TARİYEL ƏKBƏROV DİREKTORLARDAN AYLIQ “HAQQ” YIĞIR
2-07-2016, 10:04

Masallı RTŞ-nin keçmiş müdir müavini rayonun təhsil müəssisələrinə yeni pul yığımları tətbiq etməkdədir.
Məlum olduğu kimi, 2015-2016-cı tədris ilinin sonlarında Masallı Rayon Təhsil Şöbəsinin rəhbərliyində müəyyən dəyişiklik edilmişdir. Bu dəyişiklik nəticəsində RTŞ-nin keçmiş müdiri Astan İbişov vəzifəsindən kənarlaşdırılmış, şöbəyə müvəqqəti rəhbərlik müdir müavini Tariyel Əkbərova həvalə edilmişdir. teref.az bizimdovr.az-a istinadən xəbər verir ki, Masallının təhsil sahəsində müşahidə olunan çoxsaylı neqativ hallar artıq bir neçə müddətdir ki, diqqət mərkəzində saxlanılan mövzulardan biri kimi çıxış edir. Ola bilsin ki, məhz elə bu səbəbdən də, Astan İbişovun tutduğu vəzifədən kənarlaşdırılması barədə alınan xəbər ilk növbədə bizim marağa səbəb oldu. Təbii ki, yeni rəhbərlik yeni ümidlər deməkdir. Biz də Masallının ictimaiyyətilə birgə, rayon təhsilinin başına kimin gətiriləcəyini və bu yeni simanın öz fəaliyyətinə hansı islahatlarla start verəcəyini götür-qoy etməkdə idik. Lakin bu xüsusda uzun-uzadı ehtimallar irəli sürməyə ehtiyac olmadı. Tez bir zamanda məlum oldu ki, Masallı RTŞ-nin müdiri vəzifəsinin icrası müvəqqəti də olsa, müavin Tariyel Əkbərova tapşırılıb. Bu isə o deməkdir ki, Masallı təhasili sadəcə olaraq yağışdan çıxıb, yağmura düşüb (əgər leysana deyilsə). Etiraf olunmalıdır ki, bu kadr dəyişikliyinin Masallı təhsilinə hər hansı müsbət bir təsirinin olmayacağı birmənalıdır. Ən azından ona görə ki, indiyədək daxil olmuş və Masallı RTŞ-nin keçmiş rəhbərliyi tərəfindən yol verilən qanun pozuntularından bəhs edən məlumatların əksəriyyətində Tariyel Əkbərovun da adı tez-tez xatırlanırdı. Bir çox mənbələrin iddiasına görə, məhz bu müavin keçmiş RTŞ rəhbərliyinin əksər maxinasiyalarının əsas icraçısı kimi çıxış eirdi. Bu gün isə, Tariyel Əkbərov artıq şöbənin yeganə və tam hüquqlu rəhbəri kimi bütün qanun pozuntularını da şəxsən öz adından həyata keçirir. Bu arada, yeganə dedim, yadıma Masallı rayonu İ.Zülalov adına İskəndərli tam orta məktəbin direktoru Yeganə İsmayılovanın başına gələnlər düşdü. Alınan məlumata görə, bu xanım direktor bir çox digərlərindən fərqli olaraq, Tariyel Əkbərovun RTŞ müdiri postuna təyinatını susqunluqla qarşılamayıb və bu barədə bir çox əsaslı tənqidi fikirlər səsləndirib. Buna görə də, indi Tariyel Əkbərov Yeganə xanımdan öz ərizəsilə işdən çıxmasını tələb edir. Lakin bu gün Masallı təhsilində müşahidə olunan özbaşınalıqlar yalnız Yeganə İsmayılovaya qarşı yol verilən qanun pozuntuları ilə məhdudlaşmır. İlk növbədə təqdim olunan açıqlamalarda Tariyel Əkbərovun Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli sürdüyü ultimatumdan bəhs edilir. Bildirilir ki, RTŞ-nin müdir əvəzi əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən 1000-2000 manat arası (tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq) ödəniş etmələtini tələb edib. Bundan başqa, təqaüd yaşına çatmış müəllimlərin və məktəb direktorlarının da diqqətinə çatdırılıb ki, onlar hər növbəti bir il üçün 1000 manat ödəməklə əmək fəaliyyətlərinin müddətini uzada bilərlər. Və nəhayət, daha bir yenilik də yalnız direktorlar üçün tətbiq olunub. Belə ki, bundan sonra hər bir məkəb direktoru hər ay RTŞ müdirinə əlavə olaraq 100 (yüz) manat məbləğində aylıq haqq ödəməlidir ki, bu ödənişlərin də Tariyel Əkbərovun katibəsi Pəri xanım tərəfindən yığılacağı elan edilib. Qeyd edək ki, rəsmi məlumatlara görə, bu gün Masallı rayonunda 98 orta məktəb fəaliyyət göstərir... Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.