Yavər Camalov və qardaşının baqnk oyunlarının axırı....

19-05-2015, 10:07           
Yavər Camalov və qardaşının baqnk oyunlarının axırı....
Yavər Camalovun müdafiə təyinatlı zavodu girov qoyub bankı aldatdığı üzə çıxıb; nazir və qardaşı “Dəmirbank”a külli miqdarda zərər vurublar
Beynəlxalq Bankda baş verən kredit mənimsəmələri digər Azərbaycan banklarının da ağrılı yeridir. Müxtəlif vəzifəli məmurlara bağlı olan şəxslər banklardan külli miqdarda kredit alıb və geri qaytarmırlar. Bu sırada müdafiə sənayesi naziri Yavər Camalovla onun qardaşı Əlikram Camalov da var.


Hələ 2013-cü ildə Ə.Camalovla “Dəmirbank” arasında yaranan kredit qalmaqalından yazmışdıq. Hazırda isə Ə.Camalovla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi araşdırılır. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Əlikram Camalova məxsus “Hacı Camalxan” MMC “Dəmirbank”dan aldığı güzəştli krediti geri ödəməyib və bank baş prokurora rəsmi müraciət yollayıb. Bundan sonra fakt üzrə Cinayət Məcəlləsinin 179-cu - mənimsəmə maddəsi ilə cinayət işi başlanıb.

Bir qədər əvvəl Ə.Camalovun aldığı güzəştli kreditin təyinatı üzrə xərclənib-xərclənməməsinin müəyyən olunması üçün KQMİ-i auditorlara müraciət edib. “Azərbeynəlxalq audit xidməti” MMC-nin mütəxəssisləri “Hacı Camalxan” MMC-də yoxlama aparıblar. Artıq müvafiq rəy istintaqçılara təqdim olunub. Həmin rəy güzəştli kreditin təyinatı üzrə xərclənmədiyini ortaya çıxarıb.

Yada salaq ki, “Yeni Müsavat”ın 2013-cü ilin avqustunda dərc olunan bir neçə sayında “Dəmirbank” ASC ilə Y.Camalovun qardaşı Ə. Camalovun sahibi olduğu “Hacı Camalxan” MMC arasında kredit qovğasının yaşandığı haqda yazılar yer almışdı. Həmin vaxt tərəflər arasında güzəştli kredit məsələsi gərgin mübahisələrə səbəb olmuşdu. Ə.Camalovun vəkili “Dəmirbank”ı məhkəmə ilə hədələyir, bank isə əks tərəfi aldığı kreditə görə ödəmələri həyata keçirməməkdə ittiham edirdi.

Mübahisə predmeti olan güzəştli krediti nazirin qardaşı 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun prezidenti Şirzad Abdullayevin göstərişinə əsasən alıb. Ona regionlarda sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil seçdiyi “Dəmirbank”dan 3 milyon 950 min manat verilib. Ə.Camalovun rəhbərlik etdiyi kəndli-fermer təsərrüfatına ayrılan 3 milyon 950 min manatın faizlərinin ödənilməsi qrafiki də təqdim olunub. Lakin Ə.Camalov heç bir səbəb göstərmədən pulu ödəməkdən yayınıb. Uzun qovğalardan sonra - 2014-cü ilin noyabrında bank Ə.Camalovdan 1 milyon 200 - min geri ala bilib. Lakin yerdə qalan məbləğ yenə də ödənməyib. Məsələ tərəflər arasında çəkişmədən çıxaraq hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevrilib.

Aldığımız məlumatda qeyd olunur ki, Ə.Camalovla yanaşı, onun nazir qardaşı Yavər Camalovla da “Dəmirbank” arasında kredit qovğası yaşanıb. Hətta iş məhkəmə müstəvisinə qədər gedib çıxıb. Belə ki, nazirin göstərişinə əsasən Müdafiə Sənayesi Nazirliyinin “Üfiq” İstehsalat Birliyinin direktoru Tahir Hüseynov “Dəmirbank”dan kredit alıb. 2007-ci ildə 375 min kredit götürən İB pulu geri qaytarmayıb. Bankla birliyin kredit davası sonda məhkəməlik olub. Borc qaytarılmadığından bank zavodun hərraca çıxarılıb satılması üçün iddia qaldırıb. Məhkəmədə araşdırma aparılarkən məlum olub ki, 375 min manatlıq kreditin girovu da problemlidir! Belə ki, nazirin razılığı ilə “Peyk” zavodunun girov qoyulmasının özünün qanunsuz olduğu üzə çıxıb. Zavod müdafiə təyinatlı olduğundan girov qoyula və müvafiq olaraq mübahisəli vəziyyətdə hərracda satıla bilməzmiş! Bu məqam üzə çıxandan sonra məhkəmə 375 min manatın təminatı olan zavodu girov siyahısından çıxarıb. Beləcə, nazirin 375 min manatın qarşılığında “Dəmirbank”a girov qoyulan zavod da siyahılardan çıxarılıb. Bu gün 375 min manat faktiki olaraq “Dəmirbank” üçün itirilmiş məbləğə çevrilib.
Məsələ ilə bağlı “Hacı Camalxan” MMC ilə əlaqə vasitəsi axtardıq.

MMC-nin saytında (http://hacicamalxan.com/index-ru.html# ttp://hacicamalxan.com/index-ru.html# ) İdarə Heyətinin sədr müavini Rafət adlı şəxsin telefonu var. Onunla əlaqə saxladıq. O bildirdi ki, illər əvvəl MMC-dən uşaqlaşıb və “Dəmirbank”la “Hacı Camalxan” arasında kredit müqaviləsindən xəbərsizdir: “Məni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırmayıblar. 10 il əvvəl işdən çıxmışam. Mənim telefonumu sayta niyə yazıblar bilmirəm. İşdən çıxandan sonra işgüzar münasibətlərimiz də yoxdur. Mən oradan səhhətimlə əlaqədar uzaqlaşmışam”...

Ötənlərdə bu məsələdən yazarkən bankın nümayəndəsi bildirmişdi ki, Ə.Camalov təsisçisi olduğu “Hacı Camalxan” MMC-nin direktoru olaraq “DəmirBank”a götürdüyü kreditin 1 qəpiyini də olsa ödəməyib. Bank rəsmisi Ə. Camalovun qeyd olunan məbləğdə krediti 26 may 2010-cu ildə götürdüyünü və ödəmədiyi faizlərlə birlikdə 4 milyon 336 min manat borcunun yarandığını da açıqlamışdı: “O, hər vasitə ilə bankdan götürdüyü əsas borcu və faizlərini ödəməkdən yayınır”.

Məsələ ilə bağlı “Dəmirbank”a da telefon açdıq. Bankdan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etməklə kifayətləndilər.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı rəsmi məlumatlar sırasında “DəmirBank” ASC-nin müraciəti əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırmaların aparılması haqda məlumat var. Həmin məlumatda deyilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi büdcə vəsaiti və öz vəsaitləri hesabına “DəmirBank” ASC-dən 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədilə saxta biznes-planlar və digər sənədlər tərtib edən bəzi fiziki və hüquqi şəxslərin adlarına güzəştli şərtlərlə verilən 10 milyon 666 min 600 manat məbləğində kredit təyinatı üzrə istifadə edilməyib.

Həmin vəsaiti fiziki və hüquqi şəxslərin israf edib mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli-miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
musavat com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.