İqtisad üzrə fəlsəfə doktoru: "UNEC plagiat elmi iş üzrə əldə edilən diplomu ləğv etmir..."

4-03-2024, 17:25           
İqtisad üzrə fəlsəfə doktoru: "UNEC plagiat elmi iş üzrə əldə edilən diplomu ləğv etmir..."
Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etməsi barədə yayımlanan məlumatın detallarını açıqlayıb.

O, Pravda.az-a açıqlamasında deyib ki, 2013-cü ildə Bakı Dövlət Universitetində Prezident yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq "İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün müdafiə etdiyi "Vergidən yayınma risklərinin modelləşdirilməsi” mövzusunda dissertasiya işi 2019-cu ildə İqtisad Universitetinin magistri Elməddin Əhədzadənin adından magistr işi kimi qeydə alınıb.

"Bundan xəbər tutandan sonra UNEC-nin rektoru Ədalət Muradova yazılı etirazımı bildirdim, dissetasiya işinin plagiat olması barədə şikayət etdim. Rektor mənə cavab verdi ki, iki elmi iş arasında heç bir oxşarlıq yoxdur, məhkəməyə müraciət edin. Hər şey göz qabağındadır, amma rektor bunları görməzlikdən gəldi. Məhkəməyə müraciət etdim və 3 tələb irəli sürdüm. Həmin magistrın dissertasiya işinin ləğvi, mənə dəyən maddi-mənəvi ziyana görə təzminat ödənilməsi və magistrın diplomunun ləğvi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiam qismən təmin edilərək, müəllif hüquqlarımın pozulmasına görə 3000 manat məbləğində kompensasiyanın və 1000 manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdeh Əhədzadə Elməddindən tutulması qət edilib. Əslində, Elm və Təhsil Nazirliyi, UNEC və magistrant birlikdə mənə 70 minə yaxın ödəməli idilər. Artıq cavabdehdən 4000 manat alınaraq mənə ödənilib. Dövlət qərar çıxarsa da, dissertasiya işinin ləğvi tələbini UNEC bu günə qədər yerinə yetirmir. Rektor hər vasitədən istifadə edir, işin ləğvinə maneə olur. Magistrın diplomunun ləğvi məsələsinə Ali Məhkəmədə baxıldı. Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli qərarına görə, diplomun ləğvi ilə bağlı ADİU-ya müraciət etməyim bildirildi. Qeyd olundu ki, əks halda, İnzibati Məhkəməyə müraicət etməlisiniz. Ali Məhkəmənin qərarını Ədalət Muradova göndərdim. Lakin cavabı tədris üzrə prorektor Gəray Musayev verdi, işi üzərlərindən atdı. Ümumiyyətlə, Sumqayıt İcra və probasiya şöbəsi də qərarın yerinə yetirilməsində maraqlı deyildi. Dissertasiya işi ləğv edilməlidir axı, buna görə UNEC və icra məmuru birləşərək işi öz aralarında boğurlar. Öz mənafelərini dövlətin qərarından üstün tuturlar. Noyabrda Bakı İnzibati Məhkəməsinə müraciət etdim, yanvar ayında iş Şirvan İnzibati Məhkəməsinə göndərildi. Ötən ay yanvarın 15-də Ədliyyə Nazirliyində oldum, nazirə rəsmi müraciət etdim. Nəticədə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi işə çox obyektiv yanaşdı. Hazırda Şirvan İnzibati Məhkəməsinin qərarını gözləyirəm. Birinci məhkəmə iclası 2024-cü il mayın 6-na təyin olunub. İş hakim Amiliya Hüseynovanın icraatındadır. Ümid edirəm ki, dissertasiya işi ləğv edildiyi üçün avtomatik diplom da ləğv ediləcək. Çünki qayda belədir. Sadəcə, hakimlər təcrübəyə əsaslanırlar. Azərbaycanda məhkəmə praktikasında isə indiyə kimi plagiatla bağlı heç bir işə baxılmadığı üçün hakimlər necə qərar çıxaracaqlarını bilmirdilər. Hazırda məhkəmələrə ən çox boşanmalar, cinayət işləri ilə bağlı müraciət edilir, plagiat işi üzrə müraciət yoxdur”, - S.Ağayev qeyd edib.

S.Ağayev əlavə edib: "Bir neçə gün öncə UNEC rektoru Ədalət Muradovun öz "Facebok” səhifəsində paylaşdığı statusa şərh yazmışdım. Rektorun ədalətli olacağını güman edərək ona şərh bölməsində fikirlərimi bildirdim. Çox təəssüf ki, Ədalət Muradov dözümsüzlük göstərərək 12 saatdan sonra yazdığım şərhi sildi. Bununla kifayətlənməyib ictimai nüfuzunu, alimliyini nəzərə almadan məni bloka saldı. Halbuki bu, çıxış yolu deyildi. Kimin haqlı, yaxud haqsız olduğuna ədalətlə, vicdanla ictimaiyyət qərar versin. Mən buna sussam, tələbələrim mənə deyərlər ki, müəllim, sizdən oğurluq ediblər, bəs necə haqq-ədalətdən, elmdən-təhsildən danışırsınız? Hər şeyi cənab Prezidentə deməliyik? Bəs sizi rektor nə üçün təyin edib? Bilirlər ki, üz-üzə danışmağa heç bir sözləri, əsasları yoxdur. Zamanım, əsəblərim, pulum gedir. Məhkəmə yollarında qalmışam. Mənim də ailəm, övladlarım qarşısında öz məsuliyyətim var”. .












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.