Ağstafa sakini rəsmi qurumlardan şikayətçidir
5-03-2024, 11:54
Cəmaləddin Əhmədov: “Oğlum hərbi hissədə “Hepatit C” virusuna yoluxsa da, müalicə olunmur”
“Mənə qaranlıq qalan odur ki, “Hepatit C” virusu qandan öz-özünə, yəni müalicəsiz necə gedə bilər?”
“Həkim mənə dedi ki, indi sənə deyirəm, çıx otaqdan və bir daha gəlmə…”
Ağstafa rayon sakini Cəmaləddin Əhmədov tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğlu hərbi hissədə “Hepatit C” virusu tutsa da, müalicəsinə şərait yaradılmayıb:
“Mən, Cəmaləddin Əhmədov, yazaraq bildirirəm ki, oğlum Əhmədov İsmayıl Cəmaləddin oğlu 18.03.2003-cü ildə anadan olub. O, Rabitə və Nəqliyyat Kollecini bitirib. 23.07.2022-ci ildə Ağstafa rayon komissarlığından hərbi xidmətə yola düşüb.
Oğlumun dişlərində problem olduğuna görə onu hərbi xidmətə aparmırdılar. Dişlərini düzəltdirdim və hərbi xidmətə yola saldım. Hal-hazırda 10 ayın əsgəridir, Bakı şəhəri N saylı hərbi hissədə xidmət edir.
Oğlum bir dəfə Ağciyər iltihabı xəstəliyi keçirib, "Papanin” hospitalında yatıb. Daha sonra, burnunda çəpər əyriliyi olduğu üçün yenə həmin hospitalda əməliyyat olunub. İlk dəfə əməliyyat olunananda qanında “Hepatit C” virusu çıxmışdır. Buna baxmayaraq, onu onu hərbi xidmətdə saxlayırlar.
Mən hərbi hissənin komandirinə zəng vurub, vəziyyəti ona izah etdim. Komandir mənə bildirdi ki, narahat olmayın, yenidən hospitala göndərəcəm. Xəstəxanada da bildiriblər ki, qorxulu heç nə yoxdur, 3 ay sonra yenidən müayinə olunmalıdır.
Mənə qaranlıq qalan odur ki, “Hepatit C” virusu qandan öz-özünə, yəni müalicəsiz necə gedə bilər? Bu virusun axırı qaraciyər serrozu xəstəliyidir. Bu qaraciyər xərçəngi deməkdir. Mən demirəm ki, oğlumu tərxis etsinlər, sadəcə olaraq müailəcəsini tələb edirəm. Mən onu hərbi xidmətə sağlam göndərmişəm.
Özüm də Qarabağ veteranıyam. Oğlum xəstəxanada yatanda özüm onun yanına gedib, sənədlərində o virusun adını oxumuşam. Xahiş edirəm mənə köməklik göstərilsin, oğlum müalicə olunsun. 8 ay sonra xidməti başa vuracaq, qorxuram ki, o vaxta qədər xəstəliyi daha da pisləşər.
Onu da deyim ki, nəslimizdə irsi olaraq belə bir virus olmayıb. Yəqin ki, hərbi hissədə başlarını qırxdıqları aparatdan, üz qırxanlardan, iynədən və yaxud da dırnaq qayçılarından keçib.
Əlavə edim ki, uşağın anası, yəni həyat yoldaşım Yusifova Aybənizin özü də ağır xəstədir. Nə saçı var, nə qaşı, bədəninin heç bir yerində tük yoxdur. Həkimlər müxtəlif diaqnozlar qoyurlar. Müalicə olunsa da nə saçı, nə də qaşı çıxır. Ağstafa Rayon Xəstəxasının bütün həkimləri bizi başından edir. Sənədləri toplayıb, Qazax rayon Mərkəzi Xəstəxanasında komissiyadan keçdim. Orda da bildirdilər ki, sizə ömürlük pensiya veriləcək. Amma 3 dəfə imtina cavabı verdilər.
Qəbul günü Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qəbulunda oldum. Çox gözəl qarşıladı və Agstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Sofiyevi qaldırlb dedi ki, bunun yoldaşını işlə də təmin edin və pensiya ilə bağlı sənədlərini düzgün doldurun. “Forma 88” deyilən sənəd düzgün doldurulmur deyə, mənim yoldaşıma imtina cavabı gəlir.
Mən İlham həkimin qəbuluna getdim və anladım ki, icra başçısının verdiyi tapşırıq boşuna imiş. Həkim mənə dedi ki, çox naxaq yerə gəlmisən, sənin yoldaşına pensiya düşmür. Mən bilidrdim ki, bunu niyə qəbulda demədiniz? Dedi ki, indi sənə deyirəm, çıx otaqdan və bir daha gəlmə. Bu zaman dedim ki, yaxşı, pensiya düşmürsə, onda zəhmət olmasa işlə təmin edin. Dedi ki, iş də vermirəm, hara kimə istəyirsən şikayət et.
55 yaşım var, 80 manat təqaüd alıram, ailəmi dolandıra bilmirəm. Yoldaşımın müailəcəsini belə, etdirə bilmirəm. Mən pul verə bilmirəm deyə yoldaşımı işlə təmin etmirlər. Adi xadimə işi üçün İlham həkim 5 min manat pul alır.
Sizin redaksiyadan xahiş edirəm ki, problemlərimi işıqlandırın, bəlkə məsələ ictimailəşdikdən sonra yoldaşımı işlə təmin edələr. Xəstəxanada “açıq bazar” gedir”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.