Şahbuz məktəbində araşdırmanın nəticəsi: " Polis döyülən şagirdi və atasını təhdid edir!" İDDİA

20-03-2024, 12:04           
Şahbuz məktəbində araşdırmanın nəticəsi: " Polis döyülən şagirdi və atasını təhdid edir!"  İDDİA
Şahbuz rayon Polis Şöbəsinin əməkdaşları Sələsüz məktəbində müəllimlərin döyüb, təhqir etdiyi şagirdi və onun atası Əfqan Hüseynovu təhdid edirlər ki, şikayəti geri götürsünlər. Bu haqda „Gündəlik Naxçıvan“a zərərçəkmiş şagirdin qohumları məlumat verib. Onlar iddia edirlər ki, buna səbəb şagirdi döyməkdə ittiham olunan müəllimlərin polisi, yerli Təhsil Nazirliyini və digər aidiyyəti qurumları pulla ələ almasıdır.
Şabuh rayon Sələsüz kənd orta məktəbində 7-ci sinif şagirdinin döyülüb, təhqir edilməsi ilə bağlı məlumat ictimailəşdikdən sonra yerli Təhsil Nazirliyinin təşşəbüsü ilə araşdırma dünəndən başladılıb. Rayon polis şöbəsi əməkdaşları müəllimlərdən izahat aldıqdan sonra bu gün zərərçəkən şagirdin evinə gediblər.
Qohumları bildirirlər ki, polislər onları hədələyərək, şikayətlərini geri götürmələrini tələb edirlər:
“Bir neçə gün məsələni ört-basdır etmək istədilər. Lakin, məsələ ictimailəşəndən sonra işə məcburi Təhsil Nazirliyi, DTX, İcra Hakimiyyəti və polis işə qarışdı. Dünən gedib, məktəbdə müəllimlərdən izahat almışdılar. İzhatdan sonra dərs hissə müdiri hamının yanında deyib ki, puluna minnət, hamısının pulunu verib, işi bağlatdıracağıq. Elə də oldu. İndi araşdırma aparan bütün qurumlar müəllimlərin tərəfini tutub, döyülən uşağı günahkar çıxarmaq istəyirlər. Bu gün polis evə gəlib, uşağın və ata-anasının üzərinə hücum çəkib, üstlərinə qışqırıblar. Məlumatı mətbuata kimin ötürdüyü ilə maraqlanıblar. Tələb ediblər ki, günahın uşaqda olması ilə bağlı izahat yazsınlar, əks təqdirdə həbslə hədələyiblər“.
Qohumları bildirirlər ki, polislərin təhdidindən sonra şagirdin və anasının vəziyyətləri pisləşib:
“Polislər elə qorxudub, qışqır-bağır salıblar ki, uşaq ikinci dəfə psixoloji travma alıb. Ana da bir neçə il öncə iflic keçirib. Polislərin hədə-qorxusundan sonra vəziyyəti daha da pisləşib. Kasıb, fağır ailədilər, atanın 350 manat maaşı ilə birtəhər dolanırlar, indi nə edəcəklərini bilmirlər. Buradan İlham Əliyevə, onun səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edirik ki, məsələ ədalətli araşdırılsın“.
Hədələnən Əfqan Hüseynovun Naxçıvan Dövlət Televiziyasında 350 manat maaşa operator vəzifəsində işlədiyi bildirilir.
Bundan öncə, qohmları 7-ci sinifində oxuyan qız şagirdinin döyülüb, daha sonra isə, əxlaqsız söyüşlərlə təhqir olunması ilə bağlı məlumat vermişdilər. Ona qarşı bu hərəkəti edənlərin isə, dərs hissə müridi Sahilə Həsənova və məktəbdəki Uşaq Birliyinin rəbhəri Çiçək Novruzovanın olduğu bildirilirdi. Qohumların „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, bir neçə müəllim və şagirdin gözü qarşısında baş verən bu hadisəyə zərərçəkən şagirdin Çiçək Novruzovanın eyni məktəbdə oxuyan nəvəsi ilə dalaşması səbəb olub. Yəni, müəllimin şagirdi döyüb, təhqir etməsi öz nəvəsinin qisasını almaq məqsədi daşıyıb.
Məsələ ictimailəşdikdən sonra yerli Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəbdə araşdırma başlanmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.