İsmayıllıda Heydər Əliyevin xatirə turnirində qan töküldü – idarə rəisindən məsuliyyətsizlik

23-05-2015, 00:20           
İsmayıllıda Heydər Əliyevin xatirə turnirində qan töküldü – idarə rəisindən məsuliyyətsizlik
Bir neçə gün bundan əvvəl İsmayıllı rayonundan cumhuriyyət. az-in elektron poçtuna şikayət məktubu göndərilmişdi. Burada rayon gənclər və idman idarəsinin təlimatdan kənar olan bir sıra hərəkətlərinə etiraz bildirilmişdi. Məktubda futbol azarkeşləri qeyd edirdilər ki, rayon ərazisində bir neçə komandanın iştirakı ilə futbol yarışı keçirilir. Burada bir sıra xoşagəlməzliklər qeyd edilirdi. Məsələn azarkeşlər bildirirdi ki, futbol yarışına idman və gənclər idarəsinin rəisi gəlmir, əvəzinə idmandan bir elə anlayışı olmayan müavinini göndərir. Yarış zamanı hər hansı yaranan anlaşılmazlığı idarənin funksioneri izah edib azarkeşlərə çatdıra bilmir. Nəticədə mübahisələr, hətta dava-dalaş halları baş verir. Azarkeşlər eyni zamanda narazılıq edirdilər ki, yarış zamanı həkim iştirak etmir. Bu iddianın altını cumhuriyyət. az xüsusi ilə cızmışdı.
Bəli, istənilən yarışda həkimin iştirakı mütləqdir. Çünki dünyada keçirilən istənilən idman yarışları vaxtı yarış iştirakçısının ölüm halları ilə qarşılaşmışıq. Buna görə həkimin iştirakı mütləqdir və buna görə idman yarışının təşkilatçısı olan müəssisə və rəhbərliyi bir başa cavabdehlik daşıyır. Bu yazıda İsmayıllı rayon idman və gənclər idarəsinin rəisi hörmətli Taleh Salehov qınanılmış və hətta sərt tənqidlərə qonaq edilmişdi. İnsafən deyək ki, adı keçən yazı dərc edildikdən sonra idarə rəisi bir neçə yarışda şəxsən iştirak etmiş və idmançılarla bir neçə dəqiqəlik söhbətdən sonra yarışa başlanılmışdı.
Ancaq bu ibrət dərsi çox təəssüf ki, az vaxt davam etdi. Belə ki, cumhuriyyət. az-ın həkimsiz idman yarışının nə ilə nəticələnə biləcəyi haqqında yazdıqları öz təsdiqini tapdı. Belə ki, bir neçə gün bundan öncə həmin futbol yarışının yarım final görüşü keçirilib. Görüş İsmayıllı şəhər Tikinti-27 və Hacıhətəmli kənd komandaları arasında keçirilib. Yarışda idarə rəisi Taleh Salehov iştirak etməyib. Azarkeşlərdən bir neçəsi cumhuriyyət. az-a bildiriblər ki, yarış vaxtı həkim olmayıb. Ən qəribəsi isə budur ki, bu vaxta kimi bütün görüşlərdə rayon polis şöbəsinin bir neçə əməkdaşı tədbirdə ictimai asayişi təmin edib və xırda istisnalar olmaqla tədbirlər dinc şəkildə yekunlaşıb. Ancaq bu günki görüşdə hüquq-mühafizə orqanlarından heç kim gözə görünməyib. Aldığımız məlumata görə rayon polis şöbəsi keçiriləcək görüşlə bağlı idarə tərəfindən xəbərdar edilməyib.
Yarış zamanı ciddi xəsarət qeydə alınıb. Tikinti-27 futbol komandasının oyunçusu Müşviq Məmmədov burun sümüyünün sınması ilə müşayiət olunan ciddi xəsarətlə meydanı tərk edib. Oyunçunun ciddi xəsarət aldığı üçün bir xeyli qan itirdiyi bildirilir. Ancaq həkim olmadığı üçün ona ilk tibbi yardımı elə azarkeşlərin özləri ediblər. Azarkeşlər rayon gənclər və idman idarəsinin bir deyimini xüsusilə qeyd edirlər. İdarə rəhbərliyi qeyd edir ki, biz niyə yarışa polis çağırmalıyıq, biz bəyəm gənclərimizi polislə tərbiyə etməliyik? Çox qəribə deyilmi? Onda belə çıxır ki, prezident İlham Əliyev Bakıda keçiriləcək birinci Avropa oyunları zamanı asayişi və təhlükəsizliyi təmin etmək üçün bir neçə min polis və digər təhlükəsizlik qüvvələrini nahaq yerə cəlb edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. Yaxud belə müdrik təklifdə bulunan hörmətli Taleh müəllim nədən olimpiya oyunlarının təşkilat komitəsinə ekspert kimi cəlb edilməyib? Sonda bunu da qeyd edək ki, bu görüşün ikinci hissəsində oyunçular və azarkeşlər, eyni zamanda komandalar arasında dava-dalaş olub və oyunu idarə edən refer hakim və idarə rəsmisi digər komanda olan Tikinti-27-nin oyunçuları tərəfindən əzişdiriliblər və oyun yarımçıq saxlanılıb.
Xatırladaq ki, keçirilən bu yarış mərhum prezident Heydər Əliyevin 92 illiyi ilə əlaqədar mərhumun xatirəsinə həsr olunub. Gəlinən qənaət budur ki, rayon gənclər və idman idarəsi və rəis Taleh müəllim ümummilli lideri o qədər dərin məhəbbətlə sevirlər ki, nəticə də belə alınıb. Bir sözlə, dəfələrlə qeyd etmişik ki, mövcud rejimdə təşkil olunan bütün tədbirlər saxta və sünidir, yalnız və yalnız siyasi hakimiyyətin maraqlarına xidmət edir. Bu da İsmayıllıdakı idman yarışı zamanı dediklərimizə canlı sübut.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.