Prezidentin sökdürdüyü villalar olan ərazidən reportaj

22-05-2015, 10:19           
Prezidentin sökdürdüyü villalar olan ərazidən reportaj
Bakıda yanan bina növbəti dəfə məmur qudurğanlığı, özbaşınalığı, harın və hərisliyini mövzusunu gündəmə gətirdi. Prezident yanan bina ilə bağlı Dövlət Komissiyasının iclasında məmurların yaxınlarının cinayət törətdiklərini söylədi, Səbayel rayonundakı “Dostluq” parkının ərazisinin zəbt olunduğunu açıqladı.

Bildirdi ki, zəbt olunmuş ərazilərdə villalar tikilib, lakin həmin imarətlərin sahibləri ilə maraqlananda bəlli olub ki, Bakı meri, Səbayelin icra başçısı həmin tikintiləri kimin aparmasından xəbərsizdir. Buna görə də prezident villaları sökün göstərişini verib. Söküntünün aparılmasında məqsəd villaların kimə məxsus olmasını aydınlaşdırmaq olub. Lakin yenə də ortaya çıxıb “villanın sahibi mənəm” deyən olmayıb.

Dünən “Dostluq” parkına yollanıb ərazidə hansı işlərin görüldüyünü, villaların sahiblərinin kimliyinin bəlli olub-olmadığını aydınlaşdırmağa çalışdıq.

Prezidentin qeyd etdiyi Salyan şossesi kənarındakı “Velopark” stadionundan villaların söküldüyü ərazi yaxşı görünür. Kənardan baxanda sökülən villaların xarabalıqları ətrafında 2 böyük ekskavator sezilir, ətraflarında ağır yük maşınları da gözə dəyir. Villalar parkın dağlıq hissəsində olduğundan hər tərəfdən oranı görmək olur. Oradan baxanda isə Salyan şossesi, “Velopark”, Xəzər dənizi sanki ovuc içindəki kimidir. Əraziyə aparan yol Dostluq küçəsi adlanır. Təxminən 1 kilometrlik, asfalt örtüklü dolanbac yolun sağ tərəfi Şıx çimərliyində istirahətə gələnlər üçün nəzərdə tutulan kotteclərdir.

Oralar sadə azərbaycanlının gedə biləcəyi məkanlardan deyil. Məşhur “Khazri” restoranı da dörd bir tərəfi bağlı olan kotteclərdə istirahət edənlərin ixtiyarındadır. Sol tərəfdə, “Dostluq” parkının içində velosiped sürənlər üçün yollar uzanır. Bu yolların qonşuluğundan torpaq yola çıxış var və həmin yol villaların söküldüyü yerə qədər uzanır. Sökülmüş əraziyə yaxınlaşanda məlum oldu ki, orada iş görülüb və qurtarıb. Gözlədiyimizin əksinə olaraq ekskavatorların mühərriklərinin uğultusu, yük maşınlarının ağır yorğa hərəkətindən əmələ gələn toz-torpaq yox idi.

Sökülmüş 5 mərtəbəli villanın xarabalıqları üzərində iki şəxs qurdalanırdı. Bəndənizi görcək əllərini saxlayıb nə edəcəklərini bilməyən tərzdə üzümə baxırdılar. “İşinizdə olun” sözlərimi sanki əmr almış kimi qəbul edib onlardan biri işə başladı. Digəri isə mişarı bir kənara tullayıb uçurulmuş binadan ətrafa səpələnən beton qalıqlarından birinin üzərindəki termosu əlinə aldı. Cəld çay süzüb “müəllim, bəlkə çay içəsən” deyə təklif etdi. Təşəkkür edib ərazidə neçə villanın söküldüyünü xəbər aldım. Dedi ki, 4 villanı söküb dayanıblar. Səsindəki narazılıq açıq-aşkar sezilirdi. Üzündəki ifadədən oxuyurdum ki, söküntünün çoxluğu qara metal qiymətinə satmaq üçün çoxlu armatur, əlavə çəki, pul deməkdir. Kimliklərini soruşdum. Tərəddüd edib cavab vermək istəmədilər.

Nisbətən yaşlı olanı əlini saxlayıb “metalyığanlarıq” dedi. Kimliyimi soruşdu. “Oradan gəlmişəm” cavabımdan sonra daha danışmadı, bayaqdan nümayiş etdirdiyi susqunluğuna davam etdi. Digəri isə araya söz qatıb çaydan içə-içə sanki təhlükəni aşıbmış kimi danışmağa başladı: “Biz burda metal yığırıq, onsuz da bu xarabalıqlardan çıxan armaturlar kimə lazımdır ki? Sökürük, aparıb satırıq. Burada bizim 1 illik çörəyimiz var. Dünən başladılar sökməyə, 4 villanı söküb dayandılar. Bu maşınlar da, traktorlar da səhərdən gəlib burada daş-torpağı o yan, bu yana verməklə məşğuldurlar. Çıxıb getmirlər ki, rahat işimizi görək”.

“Bu villaların sahibi üzə çıxdı” sualına “biz belə şeyləri bilmərik” dedi. “Bəlkə villalar sizindir” deyib reaksiyasını yoxladım. Cavabı dərhal oldu: “Vallah, bizlik deyil...” Gülüb dostunu nişan verməklə “Rasimlikdir” dedi. Rasim isə bizə heç fikir vermir, əlindəki mişarlar sökülmüş villanın xarabalığına hörümçək toru kimi bürünən armaturdan kəsib aparıb əyri armatur topasının üstünə atdı. “Burada bizlik nə ola bilər? 30-40 min manata 1 sot torpaq almaq olar? 30 manatım olsaydı, bu istidə burada nə itim azmışdı? Görəsən, hansı ”şışkanındır" deyib alnının tərini sildi. Üzümə diqqətlə baxıb “kimsən, nə işin sahibisən” soruşdu. Rasimin sualına konkret cavab vermədim. Danışmağa həvəsli olan dostuna fotoaparatı verib fotomu çəkməsini xahiş etdim. Əlcəklərini çıxarıb həvəslə fotoaparatı əlimdən alıb “səni nə qədər istəyirsən çəkim, amma bizi çəkib mərdiməzarların əlinə salma” dedi...

Ərazidə üzərində “Bakı Şəhər İcra Hakimiyyəti” yazılan kiçik qabaritli yük maşını da vardı. Qalstuklu, əmr verən məmurlar gözə dəymirdi. Heç ətrafdakı villalarda da kimsəni görmədik. Sanki bu imarətləri, villaları bir-birilərinə var-dövlətlərini nümayiş etdirməyə görə xüsusi zövqlə, dəbdəbə ilə tikiblər. Fəqət milyonların xərcləndiyi həmin villalarda yer üzünün əşrəfini görmək bizə nəsib olmadı.

“Metallist”lərlə sağollaşıb yük maşınlarının, ekskavatorların sürücülərinə də yaxınlaşdıq. Suallarıma “bilmirəm”, “xəbərim yoxdur” cavabları verən sürücülər onları əraziyə Bakı Şəhər İcra Hakimiyyətindən göndərdiklərini gizlətmədilər. İşi dayandırmalarının səbəbini də sürücülərdən öyrənə bilmədim. Öyrəndiyim o oldu ki, Səbayel rayonunda, Salyan şossesi 37 ünvanındakı villaların söküntüsü prosesi praktiki olaraq dayanıb. 4 villa sökülüb, prezidentin göstərişinin yerinə yetirilməsi haqda yuxarılara rəy verilib. Vəssalam.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.