Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub
27-03-2024, 10:35
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov fevral ayının 14-də keçirilən ağacəkmə aksiyasında mətbuata verdiyi açıqlamada bu ilin sonuna qədər ölkə ərazisində 5 milyon ağacın əkilməsinin planlaşdırıldığını bildirib.
Nazir müavini Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasından sonra kütləvi ağacəkmə aksiyalarına başlanıldığını vurğulayıb: “Artıq fevral ayının əvvəllərindən başlayaraq həm Abşeron yarımadasında, həm də ölkəmizin digər ərazilərində bu cür ağacəkmə aksiyalarının keçirilməsinə start verilib. Bu aksiyalarda təkcə ETSN və onun yerli qurumları deyil, həmçinin aidiyyəti dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının da iştirakı təmin olunur”.
Təbii ki, Prezident İlham Əliyevin göstərişlərindən sonra ekologiya və təbii sərvətlər nazirliyinin təşkil etdiyi bu ağacəkmə aksiyası təqdirəlayiq haldır. Amma bir maraqlı sual da çıxır ortaya. Bəs ekologiya və təbii sərvətlər nazirliyi ölkə ərazisində aparılan kütləvi ağackəsmə kompaniyasına nə vaxt son qoyacaq?
Aktualinfo.org təkcə 2023-cü ildə meşələtəmizdə olan ” yaşıl terror”la bağlı kifayət qədər geniş və təkzib olunmamış məlumatlar yayıb və bu işin başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun durduğunu açıqlayıb. Şəki rayonundan, elə nazir müavini Vüqar Kərimovun doğulduğu kənddən redaksiyamıza verilən son məlumatlar da bunu təsdiqləyir.
Redaksiyamıza adının çəkilməsini istəməyən Şəki şəhər sakini tərəfindən Kiş çayı ətrafında baş vermiş ekoloji cinayət faktları ilə bağlı video, foto sənədlərə əsaslanan müraciət göndərmişdir. Müraciətdə qeyd edilir ki, məşhur iş adamı Lətifov Tehran Sabir oğlu tərəfindən Şəki şəhərinin yuxarı hissəsində “Marxal” istirahət Mərkəzi ətrafında olan və Ekologiya və Təbii Sərvətlər Nazirliyin balansında olan üç böyük meşə fondu ərazisini icarə adı altında zəbt etmişdir. Məsələ barəsində 1 həftə öncə ETSN-nin qaynar xəttinə zəng edərək Kiş çayı ətrafında yerləşən və Şəki şəhərini sel təhlükəsindən qorumaq üçün hələ Sovetlər dövründə salınmış küknar meşəliyinin, çay yatağındakı meşə cinsli çoxsaylı müxtəlif diametrli ağacların böyük ərazidə ağır texnikanın köməkliyilə kürünərək yerində istirahət mərkəzi tikilməsi üçün yer hazırlanmışdır. Verilən məlumata görə T.Lətifov Kiş çayının sol sahilində yerləşən “Sərin ada” restoran yerini iki kürəkəni üçün sənədləşdirmiş və burada yerləşən müxtəlif ağacların 28 ədədini yer səviyyəsində, qalan 76 ədəd ağacı isə 3 metr hündürlükdə tam budatmışdır ki, növbəti ili ağaclar quruyaraq məhv olsun. Digər 3-cü sahə olan və “Zip Line” kanatlı istirahət mərkəzinə çatmamış, yolun sol hissəsində, Kiş çayının isə sağ sahil hisəsində yerləşən hektarlarla salınmış küknar meşəsinin də az bir hissəsini ( təxminən 1 ha) ETSN ilə 5 il öncə rəsmi icarə müqaviləsi bağlayaraq hər ili burada olan 25-35 sm diametrli şam ağaclarını kəsib məhv etməklə məşğuldur ki, burada da qanunsuz tikinti işləri aparıb evciklər, mətbəx, gözətçi sahəsi, restoran və çay üzərindən kanat tikib istifadəyə versin. Meşə ərazisinə də çoxsaylı mişar daşları, qum, şeben və s. Tikinti materialları töküb işə başlamışdır. Təqdim edilən videolarda da qeyd edilənlər video və foto görüntülərlə təsdiqini tapır. Şəki sakini hər üç meşə fondu ərazisində aparılan kütləvi ağac kəsintilərinin ümüumi sayının 1400 ədəd olduğunu və nazirliyin yerli Ekologiya İdarəsi əməkdaşları olan Şəmsəddin və Kamranla apardığı monitorinq nəticəsində ETSN əməkdaşları da faktları yerində baxış keçirərək təsdiq etmişlər. Verdikləri rəsmi məlumatda aydın olur ki, bütün bu kəsilən qiymətli ağaclara görə sahibkar T.Lətifova 700 manat cərimə aktı tərtib edilmişdir. Şikayətçinin iştirakı ilə keçirilən monitorinq zamanı həmin meşə dolayına nəzarət edən meşəbəyi də təsdiq etmişdir ki, küknar meşəsi əvvəlki Ekologiya İdarəsinin müdiri olmuş Yusifov Namiq dövründə verilmiş və ağacların da hamısı o dövrdə kəsilmişdir. Yəni, təzəcə kəsilən ağaclar hələlik yoxdur. O da məlum olmuşdur ki, ETSN nazir müavini cənab Vüqar Kərimli də məhz bu ərazinin 1 km-də yerləşən Kiş kəndində anadan olmuşdur. Və tez tez bu ərazilərə səfər edərək baş vermiş ekoloji cinayətlərin şahidi olmuşdur. Amma nə fayda. Çünki onun Namiq Yusifovla bir həmyerli kimi olan dostluq münasibətlərinə görə bu ərazilər imkanlı iş adamlarına şapka müqabilində icarəyə verilir. Nəticədə sahibkar verdiyinin əvəzini çıxarmaq üçün müqavilədə qeyd edilən sahədən dəflərlə çox ərazini qanunsuz zəbt edir və qanunsuz tikinti işlərinə başlayır. Ən önəmli məslə isə Kiş çay yatağındakı ağacların kütləvi kəsilməsi nəticəsində orta əsrlər şəhəri olan Şəkini sel təhlükəsilə üz üzə qoyurlar. Güman edirik ki, Fövqəladə Hallar Nazirliyi, Su və Meliorasiya Dövlət Agentliyi dağıdıcı çay hesab edilən Kişın fəlakəti baş verməmiş bu istiqamətdə təcili və təxirəsalınmaz tədbirlər görəcəkdir.
Aktualinfo.org
P.S. Bəli, bizə aydın deyil ki, ETSN naziri, həm də Azərbaycanda bu il keçirilməsi nəzərdə tutulan GOP-un sədri cənab Muxtar Babayevə qaynar xətt vasitəsilə daxil olmuş bu şikayəti niyə ört-basdır etməyə çalışır? Görəsən məmləkətdə baş verən ekoloji cinayətlərin qarşısı nə vaxt alınacaq ?
BakuNews.az