Toyuq dönəri: xırda obyektlərə olmaz, böyüklərə olar...

17-05-2015, 12:51           
Toyuq dönəri: xırda obyektlərə olmaz, böyüklərə olar...
Türkiyənin 12 bölgəsində “quş qripi”nə yoluxma qeydə alınandan sonra virusun Azərbaycana keçmə ehtimalı artdı. Hərçənd ki, vəziyyətə nəzarət edəcək qurumlar dərhal sərəncam və qərarlar imzaladılar.

İlk sərəncam Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən gəldi. İdarə Türkiyədən quş əti gətirilməsinə müvəqqəti qadağa qoydu. Bundan sonra quş ətinin istehsalı ilə məşğul olan müəssisələrdə yoxlamalara da başlanıldı.

“Quş qripi” həyəcanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzini (RGEM) də yuxudan oyatdı. Daha dəqiq desək, virusun yayılması quş ətindən dönər hazırlanmasına qoyulan qadağanı yada saldı. Mərkəz dərhal monitorinq keçirdi, bir neçə dönərxana cəzalandırıldı.

Amma RGEM-nin fəaliyyəti bi-iki dönərxananın 5-10 manat cərimələnməsi ilə də yekunlaşdı. Nəticə budur ki, paytaxtın bütün dönərxanalarında, kafe və restoranlarında yenə də toyuq ətindən dönərlər hazırlanır. Və ən əsası baş verəcək biləcək təhlükələrə görə heç kim məsuliyyət daşımır.

Qeyd edək ki, toyuq ətindən dönər hazırlanmasına 2006-cı ildə qadağa qoyulub. Bu qadağanın ləğv edilməsi üçün bir neçə dəfə müraciətlər edilsə də Səhiyyə Nazirliyi “quş qripi” virusuna yoluxma ehtimalını və toyuq dönərlərinin əhali üçün ciddi təhlükə mənbəyi olduğunu əsas gətirərək məhdudiyyəti aradan qaldırmayıb.

Virtualaz.org saytının müxbirləri toyuq dönərinin satışı ilə bağlı paytaxtın bir çox yerlərində fəaliyyət göstərən obyektlərə baş çəkib.

Beləliklə, son günlərin ən məşhur ticarət mərkəzi olan “28 Mall” ticarət şəbəkəsindən başlayaq. Ticarət mərkəzinin 4-cü mərtəbəsindəki kafelərdə toyuq ətindən dönər satılır. Üstəlik, bu kafelərdə toyuq dönərinin qadağan edildiyindən kimsə xəbərdar deyil.

Məsələn, “Köfteçi”, “Le Beirut” və digər kafelərdə toyuq ətindən dönər satılır.

“Metropark”, “Park Bulvar” ticarət mərkəzlərində də eyni vəziyyətdir. Maraqlıdır ki, RGEM-nin monitorinqləri bu iri ticarət mərkəzlərindən yan keçir.

Elə İqtisadiyyat və Sənaye Nazirliyinin monitorinqlərlə bağlı açıqlamalarında da sözügedən ticarət mərkəzlərindəki kafelər haqqında məlumatlara rast gəlinmir. Halbuki mətbuatda bu kafelərin təqdim etdiyi yeməklərin keyfiyyəti, süni qiymət artımı və istehlakçıların hüquqlarının pozulması ilə bağlı məlumatlara rast gəlirik.

Adi dönərxanalarda yoxlama aparan mərkəz mütəxəssisləri “Çudo-Peçka” mağazalar şəbəkəsinə baş çəkməyi də unudublar. Çünki şəbəkəyə məxsus mağaza-kafelərdə toyuq ətindən dönər satılır. Məsələn, metronun “28 may”, “Əhmədli” stansiyaları yaxınlığında “halal” toyuq dönərləri satılır.

Mərkəzi Bankın yaxınlığındakı “Turkuaz” kafesində də toyuq ətindən dönər sifariş vermək mümkündür. “28 may” metrosunun yaxınlığındakı “Ləziz dönər”, Səməd Vurğun bağının qarşısındakı dönərxanada da toyuq dönərinin satışına qoyulan qadağa işləmir.

Metronun “Sahil” stansiyasının yaxınlığındakı “Halal” dönərxanasının əməkdaşı deyir ki, toyuq dönərinə olan tələbat daha çoxdur: “Hamı toyuq dönəri sifariş verir. Biz toyuq ətindən dönər satmayacağıqsa, gərək obyekti bağlayaq. Bunun yer pulu, vergisi, işığı, qazı var”.

Metronun “Nizami” stansiyasının yaxınlığındankı “İsgəndər” dönərxanasının sahibi isə dönər hazırlanması üçün toyuq budlarından istifadə edildiyini bildirdi: “Heç bir kafe və ya restoranda yerli toyuqlardan istifadə edilmr. Buna pul çatdırmaq olmaz. Toyuq dönərləri xaricdən gətirilən dondurulmuş budlardan hazırlanır. Çünki donduruluş budlar yerli məhsullardan daha ucuz başa gəlir”.

“Böyük Fırat Lahmacun” nişanı ilə işləyən kafelərdə də gün ərzində ən çox toyuq dönəri sifariş verildiyini təsdiqlədilər.

Satıcıların sözlərinə görə, toyuq dönəri ilə bağlı sifarişlər çox olur: “Toyuq dönəri daha çox sevilir. Biz satmırıq, gedib başqa yerdən alırlar”.

Qeyd edək ki, toyuq əti infeksiyaya meyllidir. Yalnız dönərdə deyil, toyuq əti düzgün emal olunub hazırlanmadığı halda zəhərlənmə təhlükəsi yüksəkdir. Həkimlər dondurulmuz toyuğun suyun altına qoyularaq dondan açılmasının, eləcə də saxlama şəraitinə düzgün riayət edilməməsinin də zəhərlənməyə səbəb ola biləcəyini açıqlayırlar.

Onu da xatırladaq ki, müraciət etdiyimiz dönərxanaların əksəriyyətində satıcıların əlcəksiz işlədiyinin, dönərə vurulan göyərtilərin yuyulmadığının, dönər hazırlanan qabdakı çirkin və daha nələrin şahidi olduq.

Bir məsələni də qeyd edək. Paytaxtın kafelərində, yeməkxana və restoranlarında yoxlama aparmaq Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, İqtisadiyyat və Sənaye Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətindədir.

Görünən isə odur ki, yoxlama aparan qurumların say çoxluğu heç də həmişə keyfiyyətə gətirib çıxarmır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.