“Gəncəbank” vəkilləri məhkəməyə verdi
19-05-2015, 10:02
Ceyhun Yusifov: “Biz hüquqi müstəvidə istənilən çəkişməyə hazırıq”
“Gəncəbank” ASC-nin Müşahidə Şurasının sədri Pərvanə Novruzova vəkillər Ceyhun Yusifov və Əziz Qənbərovu məhkəməyə verib. Bu haqda redaksiyamıza ünvanlanan məktubda P.Novruzovanın nümayəndəsi Firudin Ələkbərli yazıb. Nümayəndə qeyd edir ki, vəkillərə istinadən yazılan məqalələrdə Pərvanə Novruzovanın şərəf və ləyaqəti tapdanıb:
“Məqalələrdə Pərvanə Novruzovanın Natalya Kərimova adlı şəxsə qarşı guya bir sıra ağır cinayətlər törətməsi, onun əmlakını saxtakarlıqla və zorla ələ keçirməsi və s. barədə bəhs olunur. Pərvanə Novruzova barədə bu məlumatları vəkillər Yusifov Ceyhun və Qənbərov Əziz qəzetə ötürürlər. ”KİV haqqında" Qanunun 10-cu maddəsinə əsasən mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr yaymaq, yalan və qərəzli yazılar, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə KİV-dən istifadə olunmasına yol verilmir".
Nümayəndə vəkillər barədə xüsusi qərardad çıxarılmasını tələb etdiklərini yazır: “Hər iki vəkil - Yusifov Ceyhun və Qənbərov Əzizə qarşı Novruzova Pərvanə tərəfindən Kəlbəcər Rayon Məhkəməsində şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə xüsusi qərardad çıxarılması tələbləri ilə iddia qaldırılmışdır. Natalya Kərimova və Əliyev Vaqif barəsində qəzetə verilən məlumatlar tam yanlışdır. Tezliklə redaksiyanıza rəsmi sənədlərə əsaslanmış yazı təqdim olunacaqdır. Xahiş edirəm ki, Pərvanə Novruzova barəsində qərəzli və yoxlanılmamış yazıların dərcinə yol verməyəsiniz”.
Vəkil Ceyhun Yusifov isə bu məsələyə dair bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsində Pərvanə Novruzovanın ona və Əziz Qənbərova qarşı iddiası yoxdur: “”Gəncəbank" rəhbəri və ona məsləhət verən nümayəndəsi güzgüdəki ləkəni silmək əvəzinə, güzgünü sındırmağa girişiblər. Biz hüquqi müstəvidə istənilən çəkişməyə hazırıq".
Vəkil bildirir ki, özünü P.Novruzovanın nümayəndəsi kimi təqdim edən şəxsin onun mətbuatdakı çıxışlarını "KIV haqqında" Qanunun tələblərin zidd olması haqda fikirləri də yalnışdır: “Çıxışlarımızın Pərvanə Novruzovanın şərəf və ləyaqətinin pozulması kimi qiymətləndirilməsi doğru deyil. Nümayəndə təəssüflər olsun ki, məsələnin mahiyyətindən ümumiyyətlə xəbərsizdir. Pərvanə Novruzovanın qeyri-qanuni hərəkətləri, əməlləri barəsində uzun müddətdir ki, mətbuatda məlumatlar yayılır. Həmin məlumatlar bu gün də təkzib olunmayıb. Vəkili olduğum Natalya Kərimovanın da ictimaiyyətə çatdırdığı faktlar, bütün hallar məhkəmə aktları və prossesual qərarlarla təsdiq olunur.
Nümayəndə Gəncə Prokurorluğunda Pərvanə Novruzova barədə olan cinayət işi ilə maraqlansın, görsün ki, Natalya Kərimovanın ”Nataşa" solunu hansı yollarla ələ keçirilib, Novruzovaya niyə cinayət işi başlanıb. Məgər bu yalandır? N.Kərimovanın göstərdiyi faktlar Pərvanə Novruzovanın etdiyi əməllərin cüzi hissəsidir. Nümayəndə ictimaiyyəti çaşdırmaq və Pərvanə Novruzovanı müqəddəsləşdirmək əvəzinə, N.Kərimovanın “Nataşa” salonunu və mənzillərinin hansı yollarla mənimsənilməsini araşdırsa yaxşıdır".
Vəkil “Gəncəbank” rəhbəri ilə məhkəmədə görüşmək istəyində və arzusunda olduqlarını da qeyd edib.
musavat com