Göyçayda icra başçısı narazılıq yaradır. VİDEO
7-08-2023, 10:04
Göyçay rayon sakini, 1-ci Qarabağ müharibəsi iştirakçısı Şamilov Şahmar Qərib oğlu tərəfindən ölkə rəhbərliyinə və aidiyyəti orqanlara ünvanlanan şikayət ərizəsində deyilir:
Mən Göyçay rayon sakini Şamilov Şahmar Qərib oğlu 1-ci Qarabağ müharibəsi iştirakçısıyam. Həyat yoldaşım il yarım öncə xərçəng xəstəliyindən vəfat edib. Himayəmdə iki azyaşlı yetim övladım var. Uzun illərdir ki, kirayələrdə qalırıq. Dəfələrlə sabiq icra başçılarının qəbulunda olmuşam. Heç kim dərdimizə əlac etməyib. Nəhayət Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olundu. Camaat arasında söz-söhbət gəzirdi ki, "yeni başçı çox yaxşı insandır, hamının şikayəti ilə yaxından maraqlanaraq əlindən gələn köməkliyi edir". Mən də öz növbəmdə onun qəbuluna getdim. Deyilənlərin tam əksinə şahid oldum. O, mənə bildirdi ki, rayon İH-da vətəndaşları fərdi evlə təmin etmək üçün vəsait yoxdur. Halbuki ondan yeni mənzil deyil, sadəcə övladlarımla birgə qala biləcəyimiz kiçik bir sığınacaq istəyirdim. Bu minvalla, nə az, nə çox, ümumilikdə üç dəfə onun qəbulunda oldum. Həqiqətən də Mehdi Səlimzadənin zamanını xatırladım. Baxmayaraq ki, o da köməklik göstərməmişdi. Ancaq, ən azından tabeçiliyində olan əməkdaşlara köməklik göstərilməsi üçün tapşırıq vermişdi. Necə deyərlər: Yağmasa da guruldamışdı. Natiq Ağayev isə tamamilə laqeyd yanaşdı. Onun vətəndaşla olan münasibətini hər xatırlayanda, Mehdi Səlimzadənin ölənlərinə rəhmət oxuyuram. Hansıki istəsəydi, bizə yardım edərdi. Çünki, nə qalmağa evimiz, nə də işim var. Məsələn, Göyçay "Şəhər Təsərrüfatı Birliyi"ndə sosial işlər mövcuddur. İki yetim balam isə məmur özbaşınalığı ücbatından qarın dolusu çörəyə belə həsrətdir. Hazırda kirayə qaldığımız mənzilin sahibi tezliklə buranı boşaltmağımızı tələb edib. Bu gün icra başçısı mənə "Nəyimə gərəkdir, get işlə, uşaqlarına bax", - deyir. Sabah gələcəklər ki, oğlunu ver, əsgər aparırıq.
Mən mətbuat vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya üzümü tutaraq bildirirəm ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevdən bizə haray yoxdur. Sizdən çox xahiş edirəm, bizim sığınacağa yerləşdirilməyimiz və mənim sosial işlə təmin olunmağım üçün köməklik göstərəsiniz.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az