Məmurların yanan bina qorxusu - İkisi gedir sonrası.......
21-05-2015, 09:52
16 mərtəbəli binada yanğın ölkənin bütün gündəmini, Avropa Oyunlarına köklənmiş ab-havasını büsbütün dəyişib. Bunun da səbəbi aydındır. 2007-ci il avqustun 28-də Bakının Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən çoxmərtəbəli binanın çökməsindən sonra bu, məhz məmurların məsuliyyətsizliyi səbəbindən paytaxtda baş vermiş ən ağır hadisə sayılır.
Xatırladaq ki, 25 nəfərin ölümü ilə nəticələnən həmin hadisə zamanı da prezident İlham Əliyev Abid Şərifovun rəhbərliyi ilə Dövlət Komissiyası yaratmış, hadisə yerinə şəxsən baş çəkmişdi. Amma Azərbaycan 7 il əvvəlki ölkə deyil, o vaxt təzəcə yaranmış FHN-in təcrübəsi də, texnikası da az idi, indi şükür, helikopterləri də var.
Bəlkə məmurların da prezidentlik müddətinin beş ilini tamamlamamış, 2005-ci ildə iki naziri xəyanətə görə həbs etdirən İlham Əliyevlə işləməkdə müəyyən çətinlikləri var idi. Amma Azərbaycan da, paytaxt Bakı da indi çox dəyişib, ölkə fövqəladə hadisələrdən-Aran rayonlarında subasmalardan, Zaqatala bölgəsində zəlzələdən - öz gücünə çıxa bilib, iqtidar da idarəçilik sistemini daha da gücləndirib. Paytaxt Bakı “çadır çayxanalardan” abad bir şəhərə çevrilib, hər il bu məqsədlə dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.
Bu faciənin məhz 20 gün sonra Avropa Oyunlarına ev sahibliyi etmək kimi fövqəladə məsuliyyətli bir yarışa start verəcək Bakıda baş verməsinə prezidentin bu cür sərt reaksiyası gözlənilən idi. Çünki bu, bir təbii fəlakət nəticəsində deyil, məhz məmurların yumşaq ifadə etsək, məsuliyyətsizliyindən doğan hadisədir.
***
Mayın 20-də hadisə yerindən qayıtdıqdan dərhal sonra prezident Dövlət Komissiyasının üzvləri ilə keçirdiyi toplantıda məmur-oliqarx sistemini ciddi silkələyəcək və sensasion açıqlamalar verib. Prezident əvvəlcə yanğın hadisəsinin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib: “Əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq? Hər kəs nəticə çıxarmalıdır, hər bir məmur öz məsuliyyətini dərk etməlidir. Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.
Prezidentin çıxışından aydın görünür ki, Avropa Oyunları ərəfəsi baş verən bu hadisədə əsas vurğu “kimdir günahkar” sualının üzərinə qoyulub. Dövlət başçısı həbs edilən şirkət rəhbəri haqqında danışmayıb və bu da təsadüfi deyil. Bu o anlama gəlir ki, həbsə alınan, üzlük istehsal edən şirkət rəhbəri bu binaya görə “yanan” yeganə adam olmayacaq. Bu o deməkdir ki, həbs edilən “günahkar”la iş bağlanmayacaq, bu ağır hadisəyə görə yaxasını kənara çəkmiş məmurlar da üzə çıxarılacaq.
Bu xüsusda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adı ilk sırada çəkilir. Məlumatlara görə, yaxın qohumu, vergilər naziri Fazil Məmmədovun dəstəyi ilə Bakı meri olmağa iddialı icra başçısının taleyi indi böyük sual altındadır. Onun adının Dövlət Komissiyasının tərkibinə salınmaması (Yasamalda baş verən uçqun zamanı rayonun icra başçısı nazirlərlə bərabər komitədə təmsil olunurdu) yekunda onunla da bağlı qəti qərar veriləcəyini göstərir. “Odda yanmaz, suda batmaz” Abutalıbovun da bu hadisə ilə son limitini “yandırdığı” və Avropa Oyunlarından sonra gedəcək məmurlar sırasında adının birinci olacağı deyilir. Prezident iclasda Bakıdakı qanunsuz evlərlə bağlı da danışıb: “Sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının xəbəri yoxdur, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur...”
Prezident qanunsuz tikililərlə bağlı danışarkən Abutalıbovun adını da çəkib. Prezident “Dostluq” parkında 7-8 il əvvəl ağacların qırılması ilə bağlı hadisəni xatırladıb: “Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz ”Dostluq" parkının yanında - yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar".
***
Son günlərin ən qalmaqallı hadisəsi oliqarxların həbsindən danışan prezident sensasion sayıla biləcək açıqlama verib.
Dövlət başçısı bildirib ki, həbs edilən iş adamları dövlət əmlakını talayıb, dövlət vəsaitini oğurlayıblar: “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsus ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək”.
Qeyd edək ki, “Yeni Müsavat” Beynəlxalq Bankdan külli miqdarda dövlət əmlakının mənimsəyən iş adamlarına bəzi nazirlərin “krışalıq” etdiyi barədə məlumatlar dərc etmişdi. Həmin məlumatlarda deyilirdi ki, nazirlərin kimliyi barədə konkret bilgilər prezidentə verilib və Avropa Oyunlarından sonra hakim komandada ciddi “təmizləmə” olacaq, hətta üçədək yüksək rütbəli məmur həbs ediləcək. Prezident bir neçə müşavirəsində məmurlarla bağlı sərt xəbərdarlıqlar edib. Amma bu dəfə dövlət başçısı konkret olaraq iki cinayət hadisəsi-oliqarxların işi və faciəli yanğın barədə danışarkən bu cür “bir dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək, cinayət törətmisənsə, get, cəzasını çək” kimi sərt tonu seçib.
Bu artıq hakim komandada Avropa Oyunlarından sonra olacaq ciddi dəyişikliyin anonsudur. Yanan bina bu prosesi, sadəcə, daha da sürətləndirib...