DİM-in imtahanından keçsə də, XİN-də işə götürülməyən vətəndaşdan ETİRAZ
5-03-2024, 08:23
Ölkəmizdə dövlət qulluğunda çalışmaq istəyənlərə, adətən, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan keçmək təklif edilir. Amma, sən demə, bu qurumun təşkil etdiyi imtahan mərhələlərini uğurla keçmək hələ insanın öz arzusuna çatması üçün kifayət etmir.
Hər halda, Bakı Dövlət Universitetinin və İtaliyadakı Bolonya Universitetinin hüquq fakültəsinin məzunu Qəzənfər Malik oğlu Paşayevin KONKRET.az-a müraciətindən belə aydın olur. Onun müraciəti Xarici İşlər Nazirliyində işə qəbul olunmaması ilə bağlıdır.
Məlum olur ki, Azərbaycan, İtaliya və Yunanıstanın müxtəlif hüquq şirkətlərində çalışıb, ingilis və italyan dillərini mükəmməl səviyyədə bilən mütəxəssis xaricdə vətənimizə qarşı ikili standartların şahidi olub, elə bu səbəbdən də diplomatik xidmətdə çalışmaq və ölkəmizi yüksək səviyyədə təmsil etmək fikrinə düşüb. Bu məqsədlə 2022-ci il may-iyun aylarında Xarici İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə təşkil etdiyi diplomatik xidmətə qəbul imtahanında iştirak edib.
Onun sözlərinə görə, 460 namizədin qatılığı həmin imtahanların hər üç mərhələsini müvəffəqiyyətlə keçib. Sonra həmin namizədlərdən yalnız 67 nəfərə işə qəbul olunduqları barədə şifahi və yazılı şəkildə məlumat verilib.
“XİN-dən öncə mənə bildirildi ki, bütün mərhələləri keçmişəm və işə qəbul olunmuşam. Mənimlə profilaktik söhbət də aparıldı. Deyildi ki, bir-iki aya işə çağırılacağam. Beləliklə, məni və digər namizədləri ehtiyat kadrlar siyahısına saldılar. İlkin mərhələdə həmin siyahı üzrə 38 nəfər çağırıldı, digər 29 nəfər ehtiyat kadrlar siyahısında qaldı. Amma onlar da sonradan çağırılmağa başladı. Qeyd edim ki, işə qəbul olunmuş namizədlərin heç də hamısı Azərbaycanı xarici ölkələrdə təmsil etmək iqtidarında deyildilər”.
Lakin iş dəvəti gözlədiyi zaman XİN tərəfindən 9 nəfərə, o cümlədən Qəzənfər Paşayevə imtina cavabı verilir. “Oktyabr ayında XIN-nin Kadrlar İdarəsinin rəisi Raman Məmmədov məni və diğər 8 namizədi dəvət etdi. Bizə bildirdi ki, sizin barənizdə diplomatik vəzifəyə təyin olunmağa mane olan hallar aşkarlanıb. Mən də soruşdum ki, bu hallar nədən ibarətdir? Mənə dedi ki, bu barədə məlumat verə bilməz”.
“Fərdi məlumatların qorunması haqqında” Qanunu və XİN-nin Qaydalar Toplusunu xatırladan Qəzənfər Paşayevin “Hər halda dövlət sirri təşkil edən məlumat deyil. Bunu bizə açıqlamalısınız” tələbi də Kadrlar İdarəsinin rəisinə təsir etməyib.
Onun sözlərinə görə, işdən imtina verilən 9 nəfər xaricdə təhsil almaları, nadir dil biliklərinə və yüksək savada malik olmaları ilə fərqləniblər.
“Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) də müraciət etdim. DTX əməkdaşı mənə bildirdi ki, sizin dövlət təhlükəsizliyi ilə bağlı hər hansı probleminiz yoxdur”, – deyə Q.Paşayev əlavə edib.
Məsələ ilə bağlı XİN-in mövqeyinə gəlincə, quruma ünvanladığımız sorğumuz cavablandırılmadı.