“İqtisad Universitetinə qanunsuz tələbə köçürməsini araşdırmaq lazımdır” - Keçmiş rektor
23-05-2015, 15:33

Azərbaycanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında aşağı nəticə göstərən abituriyentlər bir çox halda digər ölkələrin ali məktəblərinə müxtəlif yollarla daxil olurlar. Sonradan Azərbaycanın ali məktəblərinə qanunsuz köçürülən həmin şəxslər təhsillərini davam etdirirlər. Tələbə Qəbul üzrə Dövlət Komissiyasının rəhbərliyi müntəzəm olaraq, bu faktları açıqlasa da, proses hələ də davam edir.
Qəbul imtahanlarında aşağı nəticə göstərərək Azərbaycanın ali məktəblərinə TQDK-nın xətti ilə qəbul ola bilməyən gənclərin bir qismi İqtisad Universitetinin Dərbənd filialınd oxuyurlar. Amma belə gənclərin bir qismi diplomlarını da ala bilmirlər.
İqtisad Universitetinin keçmiş redaktoru, deputat Şəmsəddin Hacıyev bu məsələ ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
- İqtisad Universitetinin Dərbənd filialında oxuyub, amma diplom ala bilməyən məzunların məsələsi necə olacaq?
- Artıq iki ildir İqtisad Universitetinin Dərbənd filialına qəbul aparılmır. Ondan əvvəlki illərdə isə qəbul qanuna uyğun aparılıb. Həmin tələbələr dövlətin qanuna mwvafiq olaraq müəyyən etdiyi yerlərə qəbul olunublar. Həmin məzunlara da diplomlar verilməlidir və veriləcək. Burada heç bir problem yoxdur. Belə ki, məzun dövlət imtahanı verdikdən sonra münasib qaydada sənədlər təqdim edir. Ondan sonra diplomlar verilir.
- Hazırda diplomunu ala bilməyən məzunlar var. Onların aqibəti necə olacaq?
- Əgər diplomlarını ala bilməyən məzun varsa, deməli, onlar ora qanunsuz qəbul olunublar. Qanuni yolla qəbul olunan məzunlara diplomlar heç bir maneə olmadan verilir. Onlara diplomlar ümumi qaydalar üzrə verilir. Artıq həmin şəxslər diplomlarını alıblar.
Əgər konkret olaraq bir məzunun diplom ala bilməməsi məsələsi varsa, deməli, onun sənədlərini araşdırmaq lazımdır. Bəlkə, həmin məzun haradansa qanunsuz köçürülüb. Hesab edirəm ki, belə hallar da yoxdur. Əgər belə bir məzun varsa, bizə müraciət edə bilər.
Kimlərsə qanuni şəkildə Dərbənd filialına qəbul olunubsa, müvəffəqiyyətlə oxuyub qurtarıbsa və dövlət attestasiyasından da uğurla keçibsə, həmin məzunların diplom almaq problemi yoxdur. Heç ola da bilməz.
- Məzunların bir qismi bir il Dərbənd filialında oxuduqdan sonra təhsillərini İqtisad Universitetində davam etdirə bilmirlər. Bu məsələ ilə bağlı xeyli narazılıqlar var. Bununla bağlı nə deyə bilərsiniz?
- Deyilənlərin çoxu fərziyyədir. Bunlara inanmaq olmaz. Artıq necə ildir ki, ora qəbul dövlət xətti ilə, Rusiya qanunvericiliyinə müvafiq olaraq aparılır. Nazirlər Kabinetinin qərarı ilə xüsusi yerlər ayrılır. Həmin gənclər də orda oxuyurlar. Əyani şöbədə oxuyanlar orada yataqxanada və ya ev tutub qalırlar. Onların bura köçürülməsi də tamamilə qanunauyğundur. Məndə elə bir fakt yoxdur ki, ora kimsə qeyri-qanuni qəbul olub, universiteti bitirib qeyri-qanuni diplom alsın. Belə şey heç vaxt ola bilməz.
- İndiyə kimi Dərbənd filialından İqtisad Universitetinə köçürmələr olubmu?
- Bəli, müəyyən qədər köçürmələr olub. Həmin məzunlar da diplomlarını alıblar. Niyə də almasınlar? Köçürməni kim qadağan edib ki? Əgər hər şey qanuna uyğundursa, sənədləri yerindədirsə, niyə də olmasın. Baloniya prosesinə qoşulmuş istənilən tələbə və müəllim harada təhsilini davam etdirmək istəyirsə, ona kim mane ola bilər? Avropada bir məzun bir universitetə qəbul olub məzun olana kimi ən azı 2-3 universitet dəyişir. Ona görə də bu məsələni bu qədər şişirtmək lazım deyil.
AİDU-nun Dərbənd filialı 1993-cü ildə Azərbaycanın o zamanki prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.
Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlayıb.
Fəaliyyətə başladığı dövrdən indiyədək qədər yüzlərlə gənc filialı bitirərək məzun olub.
Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanıb:
Dünya iqtisadiyyatı;
Maliyyə-Kredit;
Mühasibat uçotu və audit;
Gömrük işinin təşkili;
İqtisadiyyatın hüquqi tənzimlənməsi.
Qeyd olunan ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya və akkreditasiya verilib. Filiala hər il Azərbaycan tərəfindən ödənişsiz və ödənişli əsaslarla tələbə qəbulu planı verilir. Filialda ödənişsiz əsaslarla təhsil alan tələbələr universitetdə təhsil alan tələbələr qədər təqaüdlə təmin olunurlar. Filial tamamilə Azərbaycan tərəfindən maliyyələşir.