Rasim Salmanov ortaq “xəzinə”ni qayınanasına hədiyyə edibmiş

5-07-2016, 09:57           

Vəzir Rəcəbov: “Onun pulu şişib, kefi kökəlib, farmazonluq edir”
Oliqarx şəriklərinin əmlakını bir-bir əlindən alıb öz ailəsinə bağışlayır
Ölkədə özəlləşdirmə prosesinə start veriləndə dövlət də vətəndaşlar da çox ümidliydi. Müəssisələrin səhmlərini alanlar düşünürdülər ki, az keçməz, zəngin olarlar. Dövlətin gözləntiləri də büdcədə dividend proqnozları ilə özünü biruzə verirdi. Lakin sonradan hökumət dividend proqnozlarını yavaş-yavaş azaltdı, müəssisələrin yığıncaqlarında iştirak edən vətəndaşlar da zaman-zaman gözlərini qazancdan çəkməli oldular. Hazırda ən rentabelli müəssisələrdə belə mənfəət yox, zərər göstərmək üzrə sanki bir yarış gedir. Səhm-nəzarət paketi “Bizim Marketlər” şəbəkəsinin əsas payçısı Rasim Salmanovda olan “Bakı Avtonəqliyyat-2” ASC (Maşın Bazarı) gəlirlə işləyən müəssisədir. Burada icarə haqları yüksəkdir. İcarədarları bazarın yalnız 80 faizini hesablayıblar və o nəticəyə gəliblər ki, R.Salmanov oradan ən pis halda aylıq 1,5 milyon manat gəlir götürür. Müəssisənin səhmdarı Vəzir Rəcəbov AzToday.az saytına bildirib ki, qazanılan məbləğ tam olaraq rəsmiləşdirilmir, beləliklə gələn gəlir vergidən yayındırılır. Onun sözlərinə görə, faktiki icarə haqqı ilə sənədlər arasındakı məbləğdə böyük fərq var. Odur ki, müəssisə rəsmi olaraq mənfəətə çıxmır. Cənab Salmanov əvvəllər olduğu kimi bu il də cəmiyyətin səhmdarlarının ümumi yığıncağında 2015-ci ili zərərlə başa vurduqlarını elan edib, yenə səhmdarları narazı salıb. Amma “marketlər kralı”nın şəxsi biznesi getdikcə çiçəklənir. R.Salmanov guya “Maşın Bazarı”nı ağ günə çıxarıb, keçən ildən “Suraxanı Textərtibat” ASC-nin də səhm paketini alıb. Və səhmdarın təbirincə desək, oranı da “Maşın Bazarı”nın gününə salıb.
Torpağı ələ keçirib “Bizim Market”in birini də orada tikib
masin bazariV.Rəcəbovun bildirir ki, “Bakı Avtonəqliyyat-2” ASC-də səhmdarlarla yola getməyən R.Salmanov “Suraxanı Textərtibat” ASC-nin iclasını keçirdiyi zaman kiçik ortaqlarını burada da görəndə az qalsın infarkt keçirib. Bir müddət o, səmdarların üzünə baxıb, səhmdarlar da onun. Hər iki tərəf üçün bu qarşılaşma sürpriz olub. Amma sonda hər kəs özünə gəlib, məcburən vəziyyətlə barışaraq yığıncağı keçiriblər. V.Rəcəbov deyir ki, R.Salmanov səhmdar cəmiyyətinin ərazisini zəbt edib, “Bizim Market”in birini də müəssisənin torpağında inşa edib. Qeyd edək ki, eyniadlı daha bir market Salmanovun səhm paketinə nəzarət etdiyi “Bakı Avtonəqliyyat-2” ASC-nin səhmdarlarından gizli satdığı ərazisində inşa olunmuşdu və çoxdan fəaliyyət göstəirir. V.Rəcəbov: “Market hazırda fəaliyyətdədir. Rasim Salmanov biz səhmdarlar üçün küncdə bir daxma düzəldib ki, “bu da sizin, siz ayrılmısız”. Farmazonluq edir, haradasa güclü arxası var, ona güvənir. Pulunun həcmi şişib, kefi də kökəlib, qarnı da. Vergilərə “ağlamaqlarına” baxmayın, pulu çoxdur ki, gedib əlavə bir müəssisəni də keçən il alıb. Səhmdarları orada da incidir, müəssisənin 60-a yaxın payçısı vardı. Amma o, açıq havada, zibillikdə iclas keçirtdi. Adına-sanına yaraşmır, böyük bir şirkətin prezidentidir, “Bizim Marketlər” şəbəkəsinin əsas ortağı, mültimilyoner Rasim Salmanovun orada vəziyyətini gördüm, ona yazığım gəldi. Təsəvvür edin ki, milyonçu adam nə vəziyyətə düşübsə zibilxanada iclas keçirir. İstəmir ki, 15-20 manat pul xərcləyib səhmdarları normal yerə aparsın. Təklif elədim ki, “gəlin iclası başqa yerdə keçirək, burada ayıbdı, narahat olmayın, yerin icarə pulunu mən verəcəm”. Kollektivin üzvlərindən xeyli qadın da vardı, camaat ayaq üstə qalmışdı. Səs-küy çoxdu, hesabatı özü oxudu, özü eşitdi. Bir sözlə, biabırçılıqdı. Ölkədə səhmdar cəmiyyətləri unudulub, arxa plana atılıb. Mülkləri dağıdıb, yerləri zəbt ediblər. Salmanov “Avtonəqliyyat”ın torpağını necə ələ keçribsə, bu müəssisənin ərazisini də eyni qaydada işğal edib”.
Müəssisəni ikiyə bölüb: “bura mənimdir, ora sizin”
Müsahibimiz müəssisənin səhmlərini sonradan aldığını söyləyir, ona qədər isə cəmiyyəti “Avtonəqliyyat”da olduğu kimi guya öz aralarında bölüblər: “Bölgüdə iştirak edənlər iddia elədilər ki, kiçik ortaqlara ayrılması razılaşdırılan mülk indi bizə rəva gördükləri deyil, marketin böyründəki üstüörtülü tikili olub. Çığır-bağır saldılar ki, “sən bizə haranı göstərirsən”? Kiçik pay sahiblərinə verilməli olan hissəni Rasim bəy marketinə qatıb. Zibilxananın içində anbara bənzəyən qəzalı bir yeri də əli ilə göstərir ki, “sizin əmlakınız budur”. Səhmdarlar israr elədilər ki, bizim tikilini açın, iclası orada keçirək. İçində avadanlığın olduğunu, oraya girməyin mümkün olmadığını bəhanə elədi. Yəni öz əmlakımızı bizə göstərmədi. “Oyunlar” aparırlar. “Avtonəqliyyat-2”də olduğu kimi torpağını birinin adına rəsmiləşdirib, arzuladığı kimi istifadə edir. Ssenari eynidir, “Uzaq Sahillərdə” filmində deyildiyi kimi, “həmin koordinat, həmin dalğa”. Hər ikisindən milyonlarla pul götürür, amma ortada səhmdarlar üçün mənfəət yoxdur. Hesabatı əslində idarə heyəti sədri oxumalıydı, amma R.Salmanov özü oxumadı, “Avtonəqliyyat”ın mühasibi Bilal çıxış elədi. Əslinə qalsa, mühasibin heç həmin iclasda iştirak hüququ da yoxdur. Salmanov “Avtonəqliyyat”da necə danışırsa, burada da həmin qaydada çıxış edir. Deyir, “mən öz payıma düşəni almışam, sizdən ayrılmışam, bax bu tərəf sizindir, inşa elədiyim “Bizim Market”ə də aidiyyatınız yoxdur. Elə bil ora bir səhmdar cəmiyyət kimi baxmır, əmlakı öz aləmində “ayırır”, kefi istədiyi kimi “bölür”. Amma ortada bir sənəd yoxdur”.
Əmlak Komitəsinin “riyazi fırıldağı” ifşa olundu
masin bazari3R.Salmanov müəssisəni “bölsə” də özü yenə kiçik səhmdarların olduğu hissədə paket sahibi kimi qalıb, onlarla iclas keçirir. Azərbaycanda Əmlak Komitəsindən gələn bir “riyazi sistem” yaradılıb. V.Rəcəbov bu “sistemi” çözdüyünü deyir: “Tutaq ki, bir oliqarxın müəssisədə 98% səhmi var, 2% də kənar səhmdarlardadır. 98%-dən 3%-ni bir nəfərə satır, daha doğrusu yaxınlarının birinin adına keçirir. İclas çağırıb, ayrıldığını elan edir. 3% sahibi də iclasa gəlir, səs verirlər, düzüb qoşurlar, bölünmə gedir, paket sahibi ayrılır. 95% öz mülkiyyətini götürür, götürdüyü hissənin indi 100% sahibi olur. Bu məsələni bilirsiniz də, müəssisələrdə beş-on səhmi olan adamlara 100-200 manat pul, onlar da ayrılmağa, bölünməyə səslərini verirlər. Məsələni pulla həll edirlər. Sonra da vergiyə müəssisənin ali orqanı olan ümüumi yığıncağın protokolunu təqdim edib göstərirlər ki, “budur, camaatın razılığı ilə eləmişik”. Fərz etsək ki, qanuni bölgü aparılıb, yerdə qalan 5%-in 3%-i onun “adamı”ndadır. Yenə səhmin 60%-i onundur və ikinci payda da söz sahibi özüdür, 40% yerdəki səhmdarlara qalır. Beləliklə, əsas hissəni problemsiz, şəriksiz götürür, yerdə qalan cüzi hissəni də yenə özü bildiyi kimi idarə edir. Bir müddət keçəndən sonra həmin 60%-i də yaxınından alqı-satqı yoluyla şirkətinin adına keçirib, yenə söz sahibi özü olur. Bu fırıldağın “mexanizmi” belədir. Müəssisənin “yağlı yerini” götürüb aparır, çox da mühüm olmayan “qabırğa hissəsi” kənarda qalır, öz adamını oraya atıb ikinci səhmdar kimi yaradırlar. Və ya ikincini heç yaratmırlar. “Suraxanı Textərtibat” əvvəlki nizamnamə kapitalı ilə yox, yeni bir nizamnamə kapitalı ilə formalaşdı və ortaya təzədən bu şəkildə çıxdı. Çünki, 95% yoxdur axı, yerdə 5% qaldı. Cəmiyyətləri bax bu şəkildə mənimsəyirlər. Bu, bir çox müəssisələrdə artıq baş verib. Paket sahibi özünü götürüb çıxır. “Maşın Bazarı”nda da belə elədi, əsas hissəni götürüb çıxdı və yəqin ki, başqa ad altında yenidən qeydiyyatdan keçirdi, qalan hissədə isə yenə paket sahibi kimi fəaliyyət göstərir və müəssisənin ümumi yığıncağını özü keçirir, baxmayaraq ki, bizimlə əməlli-başlı vidalaşmışdı”.
Multimilyoner kiçik ortaqlarından qurtula bilmir
Amma dövlət qurumları “Sabunçu İstehsalat Xidməti Bazası”, “Sumqayıt Soyuducu Baza” səhmdar cəmiyyətlərində bunu eləmədilər. V.Rəcəbov deyir: “Görünür onların adamı, ya da maddi vəziyyəti “zəif” olub. Ya da “xəsislik” güc gəlib”. Orada bir “əmma” var ki, etməyiblər. “Avtonəqliyyat”ı böləndə R.Salmanov sentimental çıxış eləmişdi, “bir daha sizinlə görüşməyəcəyik-filan”, demişdi. Amma oradakı səhmdarları bir də “Suraxanı Textərtibat”da görəndə az qaldı dəli olsun. Gözlərinə inanmırdı, elə bilmişdi ki, bizdən canını qurtarıb. Hansı cəmiyyətə əl atsa, qarşısına eyni səhmdarlar çıxır. Bizimlə hələ çox görüşəcək. Həm də üz-gözü “öyrəşib”. Misal üçün, səhmdar Xaqanı Məmmədov onun payçılara münasibətinə dözə bilməyib yenə sərt danışdı, tənqid elədi. R.Salmanov isə özünü eşitməzliyə vururdu, üzünün ifadəsi də dəyişmirdi. Artıq öyrəncəli olub. Əvvəllər ola bilərdi əsəbləşsin, indi isə gülür, onda “tolerantlıq” yaranıb. Hələlik iki səhmdar cəmiyyətdə rastlaşmışıq. Adama marketlərdən pul kisə ilə gəlir, o da gətirib belə müəssisələrə “yatırır”. Sonra onların da torpağını götürüb üzərində pul qazanır. Mənfəətə çıxmayan, dividend verməyən müəssisələr cərimələnsə, hamısı qorxusundan gəlirlərini göstərəcəklər. Necə ki, başqa sahələrdə cərimələr artdıqca insanlar az da olsa məsuliyyət hiss edirlər, burada da belə olmalıdır”.
Salmanovun “xəzinə”si qayınanasının adına imiş
masin bazari1R.Salmanov “Maşın Bazarı”nın ona böyük pullar qazandırdığını səhvən etiraf eləmişdi. Səhmdarlara “oturmusuz qızılın üstündə, deyirsiz ki, buranın hamısı mənimdir”, deməklə sirrini açmışdı. Və xəbərdar eləmişdi ki, “bu xəzinənin sizə dəxli yoxdur”. Minoritarların payına gəldikdə isə, barmağını istifadəsində olan əmlaka uzadıb bərk-bərk tapşırırdı ki, “bax a, birdən başqa fikrə düşərsiz, torpaq sizin deyil, onun da sahibi var, sizinki qaçqınlar məskunlaşan tikilidir”. “Bizim Marketlər”in ortağı pulsuzluqdan müəssisənin 4,5 ha torpağından imtina edib, başqasının adına özəlləşdirilməsinə razı olub. Təbii ki, simvolik olaraq bu, belədir. Əslində isə torpaq kənar adamda deyil, yaxınlarının adındadır. Amma onu ələ keçirib, səhmdarları da itələyib qapının çölündə qoyublar. Bir müddət əvvəl oliqarxın qayınanası da mətbuata üz tutmuş, kürəkənini maliyyə fırıldaqlarında, ölkədən pul qaçırmaqda suçlamışdı. Hətta “Bizim Marketlər” şəbəkəsinin hüquqi sahibi olduğunu demişdi. Yaşlı qadının o boyda pulu hardandır? Salmanov kimi zənginlər əmlaklarını ailə üzvləri, qohumlarının adına rəsmiləşdirirlər. Çox güman ki, oliqarx əmlakını “qorumaq” üçün onu qayınanasının adına keçirib. Qayınana Xanımbacı İsmayılova bildirib ki, özəlləşdirilmiş çoxsaylı obyektlərlə yanaşı “Maşın Bazrı”nın yerləşdiyi 4,5 ha torpaq sahəsi də onun adınadır. Bu ittihamlar Salmanov tərəfindən təkzib olunmayıb. Əgər səhmdarlar prinsipiallıq nümayiş etdirsələr, torpağın olmayan hərracının nəticələrini ləğv etdirə bilərlər. Allah bilir, “Suraxanı Textərtibat”ın torpağı da yəqin qayınatasının adınadır.
Cənab Salmanov səhmdarlara göstərdiyi münasibəti icarədarlarına da nümayiş etdirir. “Maşın Bazarı”ndan yığılan icarə haqlarını tam məbləğdə rsmiləşdirmədiyi bir tərəfə, iş yeri sahibi kimi orada təhlükəsilik tədbirləri də görməyib. Bu günlərdə bazarda baş verən yangın bunu ortaya çıxarıb. Məlum olub ki, dükanlardakı elektrik xətləri bərbad vəziyyətdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.