Prezidentə müraciət: “Ucar xəstəxanasında insanları öldürürlər”

26-03-2024, 10:28           
Prezidentə müraciət: “Ucar xəstəxanasında insanları öldürürlər”
Ucar rayon sakinləri Cəbrayılov Tural Malik oğlu, Həsənov Namiq Vasif oğlu, Babayev Gündüz Səlim oğlu və Seyidov Mirəli Mansur oğlu tərəfindən “Hurriyyet.az” saytının redaksiyasına şikayət məktubu daxil olub.

Həmin məktubu olduğu kimi dərc edirik:

“Ucar rayon mərkəzi xəstəxanasında həkim səhlənkarlığının növbəti qurbanları durmadan artmaqdadır. Bunun bütün məsuliyyəti TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və İdarə Heyətinin sədri Zaur Əliyevin üzərinə düşür.

Belə ki, 24 aprel 2023-cü il tarixdə qan təzyiqi aşağı düşərək halı pisləşən Ucar rayon, Qazyan kənd sakini Ələkbərova Kamilə Yaqub qızı Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkim səhlənkarlığına görə vəfat edib. Hansı ki, orta məktəb şagirdi olan 16 yaşlı Kamilə Ələkbərova tam sağlam olub, heç vaxt həkimə müraciət etməyib. Qəfil qan təzyiqi aşağı düşüb, halı pisləşdiyi üçün Ucar xəstəxanasına çatdırılıb. Orada həkim Aydın Hüseynov səhv müalicə apardığı üçün xəstə vəfat edib.

Bundan başqa, təxminən bir həftə öncə Ucar rayonu Çiyni kənd sakini Hüseynov Ceyhun Şahin oğlu hamilə həyat yoldaşını Ucar rayon Xəstəxanasına gətirib. Vaxtından əvvəl olduğu üçün keysəriyyə əməliyyatı ilə doğulan uşaq bir neçə saat sonra ölüb.

Zeynal Bayramlının direktoru olduğu Ucar rayon Mərkəzi Xəstəxanasında insan ölümlərinin sayı-hesabı yoxdur. Adi qan təzyiqinin düşməsinin qarşısını ala bilməyən həkimləri olan xəstəxana ümumiyyətlə bağlanmalıdır.

Zeynal Bayramlının talançılığı, korrupsiya əməlləri barədə kifayət qədər şikayətlər edilib, mətbuatda yazılar dərc edilib. Ancaq TƏBİB-in rəhbərliyi onun barəsində tədbir görmək istəmir. Nəticədə isə adi yüngül xəstəliklərdən insanları Ucar xəstəxanasında öldürürlər. Hətta Zeynal Bayramlı məclisdə deyib ki, TƏBİB-in rəhbərliyi kimdir, Ucar rayon Xəstəxanasının binasını Ziya Məmmədov öz vəsaiti hesabına inşa etdirib, məni bura o, rəhbər təyin etdirib.

Qeyd edək ki, Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.

2005-ci il tarixdə Tibb Universitetini bitirən kimi heç bir təcrübə əldə etmədən birbaşa Ucar rayon Qazıqumlaq kənd xəstəxanasına baş həkim təyin edilib. Bundan iki il sonra 2007-ci il tarixdə Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub. Zeynal Bayramlı 16 illik fəliyyəti talançılıq və korrupsiyadan ibarət olmuşdur.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik ki, Zeynal Bayramlı barədə tədbir görsün”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.