«CƏNNƏT PARK»ın yaratdığı CƏHƏNNƏM ƏZABI... - BU NƏDİ BELƏ?
8-08-2023, 09:49
Yaxud, məhkəmə hakimlərimizin əməllərindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayevə son şikayətnamə…
Hörmətli Fərhad müəllim!
Bəzi məmurların əssasız olaraq müdafiəsində durduğu “Cənnət Park” MTK rəhbərliyinin 8 illik inadkarlıqla “Biləcəritəmirquraşdırma” QSC-yə məxsus metal boruları ələ keçirmə fəaliyyətindən bilirəm ki, xəbərdarsınız. Çünki məhz Sizin peşəkarlığınız və ədalətliliyiniz sayəsində sədri olduğunuz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələyə dair qəbul etdiyi Qərarı ilə artıq iki dəfədir “Biləcəritəmirquraşdırma” QSC-nin mülkiyyət hüququnu tanımışdır. Amma çox təəssüflər olsun, sonuncu dəfə- bir neçə ay əvvəl Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhmən Qəribovun sədrliyi ilə keçirilən iclasda qəbul edilən qərar 8 ildir davam edən bu lazımsız-əsassız və qanunsuz iddialar predmeti olan məhkəmə çəkişməsinin yenidən-3-cü dəfə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumuna çıxarılıb, bir daha icraata qəbul edilməsinə səbəb oldu.
Çoxillik jurnalist təcrübəmdən dəqiq bilirəm: nə qədər ki, Siz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri kimi fəaliyyətdəsiniz, heç bir halda Milli Məclisdə təsdiqlənən və cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış qanunlarımız heç bir məmur və ya iş adamının hikkəsinə qurban verilməyəcək. Bu işdəki süni maraqlı tərəflər dəqiq bilməlidir ki, söhbət təkcə “Biləcəritəmirquraşdırma” QSC kollektivinin 8 ildir əsəbləri sınağa çəkilmir. Həm də Qanunlarımız meydana çəkilir, sözün hüquqi mənasında çarmıxa çəkilir. Axı necə ola bilər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun imzalandığı və rəsmi mətbuatda yayımlandığı andan heç bir müzakirə mövzusu olmayacaq Qərarı hansısa apellyasiya və ya inzibati, lap Ali məhkəmə hakimlərinin yeni məntiqsiz, əsassız hüquqi qərarı ilə «qüvvədən düşmüş» kimi yenidən müzakirə mövzusu olur??? Bu hakimlər özlərində məsuliyyət hiss etmirlər? Hansısa adı bəlli məmurun xahişi, telefon zəngi Prezident İlham Əliyevin imzaladığı Qanunlardan üstündürmü?
Fərhad müəllim, bu hakimlər Allahdan, Konstitusiya Məhkəməsinin Qərarlarından qorxmur, bunu anladıq. Bəs arxasında Fransanın, ABŞ-ın, Kanadanın… durduğu Ermənistanın 30 illik işğalına cəmi 44 gündə son qoymuş Ali Baş Komandan İlham Əliyevin qəzəbindən də qorxmurlar?!
Nəhayət, bu hakimlər və onları üzə, qanunlarımızı isə gücə salan məmurlar, eləcə də 8 ildir iş-gücünü atıb «Biləcəritəmirquraşdırma» QSC-nin halal mülkünü ələ keçirmək üçün min oyundan, saxta sənədlərdən… keçən «Cənnət Park» MTK rəhbərliyi düşünmürmü ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını bəlkə 3-cü dəfə də heçə sayan hansısa bir məhkəmə hakimi tapılacaq?! Təbii ki, bu dəfə bunlar qətiyyən mümkün olmayacaq! Çünki Azərbaycan atalarının böyük bir fəlsəfi yükü olan məsəli var: deyirlər, atalar üçə kimi deyib! Bilməyənlər üçün izahlayım, bu həm də o deməkdir ki, kim məni birinci dəfə aldadıbsa, ona lənət, kim məni ikinci dəfə aldadıbsa, məni inandıranlara lənət! Yox, kim məni üçüncü dəfə aldadıbsa, onda mənə lənət!
Hörmətli Fərhad müəllim!
Dünyanın bir sıra ölkələrinin media qurumlarının üzvü və əməkdaşı, ən azı, Türkiyənin bir neçə nüfuzlu saytının köşə yazarı, eləcə də Avstraliyanın məşhur hərbi jurnallarından biri ilə əməkdaşlıq sayəsində Azərbaycanın 44 günlük müharibəsində dünyaya səs salan «Kukruznik» təcrübəsini ilk dəfə mediada işıqlandıran, Avstraliya Parlamentinə göndərdiyim rəsmi tarixi sənədlər əsasında «DQR»ı tanıma müzakirəsini donduran bir jurnalist kimi, tam əminəm ki, Sizin kimi vicdanlı, ədalətli hakimin sözü birdir: Qanun şahdır, Şah qanun deyil!
Qanunun üçüncü dəfə Şah olması ümidi ilə:
Asif MƏRZİLİ //tezadlar.az//