"Xan" dövründə şilləvuran idi, "canişin" dövründə "xanzadə" oldu: Bəs deyirsiniz, "canişin" gələndən Naxçıvan geriyə gedir?
4-03-2024, 12:49
"Xan" dövründə şilləvuran idi, "canişin" dövründə "xanzadə" oldu: Bəs deyirsiniz, "canişin" gələndən Naxçıvan geriyə gedir? Heç ABŞ-da belə, "şilləvuran" yekəlib "xanzadə" ola bilmir.
Vasif “xan”ın dövründə Naxçıvanda “xanzadə” Seymurun bir şilləvuranı vardı – Həsən Əhmədov.
O, Seymurun adından iş adamlarının ofisinə gedib “bura bundan sonra bizimdir” deyərək əmlaklarını “müsadirə” edərdi. Mülkiyyəti əlindən alınan sahibkarlardan biri də “Sizin Market”in təsisçisi Razi Orucovdur.
Razi Orucovun bildirdiyinə görə, 2020-ci ildə Həsən Əhmədovun ondan mənimsədiyi mülklərinin siyahısı belə idi:
Naxçıvan şəhərinin mərkəzində yerləşən “Sizin Market”;
3 maşın: 1 Ford tranzit, 1 Prado, 1 Niva;
4 ev;
1 quşçuluq və heyvandarlıq ferması: 385 baş xırdabuynuzlu, 107 baş iribuynuzlu, 5000 ədəd toyuq, ördək;
Bir də “Sizin Market”in kassasında qalan 56 min 500 dollar pul.
Razi Orucov həmin dövrdə qəsb edilən əmlaklarını geri qaytarmaq üçün Bakıya gəlib, Prezident İlham Əliyevə şikayət məktubu göndərir. Məktub hansı yollasa “xanzadə” Seymurun əlinə keçir. Dərhal şirin vədlərlə Bakıdan Naxçıvana çağırılan sahibkar elə aeroportdaca Əl-Qaidə lideri Bin Ladenin sağ əli kimi həbs olunub, qolu qandallanaraq İstintaq Təcridxanasına aparılır. Orada 22 gün dayanmadan döyülən Razi Orucov Prezidentin həmin vaxt imzaladığı amnistiyaya düşür. Təcridxanadan azadlığa buraxılanda ağır şəkildə döyüldüyündən ağzında bir dişi belə qalmayan sahibkar o gündən indiyədək özünün zorla qəsb olunmuş əmlaklarını geri qaytarmaq uğrunda mübarizə aparır. Amma indiyədək buna nail ola bilməyib. Əksinə Vasif Talıbovun dövründə “xanzadə”nin şilləvuranı olan Həsən Əhmədov “canişin” əfəndinin hakimiyyətə gəlməsi ilə “xanzadə” statusu alıb.
Kimin sayəsində? Gəlin, bu sualın cavabını və hekayənin davamını Razi bəyin öz dilindən eşidək.
Heydər Oğuz