Fondun 5,7 milyonluq müqaviləsində 2 müəmmalı məqam – Təfərrüat

23-02-2024, 09:18           
Fondun 5,7 milyonluq müqaviləsində 2 müəmmalı məqam – Təfərrüat
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 2 şirkətlə ümumi dəyəri 5 milyon 706 min 609 manat 80 qəpik olan 7 satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Fondun açıq tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu (VÖEN – 1400126121) ilə 5, Bakı Dövlət Layihə İnstitutu (VÖEN – 1700162811) ilə isə 2 müqavilə bağlayıb.
Fond tərəfindən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna
- Tərtər rayonu Umudlu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün 853 min 730 manat;
- Şuşa rayonu Malıbəyli kəndində yerləşən yaşayış kompleksinin (14 bina) layihələndirilməsi üçün 457 min 250 manat;
- Şuşa rayonu Malıbəyli qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün 991 min 790 manat;
- Xankəndi rayonu Kərkicahan qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün 997 min 690 manat;
- Şuşa rayonu Turşsu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün isə 784 min 700 manat ayrılacaq.
Bunlardan başqa Fond tərəfindən Bakı Dövlət Layihə İnstitutuna
- Xocalı şəhərində əsaslı təmir olunacaq və yeni tikiləcək fərdi yaşayış mənzillərin (340 mənzil) layihələndirilməsi üçün 667 min 655 manat 80 qəpik;
- Xocavənd rayonu Xocavənd kəndinin yenidənqurulmasının layihələndirilməsi üçün isə 953 min 794 manat ayrılacaq.
Məlumat üçün onu bildirək ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.
Xatırladaq ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bir mənbədən satınalma metodu əsasında imzaladığı müqavilənin yuxarıda göstərilən hallardan hansına aid edildiyi barədə məlumat mövcud deyil.
Onu da bildirək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasına Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri rəhbərlik edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.