“Kontakt home”dan şikayətlər yağış kimi yağır”: - Şirkətin “itil cəhənnəmə” prinsipi böyük narazılıq yaradır

5-08-2023, 00:12           
“Kontakt home”dan şikayətlər yağış kimi yağır”: -
“Son beş ildə trend istehlakçı şikayəti mürəkkəb texniki cihazlardan və mobil telefonlardandır. Və bu məsələdə, yəni istehlakçını aldatmaqda, saxta mal satmaqda, “itil cəhənnəmə” prinsipi ilə işləməkdə birinci və ikinci yerləri “Kontakt home”la “Baku Electronic” bölüşdürür”.

Bu fikirləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov redaksiyaya “Kontakt home” mağazalar şəbəkəsindən daxil olan şikayətə münasibət bildirərkən səsləndirib.

Vətəndaş Xəyalə Azay qızı Talıbovanın məlum şikayətini olduğu kimi təqdim edirik:

“Mən iyulun 4-də kreditlə telefon götürmək üçün Sumqayıt şəhərində yerləşən “Kontakt home” mağazasına yaxınlaşdım. Və “İ phone 11” markalı 128 Gb-lıq telefon götürdüm. 1400 azn-lik telefona 12 aylıq kreditlə 2090.99 manat hesabladılar. Razılaşdım və malı alıb evə gətirdim. Lakin ilk gündən telefonda problem yarandı, donmağa başladı, həm də dinamik hissəsindən xışıltı səsi gəlirdi. Bu səbəbdən iyulun 7-də mağazaya yaxınlaşdım. Orada baxıb dedilər ki, problem İOS sistemindədir. Və sistemi yenilədilər, amma yenə də telefonun nasazlığı aradan qalxmadı. Ayın 10-da yenə mağazaya getdim. Bu dəfə də şikayətimə ciddi yanaşmadılar, “servisə göndərək” dedilər. Mən 4 günlük telefonun servisə göndərilməsinə etiraz etdim və dəyişdirilməsini bildirdim.

Onlar isə dedilər ki, guya servis xidməti məhsulun nasazlığını təsdiq etməlidir. Mən isə bildirdim ki, malı 14 gün müddətində dəyişmək və ya qaytarmaq hüququm var. Amma onlar bununla razılaşmadı. Məsələ ilə bağlı “Kontakt home”un baş ofisinə müraciət etdim. Lakin oradan da müsbət cavab almadım. Beləcə telefon 11 gün servisdə qalandan sonra dedilər ki, heç bir problemi yoxdur. Lakin mən bu cavabla razılaşmadım, 11 gün müddətində servisdə qalan telefonun qüsursuz olduğuna inanmadığımı bildirdim. Bir daha mağaza müdirinə yenisi ilə əvəzlənməsini və ya kreditin ləğv olunmasını təkid etdim”.

Şikayətçi bildirir ki, bütün bunlara baxmayaraq, mağaza onun istehlakçı hüquqlarını pozmaqda davam edir.

X.Talıbova deyir ki, o, müqaviləyə xitam verilməsi ilə əlaqədar kredit sənədində adı keçən Beynəlxalq Banka da müraciət edib. Lakin oradan təqdim etdiyi fakturaların həmin banka aid olmadığı bildirilib. “Görünən odur ki, “Kontakt home” saxta sənədlərlə vergidən də yayınır”, – deyə şikayətçi əlavə edib.

X.Talıbova məsələ ilə bağlı aidiyyəti orqanlardan kömək istəyərək, ödədiyi 402 azn-nin geri qaytarılması və kredit müqaviləsinə xitam verilməsi üçün dəstək göstərilməsini xahiş edir.

Məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdığımız AİB sədri Eyyub Hüseynov da istehlakçının haqlı olduğunu deyir. Bildirir ki, “Kontakt home”dan şikayətlər yağış kimi yağır:

“Hər gün bu şəbəkədən birliyimizə 3-4 şikayət daxil olur. Mən hər gün 6-7 adamı İqtisadiyyat Nazirliyinin 195 qaynar xəttinə yönləndirirəm ki, öz müraciətlərini bildirsinlər. Dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərinə demişəm ki, bir yığıncaq çağırın, bu bizneslə məşğul olanları toplayaq, mənə üç dəqiqə söz verin, onlara izah edim ki, müştərilərlə belə davranmaq olmaz. Təəssüflər olsun ki, həmin qurum demək olar ki, biznesi himayə edir, nəinki istehlakçıları.

Çox nadir hallarda mənim “Kontakt home”un hüquqşünasına və ya piar nümayəndəsinə zəngimlə məsələ həll olunur. Əks halda mən istehlakçının şikayətini rəsmi məktub şəklində İqtisadiyyat Nazirliyinin adını çəkdiyim qurumuna göndərirəm. Həmin qurum isə belə edir: “Kontakt home”a bir məktub yazır, oradan da özlərinə sərf edən cavabı göndərirlər nazirliyə. Nazirlik isə onun surətini çıxarır, axırda da yazır ki, gedin, məhkəməyə müraciət edin. Bir məktubu mənə, birini də istehlakçıya göndərir. Azad İstehlakçılar Birliyi olaraq hökumət qurumunun belə fəaliyyətinə biz tam etiraz edirik. Ona görə ki, qəsmi qurum bir dəfə də olsun malı özü ekspertizaya verib, nəticə çıxaran iş görməyib. Sadəcə olaraq mürəkkəb texniki cihazlar satan biznes qurumlarının işlərinin “lobbiçiliyini” aparır. Bu isə birmənalı şəkildə Azərbaycan hökumətinin biznes qurumları üçün yaratdığı toxunulmaz şəraitdən sui-istifadə etmək, istehlakçı hüquqlarını pozmaqdır.

Bu məsələdə də istehlakçı haqlıdır. Təəssüflər olsun ki, mən indiyə qədər “Kontakt home”un yalnız hüquqşünasları və piar nümayəndələri səviyyəsində görüşə bilmişəm. Yəni şirkətin ən yuxarı rəhbərləri kimdir, onu bilmirəm və görüşmək də mümkün olmayıb. Demək olar ki, heç bir istehlakçı onlarla görüşə bilməyib. Yəni gələndə müştərilərə qapılar açıqdır – “Buyurun”, çıxanda isə qapı bağlanır və geridönüş demək olar ki, yoxdur”.

Ekspert əlavə edir ki, “Kontakt home”dan çox əcaib şikayətlər var:

“Məndə bu şəbəkə tərəfindən dövlətin qanunlarını pozan, istehlakçını aldadan çoxlu faktlar var. Elə bu gün sözügedən şirkətdən bizə iki şikayət daxil olub. Belə şikayətlər hər gün davam edir. “Kontakt home” isə özünü karlığa, korluğa, lallığa vurub, istehlakçı şikayətlərini araşdırmır və özlərinə məxsus servisin rəyi əsas gətirilir. Hökumət orqanları da müstəqil ekspertiza aparmır. Və belə bir şəraitdə də insanların hüquqları getdikcə daha çox pozulur, ölkənin əmtəə bazarı saxta, təhlükəli mallarla dolur.

Düşünürəm ki, “Kontakt home” və bu kimi digər şirkətlər istehlakçılara doğru addım atmalıdırlar. Hökumət də, dövlət də, biznes sahibləri də bilməlidir ki, dövləti, ordunu, biznesi mövcud edən biz istehlakçılarıq. Ona görə də bizim səsimiz eşidilməlidir”.

Məsələ ilə bağlı adıçəkilən şəbəkəyə ünvanladığımız şifahi və yazılı müraciətlər isə cavabsız qaldı.

Mövzunu diqqətdə saxlayacağıq.
KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.