“KÖRPƏMLƏ MƏHKƏMƏ, YOXSA İCRA ORQANI ALVER EDİR?!” – Sensasiyalı müraciət + FOTOLAR

30-11-2023, 10:14           
“KÖRPƏMLƏ MƏHKƏMƏ, YOXSA İCRA ORQANI ALVER EDİR?!” –
“Mənim körpə övladımla açıq şəkildə alver edirlər. Nə Allahdan, nə də qanunlardan qorxurlar. Cəmi 6 aylıq ikən əlimdən zorakılıqla alınan körpəmi geri qaytarmaq üçün 1 il 8 aydır ki, hüquq-mühafizə orqanlarının, məhkəmələrin qapılarında sürünürəm. Nə mənim bir ana kimi fəryadımı eşidən var, nə anasız buraxılan körpəmə yazığı gələn, nə də qanunlara əməl edən. Çarəsiz buraxılmışam, dövlətimdən kömək istəyirəm!”.

Bu fikirlər hazırda Qəbələ rayon Xırxatala kəndində yaşayan, 1 il 8 aya yaxındır ki, südəmər körpəsi əlindən alınan Səmədli Fəridə Vaqif qızının Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimova və Ədliyyə naziri Fikrət Məmmədova müraciətindən götürülüb.

Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, bu yaxınlarda saytımızda südəmər körpəsi əlindən alınan Səmədli Fəridə Vaqif qızının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciət dərc olunub. (bax:) Həmin müraciətdə F. Səmədli qarşılaşdığı təfsilatı ilə qeyd edib.

Fəridə Səmədlinin İnam Kərimov və Fikrət Məmmədova müraciətində də qeyd olunan həmin faktları oxucuları yormamaq üçün təkrar dərc etmirik. Tanış olmayanlar həmin müraciətə bu linkdən baxa bilərlər.


Qeyd edək ki, mütəmadi olaraq keçmiş həyat yoldaşı Elvin Səmədli və onun ailəsi tərəfindən ağır işgəncələrə məruz qaldığı üçün ayrılmağa qərar verən F. Səmədlinin həmin vaxt 6 aylıq olan körpəsi əlindən alınıb.

“Həmin vaxtdan artıq 1 il 8 aya yaxın müddət keçir ki, mən övladıma həsrət qalmışam. Nəinki onu görməyimə, hətta səsini duymağıma belə imkan vermirlər. Bir ana kimi işgəncələrin ən dəhşətlisini yaşayıram!”, – deyə F.Səmədli müraciətində bildirib.

Qeyd edək ki, bu 1 il 8 ayı F.Səmədli və ailəsi məhkəmə qapılarında keçiriblər. Bununla bağlı F. Səmədli müraciətində yazr:

“Keçmiş həyat yoldaşım Sabunçu rayonunda yaşamasına, hətta orada mağaza müdiri işləməsinə baxmayaraq başqa ərazidə qeydiyyatda olduğu əsas (bəlkə də bəhanə) gətirilərək müraciətimə baxılmasını bacara bildikləri qədər uzatdılar. Təbii ki, mənə övladımı əlimdən almaq üçün hər şeyi edəcəyini bildirən keçmiş həyat yoldaşımın qanunsuz və dolayı yollarla məhkəmələrə də müdaxiləsi nətəcində...

Sabunçu rayon Məhkəməsi xeyli müddət gözlədikdən sonra işə baxmayıb Qəbələ rayon Məhkəməsinə göndərdi. Qəbələ rayon Məhkəməsi 3 aya yaxın gözlədikdən sonra hazırlıq iclasında hakim işə baxa bilməyəcəyini bildirərək işi keçmiş həyat yoldaşımın qeydiyyatda olduğu Ağdam rayon Məhkəməsinə göndərdi.

Həmin vaxt məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət etdikdən və onun tərəfdən müraciətim nəzarətə götürüldükdən sonra Ağdam rayon Məhkəməsində işə baxılmağa başlanıdı. Ancaq burda proses mümkün qədər uzadıldı. Qarşı tərəfin hətta qanunsuz vəsatətləri belə təmin olundu. Ən son tarixlərə təyin edilən məhkəmə proseslərinin yekununda Ağdam rayon Məhkəməsinin hakimi Rafiq Məmmədov övladım Yunus Səmədlinin ana kimi mənim himayəmə veriməsinə dair qətnamə çıxardı. Bundan sonra qarşı tərəf apellyasiya şikayəti verdi. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı. 2 ay da qarşı tərəfin Ali Məhkəməyə müraciət edə biləcəyi gözlənilərək, qərarın icraya yönəldilməsi gecikdirildi. Ancaq qarşı tərəf Ali Məhkəməyə müraciət etmədi.

Hörmətli İnam müəllim, hörmətli Fikrət müəllim!

Uzun ayrılıqdan sonra nəhayət övladıma qovuşacağımı gözlədiyim halda bu dəfə yeni bir problem yaratdılar. Belə ki, məhkəmə qərarının icrası üçün Ağdam rayon İcra Şöbəsinə müraciət etdik. Ordan keçmiş həyat yoldaşımın Sabunçu rayonunda yaşadığı əsas gətirilərək icra məktubununun Sabunçu İcra Şöbəsinə göndərildiyi bildirildi.

Dəfələrlə müraciət etdikdən sonra noyabr ayının əvvəlində Sabunçu rayon İcra Şöbəsinə işin icra məmuru Hafiz İsrafilovun nəzarətində olduğu bildirildi. Bu dəfə də icra məmuru məhkəmənin qərarını yerinə yetirə bilməyəciyini bəyan etdi. Ağdam rayon İcra Şöbəsindən onlara yalnız aliment qərarının icrasının təmin olunmasına dair məktub gəldiyini iddia edirlər. Ağdam rayon Məhkəməsinin 2 (103) -245/2023 saylı qətnamənin qət edirəm hissəsində “03.08.2021-ci il təvəllüdlü Səmədli Yunus Elvin oğlunun anası, iddiaçı Səmədli Fəridə Vaqif qızının himayəsinə verilsin” ifadəsi qeyd olunsa da, İcra Şöbəsi bunu icra etməkdən imtina edir. Sabunçu İcra Şöbəsinin icra məmuru Hafiz İsrafilov məhkəmənin bu qərarının övladımın mənə verilməsi üçün əsas yaratmadığını bildirir”.

F. Səmədli müraciətdə bildirir ki, Sabunçu İcra Şöbəsi əvvəlcə bu qərarı icra etməkdən imtina etməsinin səbəbini belə izah etmirdi: “Ağdam İcra Şöbəsindən onlara övladımın mənə alınıb verilməsinə dair məktub göndərmədiklərini iddia edir. Məsələni Ağdam İcra Şöbəsi ilə “həll etməyimizi” məsləhət bilirdilər.

Ancaq Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra Sabunçu İcra Şöbəsindən bizə bildirdilər ki, problemi yaradan Ağdam rayon Məhkəməsinin hakimi Rafiq Məmmədovdur. İddia edilir ki, hakim Rafiq Məmmədov qəsdən qətnaməni “03.08.2021-ci il təvəllüdlü Səmədli Yunus Elvin oğlunun anası, iddiaçı Səmədli Fəridə Vaqif qızının himayəsinə verilsin” kimi çıxarıb. Qətnamənin icrası üçün guya ora “atasından alınıb” sözü də yazılmalı imiş.


Sabunçu İcra Şöbəsindən o da bildirilir ki, bununla bağlı Ağdam rayon Məhkəməsinə izah vermək üçün müracət ediblər. Ancaq üzərindən 10 günə yaxın vaxt keçsə də, hər hansı bir cavab almayıblar. Bizə bildirilir ki, hakim Rafiq Məmmədov belə bir izahı verməkdən imtina edir. Deyir ki, qətnamə necə yazılıb, elə də icra olunmalıdır. Vəkilimizin bununla bağlı müraciətlərinə isə cavab verilmir.

Hörmətli Fikrət müəllim! Hörmətli İnam müəllim!

Biz sadə insanlarıq, hüquqi savadımız yoxdur! Ancaq vəkilimizin yazdığı iddia ərizəsində də övladımın keçmiş həyat yoldaşımdan alınaraq ana kimi mənim himayəmə verilməsi tələbi qoyulub. Hakimin çıxardığı qətnamədə də övladımın mənim himayəmə verilməsi əksini tapır.

Ancaq indi isə 2 dövlət orqanın təmsilçiləri məsuliyyəti bir-birinin üzərinə ataraq ana kimi mənim haqqımı və qanunlarımı pozurlar. Mən nə edim, Siz deyin?!

Dövləti təmsil edən, dövlətin adından qərar çıxaran insanlar bu cür söz oyunu ilə qanunları pozacaqsa, vətəndaş kimdən, hardan kömək istəsin?!

Hörmətli İnam müəllim, hörmətli Fikrət müəllim!

Keçmiş həyat yoldaşım mağaza müdiridir, maddi imkanları var. Açıq şəkildə deyir ki, hamını “razı salmışam”. Belə çıxır ki, mənim körpəmi alver predmetinə çeviriblər. Sizdən xahiş edirəm, məmim körpəmlə kimin, hansı orqanın - Sabunçu İcra Şöbəsinin,onun rəisinin, yoxsa Ağdam rayon Məhkəməsinin, hakimin alver etdiyinin araşdılmasına, günahkarların cəzalandırılmasına, məmim qanuni haqqımın təmin olunmasına kömək edəsiniz! Sizə bir ana kimi yalvarıram, müraciətimi şəxsi nəzarətinizə götürəsiniz, körpəmə ən qısa vaxtda qovuşmamı təmin edəsiniz!

Hörmətlə, Səmədli Fəridə Vaqif qızı (Tel: 051 535 17 93)”.

Qeyd edək ki, F.Səmədlinin müraciətindəki faktlar cinayət araşdırmasının başlaması üçün əsas sayıla bilər. Belə ki, ya dövlət adından çıxarılan qətnamə qəsdən yerinə yetirilmir, ya da hakim dövlət adından çıxardığı qətnamədə manipulyasiya edib. Bunun nəticəsində isə ana övladından məhrum edilir, hətta intihara sürüklənir.

Bu isə dövlət qurumlarından birinin və ya hər ikisinin səlahiyyətli şəxslərinin insan alverində iştirakı ehtimalını yaradır. Bu iddia əlbəttə, araşdırılmalıdır! Günahın Sabunçu İcra Şöbəsininin sədri Füzuli Hüseynovdamı, Ağdam rayon Məhkəməsinin hakimi Rafiq Məmmədovdamı və ya başqa birində olduğu ictimaiyyətə açıqlanmalıdır.

Çünki bu cür faktlar Prezident İlham Əliyevin tapşırığı ilə məhkəmə-hüquq sahəsində başlanan islahatlara inamsızlıq yaradır. Dünyanın heç bir yerində, hətta sivil hüquq normalarının olmadığı ölkələrdə belə körpəni anadan ayırmırlar. Azərbaycanda isə iki ilə yaxındır ki, ana əlindən alınan körpəsini geri ala bilmir. Məhkəmə-hüquq sahəsində çalışan vəzifəli şəxslərin də bu işdə rol oynaması isə dövlətin imicinə ağır zərbə vurur.

Azərbaycan ictimaiyyəti, qadınların və uşaqların hüquqlarını qoruyan təşkilatlar, Ombudsman və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələni nəzarətə götürməlidir. Ana intihar etdikdən sonra məsələni araşdırmağın mənası olmur.

Yəqin ki, Ali Məhkəmənin sədri İnam Kərimov və Ədliyyə naziri Fikrət Məmmədov da bu məsələni diqqətdən kənarda qoymayacaq.

Mövzunu diqəqətdə saxlamağa çalışacağıq.
R. Əliyev
“AzPolitika.info”

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.