Məşhur restoran vətəndaşın qapısında parkinq salıb?

15-03-2024, 10:37           
Məşhur restoran vətəndaşın qapısında parkinq salıb?
“Səhər yuxudan oyanıb gördük ki, evin qabağında avtodayanacaq düzəldiblər. Piyada səkisini söküb istiqamətini dəyişiblər. Həm də bu işləri hamı yatanda, gecə saat 02-05 aralığında ediblər ki, xəbər tutub etiraz etməyək”.

Bu şikayətlə “Qafqazinfo”ya Xəzər rayonunun Mərdəkan qəsəbə sakini İlham Məmmədov müraciət edib.

Vətəndaş iddia edir ki, Buzovna-Mərdəkan şossesi 719C ünvanındakı evinin qarşısında qanunsuz avtomobil dayanacağı “Dükkan” restoranının rəhbərliyi tərəfindən salınıb. Aidiyyəti dövlət qurumları isə buna göz yumub: “Mənim fərdi yaşayış evimin qarşısında qoyulmuş səki daşlarını qonşuluğumda yerləşən “Dükkan” restoranının sahibi kimi tanıdığım Eyvaz adlı şəxs qanunsuz olaraq sökdürərək yerini dəyişdirib. Restorana gələn müştərilərin maşınlarının saxlanması üçün restoranın qarşısında kifayət qədər yer olmasına baxmayaraq, mənim evimin pəncərəsinin qarşısında dayanacaq düzəltmək məqsədilə səkiləri sökərək yoldan bir neçə metr geriyə çəkdirib. Layihə əsasında düzülmüş səki daşlarının yerinin qanunsuz olaraq dəyişdirilməsi, həmçinin restorandan çıxan bəzi şəxslərin şərxoş olduqlarını və mənim evimin pəncərəsinin qarşısında avtomobillərin saxlanılması mənim qanunla qorunan yaşamaq hüququmun pozulmasına gətirib çıxaracaq”.

Vətəndaş bildirir ki, analoji hadisə bundan bir il əvvəl yanvar ayında da yaşanıb: “Onda hələ evim tam hazır deyildi, köçməmişdim. O vaxt da belə etmişdilər, səkinin yerini dəyişib evimin qarşısını dayanacağa çevirmişdilər. Xəbər tutan kimi aidiyyəti qurumlara müraciət etdim və qarşısı alındı. Lakin yenə də öz qanunsuz əməllərindən çəkinmirlər”.

Problemlə əlaqədar “Dükkan” restoranı ilə əlaqə saxladıq. İaşə müəssisəsindən onlar tərəfindən piyada səkisinə hər hansı dəyişiklik edilmədiyi bildirildi: “Bizim tərəfimizdən belə bir hal baş verməyib, piyada səkisində hər hansı dəyişiklik edilibsə, müvafiq orqanlara müraciət olunsun və onlar tərəfindən araşdırılsın”.

Xəzər Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq həqiqətən həmin istiqamətdə piyada yolunun dəyişdirildiyi təsdiqləndi. Lakin bildirildi ki, sözügedən ərazinin təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir: “Məlum olduğu kimi, avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, həmçinin yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi müvafiq olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Videosujetdə vətəndaşın qeyd etdiyi ərazi Xəzər rayonu, Mərdəkan -Buzovna avtomobil yolunun sol tərəfində yerləşir. Sözügedən ərazidə müvafiq işlərin görülməsi ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə rəsmi müraciət daxil olmayıb. Bu məsələ ilə bağlı Xəzər RİH başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Mərdəkan bələdiyyəsinin sədri tərəfindən keçirilən baxış zamanı həmin ərazidə yolun mühafizə zolağına müdaxilə edildiyi müəyyən olunub.

Bununla əlaqədar məsələnin araşdırılması və eyni zamanda həlli istiqamətində müvafiq zəruri tədbirlərin görülməsi məqsədilə Xəzər RİH tərəfindən aidiyyəti qurum olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanlanıb”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə qurum tərəfindən yalnız yolun hərəkət hissəsinin bərpa olunduğu bildirildi: “Yolun nə səki hissənin bərpası, nə də bardürlərin düzülməsinin Agentliyə aidiyyəti yoxdur. Agentlik yolun hərəkət hissəsini, yəni, səkidən-səkiyə qədər olan hissəni təmir edir. Səki hissəsi, yaşıllıq, velosiped zolağı yerli icra hakimiyyətinin balansındadır və onlar da bərpa etməlidirlər. Ola bilər ki, özləri bərpa edə bilməsinlər və Agentliyin müvafiq rayon üzrə Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etsinlər ki, köməklik göstərilsin. Bu halda onlara köməklik göstərilə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.