Məkrli planlar, saxtakarlıq oyunları – Nəsirov yenə baş rolda

22-03-2024, 07:54           
Məkrli planlar, saxtakarlıq oyunları – Nəsirov yenə baş rolda
Zamanı yetişdi. AFFA tezliklə Növbəti Hesabat-Seçki Konfransında quruma prezident və İcraiyyə Komitəsinə üzv seçilmək istəyən şəxslərin siyahısını açıqlamalıdır. Nizamnaməyə əsasən, Konfransa 10 gün qalarkən hər şeyin rəsmiləşməsi şərtdir.

Seçkinin aprelin 2-də baş tutacağını nəzərə alsaq, ən yaxın saatlarda adlar rəsmən açıqlanmalıdır. Amma AFFA yəqin ki, son dəqiqələrədək gözləyəcək. Çünki kabinet döyüşləri gedir, son tamamlamalar aparılır, siyahı dəqiqləşdirilir. Maraq, nüfuz müharibəsində “küçə döyüşləri”nə start verilib. “Strateji obyektlər” üçün kimsə heç nədən çəkinmir.

Futbolinfo.az Rövşən Nəcəfin prezidentliyə yeganə namizəd olduğunu xeyli öncə yazıb, bir neçə gün öncə isə İcraiyyə Komitəsində təmsil olunacaq şəxslərin siyahısını təqdim edib. Elə bu siyahının açıqlanması ilə yuxuya getmiş bir çox şəxslər ayılıb. Gənclər və İdman Nazirliyi nümayəndəsinin İK-da olmayacağından qeyzlənib, AFFA-nı bölüşdürməkdə olan iki dəstənin narazı üzvləri ortadakı üçüncü barmağın fərqinə varıb.

Ona görə elə bu saatlarda siyahının yenidən dəqiqləşdirilməsi aparılır. Mümkündür ki, siyahıda dəyişikliklər olsun. Çünki siyahını diqtə edən insanlar hər nə qədər tapşırığın “yuxarı”dan gəldiyi görüntüsünü yaratmağa cəhd etsələr də, indi onların özlərinin təqdim etdikləri raportla kimlərisə aldatdığı ifşa olunur.

Vəziyyəti yenə Elşad Nəsirovun dəstəsi idarə edir. İllərini Azərbaycan futbolunun məqsədyönlü məhvinə həsr etmiş adamlar yeni AFFA prezidentinə “xoşməramlı məsləhətlər” verməklə, əsas kuratorun başının altına yastıq qoymaqla işini görür. Vəziyyət elə alınıb ki, Nəsirov vitse-prezident postlarından birini özü üçün qoruyub, millinin baş məşqçi postunu növbəti məsləhətləri üçün vakant saxlayıb və nəhayət, baş katib vəzifəsini hansısa kadrları üçün azad edib.

İcraiyyə Komitəsinin digər üzvləri ilə işimiz yoxdur, amma iki nəfərin bu siyahıya salınması birbaşa Elşad Nəsirov – Elxan Məmmədov xəttinin məhsuludur.

Birincisi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məqşisini İK üzvləri siyahısına salanlar bir güllə ilə iki dovşan vurmaq istəyir. Onun nüfuzunun altında əzilənlər təcrübəli mütəxəssisi yanlarındaymış kimi göstərir. Guya ki, Qurbanov onlarladır, futbolun inkişafında təcrübəsindən faydalanacaqlar. Halbuki Qurban bəy əvvəllər də bir il komitədə olub və oradakı mühitin çalışması, ideyalarını həyata keçirməsi üçün əlverişli olmadığını görərək istefa verib.

Onu yenidən məmur donuna salmaq istəyənlərin digər hədəfi milli komandanın baş məşqçi postunu əcnəbi üçün boş saxlamaqdır. Hamıya aydındır ki, bu vəzifəyə bir nömrəli namizəd Qurbanovdur. İndi onu İK üzvü etməklə əcnəbi təyinatı üçün əlyeri saxlayırlar.

Nə yaxşı ki, Qurbanov ayıqdır, növbəti dəfə oyuna çəkildiyini bilir. Ona görə də hələlik yekun razılığını verməyib. Qurban bəy bu dəqiqəyədək İK üzvlüyünə rəsmi namizədliyini verməyib, AFFA-nın yeni rəhbərliyinin əsl niyyətini bilmək üçün gözləmə mövqeyindədir. Hər şeyə yaxın bir sutka ərzində aydınlıq gələcək.

İkincisi Sərxan Hacıyevdir. AFFA-nın baş katibi kimi cəmi bir ilə sığan fəaliyyət dövründə onun etdikləri yalnız təqdir edilə bilər. Əvvəlki rəhbərliyin ifşasında onun əməyi danılmazdır. Hacıyev paralel olar “keçid hökuməti” funksiyasını məharətlə yerinə yetirdi, eyni zamanda ölkə futbolunda vəziyyətin nizama salınmasında önəmli işlər gördü. Yeni liqanın yaradılması, çempionatda sabitlik, idman priniplərinin qorunması kimi çoxdan unudulan ən önəmli məsələlərdə məhz Sərxan bəyin fəaliyyəti həlledici oldu.


Vəzifəsinin öhdəsindən məharətlə gələn, özünü bacarıqlı kadr kimi sübut edən bu şəxsi indi mədəni yolla sıradan çıxarırlar. İşi ilə müsbət imic qazanan Hacıyevi kənara atmaq mümkün deyil, əvəzində onu məhz Nəsirovun planı ilə İcraiyyə Komitəsinə sürüşdürürlər. Belədə onun səlahiyyətləri azalacaq, İK-da sıradan “əlqaldıran”a çevriləcək və ən yaxın zamanda və fürsətdə birdəfəlik “vurulacaq”.

Hacıyevi İK-ya göndərmək yeni prezident Rövşən Nəcəfin öz ideyası deyil. Bunu da Nəsirov düşünüb. O, yəqin ki, tezliklə Kamran Quliyev və ya başqa bir sevimli kadrını baş katibliyə namizəd kimi göstərib arzusuna çatacaq. Hələ ölkə futbolunda xaos yaratmaq cəhdi, Elxan Məmmədovun yalançı xilasedici kimi geri qaytarılması da mümkündür. Bu şəxsin FIFA ilə müqaviləsi tezliklə başa çatır və Nəsirov sevimli əlaltısını Nəcəfin komandasına pərçim etmək üçün hər şeyə əl atacaq.

Göründüyü kimi, Nəsirov AFFA-da islahat dalğasını da idarə etməyə çalışır və buna nail olmaqdadır. Belədə o, yenə hakimiyyəti əlində saxlayıb Azərbaycan futbolunu məhv etməyə davam edəcək. Seçki baş tutmamış islahatın həvalə olunduğu insanlar ayılsa, bu məqamlara diqqət etsə, yaxşı olar.

AFFA-nın yeni rəhbərliyi zatən əvvəlki işlərində uğursuz olduqlarından tənqid hədəfidir, indidən onlara qarşı kin formalaşır. Bu fonu dağıtmaq üçün müsbət addımlar atmaq, futbol təsərrüfatını Elşad Nəsirov – Elxan Məmmədov tandemindən, onların dəstəsinin üzvlərindən təmizləmək şərtdir. Hətta Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunacaqsa da, fəaliyyəti uzun sürməyəcək. Çünki yenə də əsas söz sahibləri eyni adamlar olacaq və onlar Qurbanovun uğursuzluğu üçün hər şey edəcəklər.

AFFA-nın yeni rəhbərliyinin başqa bir qüsuru indidən saxtakarlığa əl atmalarıdır. İstədikləri adamları İcraiyyə Komitəsinə yerləşdirmək üçün yolverilməz işlər görürlər. Onların fəaliyyətə Nizamnamə pozuntusu ilə başlaması çox pis mesajdır.

AFFA Nizamnaməsinin 34-cü maddəsinin 5-ci bəndində qeyd olunub:

– Bütün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmaqla, AFFA üzvlərinin birində, yaxud FİFA və ya UEFA üzvünün və onun öz üzvlərinin hər hansı tanınan orqanı daxilində aktiv fəaliyyət göstərməlidir.

Lakin İcraiyyə Komitəsinin bəzi gələcək üzvləri bu kriteriyalara cavab vermir. Məsələn, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov və ya hətta AGİN-in də işdən çıxardığı Fərid Mansurov bu tələblərə necə uyğun gəlib? Elşad Nəsirovun namizədliyini regional futbol federasiyalarından birindən verməsində də məna yoxdur – bu, yerləşdirmək naminə yerləşdirməkdir.

Deyək ki, bu şəxsləri hansısa formada əsaslandırıb futbola calaq ediblər, bəs, Balakişi Qasımov? Axı, İTV-nin baş direktorunun AFFA üzvlərinin birində, yaxud FİFA və ya UEFA üzvünün və onun öz üzvlərinin hər hansı tanınan orqanı daxilində hər hansı fəaliyyəti yoxdur. 2021-ci ilin noyabrından Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti olan bu şəxsin indi futbolda qərarverən quruma düşməsi Nizamnamə pozuntusudur.

Doğrusu, şəxsən Qasımovun belə faktla xatırlanmasını istəməzdim. Çünki televiziyadakı işinə görə şəxsən məndə rəğbət qazanan, fəaliyyəti müsbət çalarlarla dolu olan Balakişi bəy Nəsirovun səhv məsləhətləri ilə çətin duruma düşməməlidir. Çünki sabah onun Nizamnaməni pozduğunu ilk olaraq məhz köhnə AFFA rəhbərliyi ifşa edəcək. İndidən diqqətli olmaqda fayda var.

Başqa bir məqam namizədlərin sənəd işlərində diqqətli olmamasıdır. Heç bir namizəd AFFA üzvləri tərəfindən namizəd göstərildikləri iclasların foto/video görüntülərini üzə çıxara bilməz. Çünki olmayan iclasların protokolları da saxtadır. İmzalana, möhürlənə bilər, lakin heç biri real deyil, təsdiqedici fakt yoxdur.

QEYDLƏRİMİZDƏN NARAHAT OLANLAR ÜÇÜN

Bu məqamları seçkiöncəsi son ictimai xəbərdarlıq kimi qəbul edə bilərsiz. Kimi istəyirsiz seçin, amma qanunları ayaqlamayın, Nizamnaməyə əməl edin. Bir də bacarıqlı kadrları məkrli oyunlarınıza qurban verməyin, ya birdəfəlik kənarda saxlayıb daha faydalı bildiyiniz öz kadrlarınızı təyin edin, ya da onlardan bacarıqlarına uyğun istifadə etməyə çalışın. Qamarlamağı yox, Azərbaycan futbolunun inkişafını istəyirsizsə…

VÜSAL MAHMUDOV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.