Şəki polisinin Don Juanı
2-07-2016, 10:13
Sahə inspektoru Adil Abdulkərimov əxlaqsızlıqda ittiham olundu.
Zənnim məni yanıltmırsa, elə tarixdə bu adla məşhurlaşmış ədəbi personajın prototiplərindən birinin də əslən Azərbaycanlı olmasına dair mülahizələr mövcuddur. Amma istənilən halda, bu gün Şəki polisinin əməkdaşlarından birinin sərgüzəştlərini izləməklə, belə bir mülahizəni də əsaslandırmağın heç də çətin olmadığını görmək olur. Yəqin ki, bu günlərdə Şəkidə polis kapitanın ərli qadını yoldan çıxarması və ailəsinin dağılmasına səbəb olması barədə ölkə mətbuatında yayımlanan məlumatlarla artıq tanış olmayan yoxdur. Məlumatların “baş qəhrəmanı” isə, Şəkinin Baş Göynük kəndinin sahə inspektoru Adil Abdulkərimov olub. Məlumatlarda bildirilir: “Polis zabiti olan Abdulkərimov bütün əxlaq normalarına tüpürərək Cumakənd ərazisində evli bir qadınla ilişkilər qurub. Nəhayətdə qadının ailəsi bu münasibətdən xəbər tutub. 4 övladı olan qadının ailəsi dağılıb. Qadının əri iddia edir ki, hətta sonuncu uşağın atasının Abdulkərimov olmasından şübhələnir. Əslində buna əmindir, lakin DNK analizini maddi imkanı olmadığından həyata keçirə bilməyib. Bu biabırçı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də artıq şikayət edilib. Ərinə xəyanətdə ittiham olunan gəlinin qayınatası Həmzat Məmmədov da jurnalistlərin sorğularına cavab olaraq bildirib ki, artıq bir neçə ildir həm Baş Göynük kəndinə, həm də bir neçə kəndə sahə rəisi kimi nəzarət edən polis kapitanı Adil Abdulkərimovun onun gəlini ilə münasibətləri var...”
Qaynatanın sözlərinə görə, gəlinin analığı ilə Adilin anası xalaqızıdırlar. Bundan sui-istifadə edən polis əməkdaşı da əvvəlcə, özünü qohum kimi ailənin içinə salıb, get-gəl edib. Sonra isə, evin gəlini ilə Adil Abdulkərimov tez-tez bir yerdə görünməyə başlayıblar: “Adil evli ola-ola, bu qadınla gəzir, dəfələrlə onu ya öz “VAZ 21-07” markalı maşınında, ya da tanışının “VAZ 21-06”-sında gətirib kəndin ağzında buraxıb. Oğlum isə, uzun müddət idi Gəncədə usta işləyirdi. Əvvəlcə mənim böyük oğlum şübhələnib izlərinə düşüb, lakin dəqiq hara getdiklərini müəyyən edə bilməyib. Sonra biz bunları dəfələrlə birlikdə tutduq. Onlar neçə ildir yaxındırlar, sonuncu uşağın 2 yaşı var, onun da Adildən olmasından şübhələnirik. Hətta doğum evinə də Adil gəlib-gedib, tez-tez bir yerdə olurlar. Şahidlərimiz də var. Xalasıqızı da, başqa qohumları da onun üzünə tüpürdülər ki, ayıb olsun sənə. Martın 9-da bunları bir yerdə görəndə oğluma zəng elədim, o da Gəncədən gəldi, gəlindən soruşdu ki, harda olmusan? O isə, Adillə görüşməsini boynuna almadı. Onda oğlum ayrıldı ondan, evi də uşaqlara görə tərk edib bizim yanımıza gəldi. Martın 10-da mən Şəki RPŞ-yə müraciət etdim, polkovnik-leytenant Maqsud Mənsimovla da danışmışam bu haqda. Sonra işi DİN-ə verdilər. İndi guya töhmət veriblər. Amma o adam hələ də polisdədir, əli cibində gəzir. Heç bir cəza verilməyib...”
Amma işin maraqlı tərəflərindən biri də budur ki, Adil Abdulkərimov şikayətçinin dediyi kimi, sadəcə “əli cibində” gəzmir. Bu polis əməkdaşı hələ bir Şəki şəhərində bəzi vətəndaşları əxlaqsızlıqda ittiham edərək onların saxlanması, sonra da onlardan şantaj yolu ilə pul alınması kimi “vəzifə borclarını” da həyata keçirir. Məsələn, bir müddət bundan əvvəl Şəkinin Baş Şabalıd kənd sakini Fuad Lətifov da polis əməkdaşının bu kimi əməllərinin qurbanı olmuşdu. Belə ki, Fuad Lətifov bir neçə ay bunmdan əvvəl Şəki şəhərində kirayə tutduğu mənzildə tanış bir qadınla birlikdə sahə inspektoru Adil Abdulkərimov tərəfindən saxlanılıb. Fuad Lətifovu həmin hadisədən sonra polis idarəsinə aparıblar. Orada isə, vətəndaşdan 2 min manat rüşvət rələb ediblər. O, pul verməkdən imtina etdikdə isə, Vüsal adlı kapitan başda olmaqla, polislər Lətifovu təhdid ediblər ki, tutulması barədə yerli telekanallarda informasiya yayacaqlar. Uzun danışıqlardan sonra, rüşvətin məbləği min manata qədər azaldılıb.
Göründüyü kimi, törətdiyi bütün bu qanunsuz və əxlaqsız əməllərinə rəğmən Adil Abdulkərimov hələ də layiqincə cəzalandırılmayıb. Bəzi mənbələr isə bu vəziyyəti sahə inspektorunun AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudovla olan qohumluq əlaqələri ilə izah edirlər...
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənmək istərdik.\bizimdovr\