Bakı faciəsindən dərs çıxartmayan şirkət - "Xəzər İnşaat XXI əsr" MMC Bakıya yenidən facuə yaşatmaq fikrindədir

21-05-2015, 20:26           
Bakı faciəsindən dərs çıxartmayan şirkət - "Xəzər İnşaat XXI əsr" MMC Bakıya yenidən facuə yaşatmaq fikrindədir
May ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsi bütün ölkəni silkələdi. İkin ehtimallara görə, binanın fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən yanğın nəticəsində 15 nəfər həlak olub, onlarla insan isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Binəqədi rayonundakı məlum yanğından sonra paytaxtda penoplastla üzlənmiş binaların fasadının sökülməsinə başlanıb. Bu cür binalarda yaşayan sakinlər özləri, eləcə də aidiyyəti qurumların nümayəndələri süni örtükləri sökürlər. Bakı meri Hacıbala Abutalıbov isə bildirib ki, paytaxtda bu üzlüklə üzlənmiş 140 bina var: "Ekspertizanın qərarından sonra onların sökülüb-sökülməyəcəyinə qərar veriləcək". Penoplastla üzlənmiş binalarda yaşayan vətəndaşlar ekspertizanın rəyindən asılı olmayaraq fasadları təcili surətdə sökürlər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının da bildirdiyi kimi, hazırda paytaxt ərazisində penoplastla üzlənmiş 100-dən artıq bina var. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, paytaxtda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan bəzi şirkətlər süni örtükdən daha çox istifadə edirlər. Əldə etdiyimiz məlumatlara görə, "Xəzər İnşaat XXI əsr" MMC-nin paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində inşa etdiyi bir neçə binaya penoplast vurulub: "Həmin binalardan bir neçəsi artıq istifadəyə verilib. Binalar hələ tikilməmişdən qabaq burdan mənzil alan vətəndaşlar binanın penoplastla üzlənəcəyinə etiraz etmişdilər. Lakin şirkət rəhbərliyi həmin materialların yanğına davamlı və təhlükəsiz olduğunu deyərək insanları inandırmışdı. Binəqədidə baş vermiş yanğın hadisəsi süni fasadların nə dərəcədə təhlükəli olduğunu göstərdi. Günahsız insanlar, körpələr həyatını itirdi. Yerli icra hakimiyyəti orqanlarına tez alışan süni fasadla bəzədilmiş binaların hamısının üz hissəsinin sökülməsi haqda tapşırıq verilib. "Xəzər İnşaat XXI əsr" MMC-nin rəhbərliyi isə hələ də gözləmə mövqeyi tutur. Penoplast üzlüklərin sökülməsi ləngiyir". Araşdırmalar nəticəsində o da bəlli oldu ki, sözügedən şirkət Beynəlxalq Bankın maliyyə dəstəyi əsasında vətəndaşlara 1-10 il müddətinə ipoteka kreditləri təklif edir: "Mənzillərin ilkin satış qiyməti bazarın tələblərinə cavab vermir. Manatın devalvasiyasına qədər şirkət mənzillərin satışını milli valyuta ilə aparırdı. Manat ucuzlaşandan sonra qiymətlər dollarla hesablanmağa başladı. Bu şirkətin fəaliyyətində yetərincə qüsur var. Ucuz və keyfiyyətsiz materiallardan istifadə edib vətəndaşlara baha qiymətə mənzil satırlar. Hazırkı vəziyyətdə ən böyük problem şirkətin tikdiyi binalara vurduğu penoplastla bağlıdır. MMC-nin Yeni Günəşli qəsəbəsində yerləşən binalarında yaşayan sakinlərin həyatı təhlükə altındadır. Binanın fasad hissəsində cüzi alışma baş versə, yanğının şiddəti genişlənə bilər. Şirkət rəhbərliyi bunu nəzərə alıb penoplast üzlükləri dərhal sökməlidir. Binəqədidə baş verən hadisə heç kimin bədbəxt hadisələrdən sığortalanmadığını bir daha göstərdi". Bu arada, onu da qeyd edək ki, dünən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib. Dövlətimizin başçısı hadisə zamanı həlak olanların ailələrinə bir daha başsağlığı verib. Hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra prezident İlham Əliyev yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışıb. O hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. Ölkə başçısı bildirib ki, yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir. Hazırda paytaxtda oxşar materiallarla üzlənmiş binaların kifayət qədər çox olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə oxşar materiallarla üzlənmiş binalarda ekspertizanın keçirilməsi, materialların tərkibinin öyrənilməsi, təhlükə olduğu halda həmin binaların üzlüklərinin dərhal sökülməsi barədə konkret göstərişlərini verib. Deyilənə görə, "Xəzər İnşaat XXI əsr" MMC tərəfindən tikilən binalarda istifadə olunan süni fasadlar da keyfiyyətsiz və oda davamsızdır. Binalara vurulmuş penoplast örtüklərin nə vaxt söküləcəyini öyrənmək üçün sözügedən şirkətlə əlaqə saxladıq. Şirkət rəsmisi bildirdi ki, hələlik bu barədə onlara heç bir göstəriş verilməyib. Hesab edirik ki, əlaqədar qurumlar məsələ ilə maraqlanmalı və vətəndaşların növbəti dəfə faciə ilə üzləşməməsindən ötrü lazımi tədbirlər həyata keçirməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.