Beyləqanda bir dəfə həbs olunmuş məmur “Möhübbət Heydər” vəzifə başında
18-05-2015, 22:02
Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin rəhbəri Möhübbət Heydər tenderləri qazanc mənbəyinə çevirib
Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeçiliyində fəaliyyət göstərən bir sıra idarə və təşkilatlarda kifayət qədər ciddi qanun pozuntuları mövcuddur. Ki, onlardan biri də Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsidir. Redaksiyamıza daxil olan məlumata görə, Möhübbət Heydərovun rəhbərlik etdiyi müəssisə qüvvədə olan müvafiq qanunlarla deyil, məhz idarə müdiri tərəfindən müəyyənləşdirilmiş qaydalarla idarə olunur. Hazırda Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsinin 400-ə yaxın işçisinin olduğunu deyən məlumatlı şəxs iddia edir ki, onların böyük bir hissəsini “ölü can”lar təşkil edir: “İdarə müdiri Möhübbət Heydərov əslən Beyləqanın 2-ci Şahsevənli kəndindəndir. O, qohumlarının, yaxın adamlarının əksəriyyətini, eləcə də həmkəndlilərini Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsində işə götürsə də, onların əksəriyyəti heç işə də çıxmırlar. Lakin dövlətdən əməkhaqlarını alırlar. Bu isə o deməkdir ki, idarə müdiri “ölü can”lar saxlamaqla öz maraqlarını təmin etməyə çalışır”.
İşçilərin bir hissəsinin maaş kartlarının məhz Möhübbət Heydərovda olduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, idarə müdiri həmin kartlardakı pulları bankomatdan çıxarmır: “Möhübbət Heydərov bəzi məsələlərdən ehtiyat etdiyi üçün kartlardakı pulu bankomatlardan çıxarmır. Əvəzində onun tapşırığı ilə Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsinin xəzinədarı Allahverdi adlı şəxs həmin kartları “Kapitalbank”ın yerli şöbəsinə aparır və bundan sonra kartlardakı vəsait müəyyən faizlə nəqdləşdirilir”.
Möhübbət Heydərovun 1994-95 ci illərdə Beyləqan Rayon Təmir Təchizat İdarəsinə rəhbərlik etdiyi zaman külli miqdarda dövlət vəsaitini mənimsədiyinə görə həbs olunduğunu vurğulayan məlumatlı şəxsin iddiasına görə, o, müəyyən yollara baş vurmaqla bir müddət sonra həbsdən azad olmağı bacarıb: “Həmin hadisədən bir qədər keçdikdən sonra isə Möhübbət Heydərov Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsinə müdir təyin olundu». Məlumata görə, idarənin keçirdiyi tenderlərdə də bir xeyli dövlət vəsaiti təyinatdankənar xərclənib. Məsələn, 2 il öncə yarım milyondan artıq dövlət vəsaiti «yoxa çıxıb».Onlardan bəziləri ilə tanış olaq:
Meliorasiya və Su Təsərrüfatı ASC Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi Mexaniki və elektrik avadanlıqların satın alınması “Anar-B” MMC 201981;
Meliorasiya və Su Təsərrüfatı ASC Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi Əsaslı təmir işləri üçün tikinti materiallarının və ehtiyat hissələrinin alınması “Anar-B” MMC 24220;
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi Avtomobil ehtiyat hissələrinin alınması “Abşeron” firması 28054;
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi 8 adda hidrotexniki qurğular və boru kəmərləri üçün materialların satın alınması “Abşeron” firması 41470.
Bu arada onu da qeyd edək ki, mexaniki və elektrik avadanlıqların satın alınması üçün dövlətdən 201981 manat alan Möhübbət Heydərov bu vəsaiti özünə aid olan “Anar-B” MMC firmasının hesabına köçürüb. Bundan sonra isə guya idarəyə yeni avadanlıq alıb və bu zaman qiymətlər ən azı 5-6 dəfə şişirdilib. Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus olan su quyuları ilə yanaşı, transfomatorların və nasosların da satışa çıxarıldığını deyən mənbənin bildirdiyinə görə, Möhübbət Heydərovun yarıtmaz fəaliyyəti nəticəsində artıq rayonda fermerlər arasında bir neçə dəfə dava-dalaş da düşüb.
cumhuriyyet.az