“Range Rover”i 200-lə sürən qız polisin yaydığı videoları paylaşan səhifələri bağlatdırır - VİDEO

23-02-2024, 09:39           
“Range Rover”i 200-lə sürən qız polisin yaydığı videoları paylaşan səhifələri bağlatdırır - VİDEO
Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda avtomobili yüksək sürətlə idarə etdiyi üçün məsuliyyətə cəlb edilən Əsmət Axundzadə törətdiyi əməlin görüntülərini paylaşan onlayn media subyektlərinə məxsus səhifələri bağlatdırır.

Bu günlərdə onun şikayəti əsasında İqtisadiyyat.az saytının İnstaqram səhifəsi də bağlanma təhlükəsi ilə üzləşib.

Belə ki, Ə.Axundzadənin “Range Rover” markalı avtomobilini 200 km/saat sürətlə idarə etməsi ilə bağlı çəkdiyi görüntülər sosial şəbəkə səhifələrində və saytlarda paylaşılıb.

Həmin vaxt Baş Dövlət Yol Polisi İdarəsi görüntü və sürücü ilə bağlı məlumat yayıb. İdarənin inspektoru polis leytenantı Elvin Hacıyev avtomobili yüksək sürətlə idarə edən qadının məsuliyyətə cəlb edildiyini bildirib.

Belə ki, 77-ES-777 nömrə nişanlı “Range Rover” markalı maşını 200 km/saat sürətlə idarə edərək videoya çəkən qadının kimliyi yol polisi tərəfindən müəyyənləşdirilib. Avtomobil saxlanılaraq cərimə meydançasına salınıb. Sürücü Əsmət Roman qızı Axundzadə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində ciddi intizam tədbirləri görülüb.

Bununla yanaşı, İdarə rəsmisi bir daha bütün sürücülərə və yol hərəkət iştirakçılarına müraciət edərək bildirib ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək.

Amma buna baxmayaraq, qadın sürücü İnstaqram sosial şəbəkə hesabında avtomobili yüksək sürətlə idarə etməsini əks etdirən görüntüləri hələ də silməyib (red - mətnin aşağısında onun idarə etdiyi səhifədən videonun linkini təqdim etmişik). O, görüntüləri böyük izləyici kütləsinə təqdim etməkdən çəkinmir, əksinə videonun altında müzakirələrin davam etməsinə şərait yaradır və bununla sanki avtomobili yüksək sürətlə idarə etməyin təbliğatını aparır.

Bununla belə o, BDYPİ tərəfindən ictimaiyyətə onunla bağlı təqdim olunan görüntüləri paylaşan onlayn media səhifələrinə qarşı kiberhücuma keçib və səhifələri şikayət etməyə başlayıb.

Belə ki, BDYPİ-nin yaydığı həmin videonu paylaşan səhifələrə qarşı edilmiş şikayətlər səbəbindən bir neçə məşhur instaqram hesabı artıq bağlanıb. Səhifə adminləri hesabların Ə.Axundzadənin təşkilatçılığı ilə hücuma məruz qaldığını iddia edirlər.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyir ki, sosial mediada paylaşılan xəbərlər rəqəmsal mediaya istinad olunur. Onun sözlərinə görə, sosial media istifadəçiləri milyonların üzərində olduğu üçün artıq şikayətlərin baxılması və yoxlanılmasında operator yox, daha çox süni intellekt iştirak edir.

E.Abbasov göürüntüləri paylaşan səhifələrin şikayət edilməsindən xəbərdar olduğunu və şikayət edilmə prosesindən danışıb:

“Həmin xanım kütləvi olaraq onun yüksək sürətlə idarə etdiyi avtomobillə olan görüntülərini paylaşan səhifələri feyk xəbər kimi şikayət etdirib. Qarşı tərəfdə də insan deyil, süni intellekt olduğu üçün kifayət qədər feyk xəbər bildirişini alıb və onu yalan xəbər kimi qəbul edib. Amma BDYPİ onun məsuliyyətə cəlb edilməsi faktı ilə məlumatı görüntü ilə birlikdə ictimaiyyətə təqdim edib. Eləcə də, həmçinin rəqəmsal mediada da bu barədə geniş məlumatlar və istinadlar var. Belə olan halda İnstaqrama geri bildiriş edərək xəbərin mötəbər media qurumlarındakı sitatlarını göndərməklə hesabları qorumaq mümkündür. Əks halda İnstaqram bu məsələni xanımın xeyrinə olaraq feyk xəbər kimi qəbul edəcək. Çünki xəbərlər Azərbaycan dilində olduğu üçün süni intellekt bu barədə, yəqin ki, doğru araşdırma edə bilmir".

Ekspertin sözlərinə görə, bloqerin ikinci əməli də qayda pozuntusu kimi qeydə alına bilər: "O, yerli media qurumlarının rəqəmsal və sosial media resurslarında paylaşılan bu xəbərləri təkzib edərək ikinci dəfə qayda pozuntusu edir və media mənsublarının hüquqlarını pozur".

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, hər kəsin şəxsi həyatının toxunulmazlığı hüququ olduğundan videonun onun səhifəsindən silinməsi ilə bağlı yalnız müvafiq orqanlar lazımı tədbirlər görə bilərlər.

"Ondan videonu silməsini tələb etmək şəxsi həyata müdaxilə hesab oluna bilər. Məsələn, biri sürətlə maşın sürürək video paylaşıbsa, ona kimsə məcbur edib deyə bilməz ki, videonu pozsun. Bununla bağlı yalnız müvafiq orqanlar lazımı tədbirlər görə bilər. Yol polisi əməkdaşları da bloqeri çağırıb cəriməsini yazıblar".

Ekspert təklif edib ki, belə hallara yol verən şəxsin sürücülük hüququndan müvəqqəti olaraq məhrum edilməsi məqsədəuyğun ola bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.