaşın əlində daşınmaz əmlakın dövlət reystr xidmətindən çıxarış varsa, müvafiq icra orqanı bunu mübahisələndirə bilməz. Yəni mövcud halda mübahisələndirmək hüququ yalnız vətəndaşa məxsusdur.

Ev tikmək hüquqları əlindən alınan şikayətçilərin icra hakimiyyətinə ünvanladığı əsas suallardan biri isə açıq qalır. Qadağa qanuna uyğun təyin olunubsa, ərazidə digər ev tikənlərə niyə şamil edilməyib? Bu şəxslərə hansı qanunla və ya qanunun hansı üzü ilə icazə verilib?

İnternet istifadəçiləri baş verənləri korrupsiya ilə əlaqələndirirlər. Bildirilir ki, Suraxanı İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov rayon ərazisində bütün növ tikinti işlərinə rüşvət tarifləri müəyyənləşdirib və bu məsələdə hətta şəhid ailələrinə belə güzəşt edilmir. Bu və digər məsələlər ilə əlaqədar Mehman Hüseynova zəng vurub münasibətini öyrənməyə çalışdıq. Sorğumuzun məğzini anlayar-anlamaz dərhal telefonu qapadı.

Yeri gəlmişkən, Mehman Hüseynovu Suraxanı RİH-nin başçısı Əziz Əzizovun “qara kassası” adlandırırlar. Ümid edirik ki, heç olmasa cənab başçı özü məsələyə münasibət bildirib Mehman Hüseynovun əsas vəzifəsindən əlavə öhdəliklərinin olub-olmadığına aydınlıq gətirəcək.
Deryaz.az
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.