"Pilot Residence" ötən il pilləkəni olmayan binanın liftini də bağlayıbmış - Qurumlar hara baxır?
5-01-2024, 17:52
Xəbər verdiyimiz kimi, "Pilot Residence" MTK-ya məxsus Səbail rayonu, Rostoropoviç küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində pilləkən bağlanaraq, yerində obyekt tikilib. Burada yaşayan sakinlərin yeganə ümid yeri lifdir. Lift işləməsə, mənzillərə qalxmaq-düşmək mümkün olmayacaq. Bu barədə ATV kanalı sujet hazırlayıb.
Bu problemlə bağlı ötən ilin avqust ayında "Xəzər Xəbər"də sujet yayımlamışdı.
Qaynarinfo-nun məlumatına görə, ötən il sözügedən binada yaşayan sakinlərin həm lift, həm də pilləkən vasitəsi ilə evlərinə giriş-çıxış məhdudlaşdırılmışdı. Sakinlərin haqlı narazılığından sonra sözügedən məsələnin birtərəfli həll edildiyi məlum olub. Həmin binada sakinlər ötən il qonşu binanın blokundan keçməklə mənzillərinə daxil ola bilirmiş.
Sujetdə qeyd edilir ki, yaşayış binasının blokunun qarşında obyekt tikilib. Lift və pilləkənlər həmin obyektin içərisində qalıb. Bloka giriş hörülərək bağlanıb, sakinlərin liftdən istifadəsi məhdudlaşdırılıb.
Sakinlər bildiriblər ki, binanın 4-cü blokundan istifadə etməklə və 5-ci blokun ikinci mərtəbəsinə keçməklə, öz evlərinə qalxa biliblər. Bəzi sakinlər həmin obyektin tikintisi səbəbindən "Pilot Residence" MTK-ya pul ödəyib, aldıqları qarajlardan da istifadə edə bilmirlər. Qarajlar supermarketə anbar kimi icarəyə verilib.
Həmin sujetdə şirkətin nümayəndəsi bildirir ki, obyektin tikilməsi üçün müvafiq qurumlardan icazə alınıb. Bir-iki qurumun da razılığı alınandan sonra binanın həyəti sözügedən obyektlə əhatə olunub, tikiləcək və onun üzəri sakinlərə həyət kimi istifadəyə veriləcək.
Ötən ilki sujetdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Amma dünən ATV telekanalının hazırladığı sujetdə məlum olur ki, məsələ nə araşdırılıb, nədəki sakinlərə kömək edilib. Əksinə, binanın blokunun pilləkəni tam sökülüb, yerində obyekt tikilib.
Ötən ilki sujetdə olduğu kimi, dünənki sujetdə də "Pilot Residence" MTK-nın eyni nümayəndəsi sakinlərin haqlı narazılığını əsassız sayıb. Deyib ki, əvvəldən müvafiq qurumlar tərəfindən sakinlərə verilən sənəddə binanın girişi nəzərdə tutulmayıb. Ötənilki sujetdən fərqli olaraq, hazırda binanın həyətində obyekt tikintisi başa çatdırılıb.
Maraqlıdır ki, problem 1 ildən artıqdır ki, ictimailəşdirilib, amma hələ də həll olunmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi bu müddət ərzində nəyi və necə araşdırıblar? Bu "araşdırma" hansı formada davam edib ki, nəticəsində binanın layihəsində köklü dəyişiklik edilib, tikinti aparılıb və şəhərin mərkəzində belə bir acınacaqlı vəziyyət yaranıb?
Görünən odur ki, "Pilot Residence" MTK-nın qanunsuz tikililərinə ya müvafiq qurumlar göz yumur, ya da ki, problemi həll etmək iqtidarında deyillər.