Gömrük Komitəsi Qarabağ qazisini həbs etdirdi FOTO
18-03-2024, 11:38
Üç gün əvvəl Post TV-də Bakı Baş Gömrük İdarəsində sabibkarla gömrük əməkdaşı arasında baş verən insidentin videosunu yaydıq. Linklər şərhdə...
Videogörüntüdə açıq şəkildə görünür ki, gömrük işçisi Aqil İbadov sahibkardan əlavə pul tələb edir, sahibkar Elçin Xancığazlı sona qədər buna etməli olur. Sahibkarı provokasiyaya çəkən gömrük işçisi öz istəyinə nail olur və nəticədə sahibkarın bu özbaşınalığa etiraz etmək üçün söyüş söyməkdən başqa yolu qalmır.
Video yayılan gün Gömrük Komitəsi açıqlama yaydı və bildirdi ki, qarşı tərəf (sahibkar) təmsilçiliklə bağlı etibarnaməsi olmadan mallarını rəsmiləşdirmək istəyib və insidentlə bağlı ətraflı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
Dünən isə həmin sahibkar - Elçin Xancığazlı Səbail Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə həbs edilib.
Həqiqət isə belədir: söyüşlə nəticələn insidentdə həmin sahibkar dəyəri 28900 dollar olan mala görə qanunla 6647 dolları ödəməli halda, ondan qanunsuz olaraq 17940 dollar ödəmək tələb olunub. Həmin inspektor sahibkardan 300 dollar pul da istəyir. Yəni, mübahisə də sahibkardan tələb olunan qeyri-qanuni pulun istənilməsindən sonra yaranıb. Bütün bunlar da videogörüntülərdə var. Həmçinin, A.İbadov da ona ağır söyüşlər söyərək üstünə hücum çəkir.
Təbii ki, istənilən qanunsuzluğa qarşı söyüşlə cavab vermək yolverilməzdir. Amma gömrükdəki rüşvətxorluğa qarşı qanunla münarizə aparmaq da mümkün deyil. Sabibkarları soyurlar.
Dövlət Gömrük Komitəsinin həbs etdirdiyi sahibkar Elçin Xancığazlı II Qarabağ müharibəsi qazisidir. E.Xancığazlı saxta qazi deyil, Füzulinin, Cəbrayılın və Şuşanın alınmasında iştirak edib. O, prezident İlham Əliyev tərəfindən bir neçə medalla təltif olunub. E.Xancığazlı heç kəsdən əlavə imtiyaz tələb etmir, sadəcə rüşvət vermək istəmir, buna görə onu təxribata çəkib həbsə atdılar.
Qazilərin hansı travmaların yaşadığını ətraflı yazmağa ehtiyac yoxdur. Qazilərin səhhətinin hansı psixoloji durumda olduğu və onların mütəmadi müalicə aldıqları da bəllidir. Gömrük Komitəsi məhkəməyə təzyiq edib və qazi sifarişlə həbs edilib. Daha yumşaq və humanist qərar verilə bilərdi.
Bəs, qazidən pul tələb edən gömrük işçisi, sahiblarlar arasında "suka Aqil" kimi tanınan şəxs əlavə pul, rüşvət tələb etdiyinə görə cəzalandırılacaqmı? İnanmıram. Dövlət qulluqçusu hər cür özbaşınalıq edə bilər və ona heç bir halda ağır söz demək olmaz? Dövlət gerbindən özlərinə qalxan düzəldən bu şəxslər niyə cəzasız qalır?
İndi aşağıda adlarını yazdığım sahibkarlar gömrük əməkdaşı A.İbadovun qanunsuz əməlləri ilə bağlı xəbər portalları vasitəsilə Gömrük Komitəsinin sədri Şahin Bağırova müraciət ediblər. Reaksiya yoxdur. Niyə? Çünki sərf etmir. A.İbadov Bakı Baş Gömrük İdarəsində "pul yığan maşın" funksiyasını yerinə yetirir, sahibkarları şərləyir, nəticədə tələb etdiyi pulu alır. Öz əməkdaşının söyülməsinə dözməyən (halbuki, gömrük işçisi hər gün sahibkarları söyür) Gömrük Komitəsi sahibkaların söyülməsinə və soyulmasına reaksiya vermir.
Ş.Bağırova müraciət edən sahibkarlar:
Ağayev Səxavət, Rəşad Vəliyev, Azər Bağırov, Rufullayev Seymur, Rafiq Hüseynov, Rafiq Rzayev, Sübhan Rufullayev, Kamal Xamıyev, Ruslan İbadov, İlham Əliyev, Hikmət Xalıqov, Hikmət Əliyev, Əbülfəz Nağdəliyev.
P.S. Hesab edirəm ki, məhkəmələr kiminsə əlində alət olmamalıdır. Qarabağ qazisini həbsdə saxlamağa nə ehtiyac var, o, dərhal azad olunmalıdır. Söyüş söyməyə görə sərt qərar qəbul edilirsə, o zaman məmurlar da həbs edilsinlər.
P.S.S. Gömrük Komitəsində şəffaflıq yaratmaq üçün bu qurum İqtisadiyyat Nazirliyinin tabeliyinə (vergilər kimi, çünki o da büdcəyə işləyir) verilməlidir.
Samir Feyruzov
TEREF