EMİN ƏMRULLAYEVİN DON KİXOTLUĞU
18-03-2024, 08:16
Son vaxtlarda, təhsillə bağlı şokedici xəbərlərin, sənədli ifşaların daha sıx gündəmə gəlməsini müşahidə edirik. Hansısa məktəbdən, şagirdə qarşı bullinq videosunun yayılması ya da hansısa təhsil rəhbərinin rüşvətlə bağlı səsyazısının yayılması kimi halları, daha tez-tez görürük. Buna paralel olaraq da, Elm və Təhsil Nazirliyinin və onun rəhbərinin daha şiddətli tənqid olunması müşahidə olunur.
Ədalət naminə, bəribaşdan deyək ki, təhsillə bağlı bu cür neqativ halların olmasının tək suçlusu, ETN rəhbəri ola bilməz. Çünki, necə deyərlər, hər bir məktəb, ilk növbədə aid olduğu cəmiyyətin güzgüsü və göstəricisidir. Üstəlik də, Emin Əmrullayev cəmi 4 ildir ki, nazir vəzifəsini icra edir və innovativ təhsil sistemini formalaşdırmalı olan səlahiyyətlilərin yeganəsi, o deyil.
Buna görə də, bütün bu problemlərin tək suçlusu kimi onu görmək və hər şeyi onun boynuna yıxmaq, düzgün yanaşma deyil.
Amma və lakin, E. Əmrullayevin BU PROBLEMLƏRƏ VERDİYİ REAKSİYA- məsuliyyəti boynundan atıb, yaxasını kənara çəkməsi, tənqidə layiqdir, özü də ən sərt tənqidə!
Gəlin, elə təkcə son bir neçə ayda baş verən olaylara, ortaya çıxan neqativ hallara, cənab nazirin reaksiyasına diqqət edək.
Məsələn, barəsində, saytlarda N qədər material olan Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, ən məşhur təhsil ocaqlarından olsa da, nəyə görəsə cənab nazirin heç vaxt diqqətini cəlb etməyib! Axtarışa, sadəcə, bu müəssənin adını yazdıqda, “topa-topa” məlumat çıxan bir kollecdən, rüşvətin az qala qanun halına gəldiyi, açıq bazara çevrilmiş bir yerdən, necə xəbərsiz olmaq olar?...
Lakin, işə baxın ki, yalnız 2024-cü ilin martın əvvəllərində, direktorun tələbədən aşkarca rüşvət tələb etdiyi səsyazı ortaya çıxandan sonra, nazirlik əl-ayağa düşüb və dərhal direktora, “yolumuz ayrıldı, dostum” deyilib!
Sual olunur: görəsən, kardinal qərar vermək üçün mütləq konkret səsyazı, çəkilişmi lazım idi? Audio-material olmasaydı, deməli, orda problem yox idi?...
Cənab nazir bu tip gizli, ekskluziv ifşalardan, paparazzilikdən hər zaman narahatlığını ifadə edir.
Amma, narazılıq etdiyi “qeyri-ənənəvi” jurnalistikanı, “sənədli” ifşaları, elə özünün təşviq etdiyinin fərqində deyil! Çünki, kənardan görünən ən sadə fakt budur ki, ETN yalnız səsyazılı və ya videogörüntülü sübut olduqda, “şok effekti” yarandıqda, tədbir görür! Əks halda, məktəbdə nə baş verirsə versin, hətta top da atılsa, ölüm-itim də olsa, görüntüsü, səsyazısı aşkara çıxmayıbsa, Nazirlik, heç nə olmamış kimi davranır!
Təəssüflər olsun ki, təkcə bu son faktın özü belə, kollec direktoruna olan münasibət belə, “yeni nəsil nazirimiz” üçün ciddi uğursuzluq deməkdir.
Ümumiyyətlə, artıq sürəklilik qazanmağa başlayan bu cür fevri situasiyalara-gözlənilməz çəkilişlərə, sənədli faktlara, görünür ki, avropa təhsilli nazirimiz, ayaq uydura bilmir.
Jurnalistlərə, “paparazzilik etməyin!” söyləmək, əslində, “bizim razılığımız olmayan materialı verməyin!” ya da “bizim əleyhimizə məlumat dərc etməyin!” deməkdir. Çünki, bu səfər jurnalistlər, görüntülü-səsyazılı olmayan, adi materiallar dərc etsələr, “sübutsuz-sənədsiz danışırsız, böhtan atırsız!” ittihamlarına tuş gələcəklər! Hər halda ETN rəhbərliyinin və onun tabeliyindəki Regional Təhsil İdarələrinin, göndərilən minlərcə şikayət qarşısında laqeyd qalmasının, “quru” ərizələri önəmsiz hesab etməsinin heç bir izahı ola bilməz.
Elə Nazirliyin təşkil etdiyi sonuncu brifinqdə, Əmrullayevin, jurnalistlərə, sual verməklə bağlı konkret qəlib təyin etməsi, “ikidən artıq sual verməyin” deməsi, vacib üçüncü sualı verməyə çalışan jurnalistlə uzun-uzadı höcətləşməsi və nəticədə, ümumiyyətlə, suallara cavab verməkdən yayınması da bir göstəricidir.
Əgər cənab Əmrullayev ağıllı məsləhətçilərə başvursaydı, psixoloji-sosioloji ekspertlərdən tövsiyyə istəsəydi, hər halda bu cür addımların, jurnalistlərə işini öyrətməyin, mənasız və təsirsiz olduğunu öyrənərdi. Çünki, tutalım, hansısa məktəb barədə, rüşvətin sənədi-sübutu (səsyazısı ya da videoyazısı) mediaya göndərilibsə, jurnalistin əlinə keçibsə, o, artıq həmin materialı yayımlayacaqdır, çünki, HƏMİN MATERİALIN, ONSUZ DA, ƏN AZI SOSİAL MEDİADA YAYILACAĞINI BİLİR!
Bəli, “müdrik nazirimiz”, ənənəvi medianın üzərinə getməklə, hər şeyi onlardan bilməklə, sosial şəbəkələrin mövcud olmasını unudur. Axı, aydın məsələdir ki, şok bir məlumatın və ya vəzifəli şəxslə bağlı bir məlumatın yayılması, indiki dövrdə, sadəcə, zaman məsələsidir və bunu önləmək, mümkün deyil.
Üstəlik də, bu məlumat, əgər şəxsi həyata aid deyilsə, məmurun işinə aiddirsə, onda nəyə görə qəbahətli olmalıdır ki?...
Lakin, deyəsən, Emin müəllim, indiyəqədər heç kimin başara bilmədiyi bir işi başarmaqda israrlıdır. Eynilə Sançesin qəhrəmanı Don Kixot kimi…
P.S. Maraqlı bir situsiya yaranıb: Nazir bir tərəfdən, yararsız və ziyanlı kadrları ixtisar etməyə tələsmir, digər tərəfdən, həmin kadrların yararsızlığı, cəmiyyətə faş olanda, radikal tədbirlərə əl atır, başqa tərəfdən isə, həmin kadrların ifşa olunmasının önünə keçmək üçün “paparazzi jurnalistliyini” əngəlləməyə çalışır. Beləliklə, əslində, Emin bəy, özünü inkar etmiş olur və yararsız kadrları işdən çıxartmağın, yanlış olduğunu demiş olur! Yəni, tutalım, filan direktorun səsyazısını yaydıqları üçün, jurnalistlərə tənə edirsə, onda belə çıxır ki, direktoru işdən çıxartmamalıydı!
Odur ki, cənab nazir, düşünüb, bir qərar verməlidir: məmurun ifşa edilməsimi səhvdir, yoxsa həmin məmuru işdən çıxartmasımı?
Emin Mirzəli
“Təhsil Araşdırmaları Mərkəzi”nin eksperti, sosioloq