SUMQAYIT SAKINLƏRI ŞƏHID XANIMINDAN NIYƏ NARAZIDIR? – QANUNSUZ TIKINTI ILƏ BAĞLI ARAŞDIRMA – FOTOLAR

24-04-2024, 08:54           
SUMQAYIT SAKINLƏRI ŞƏHID XANIMINDAN NIYƏ NARAZIDIR? –
Bir qrup şəhər sakini tərəfindən KONKRET.az-a daxil olan şikayət məktubunda bildirilir ki, Səməd Vurğun küçəsindəki parkda mövcud olan qeyri-yaşayış obyektinə yaxın ərazi zəbt edilərək, qanunsuz tikinti işləri aparılıb.

Sakinlər yeni tikilinin parkın ümumi görünüşünə və yaşıllıq zonasına xələl gətirdiyini, habelə insanların hərəkətinə maneçilik törətdiyini əsas gətirərək, məsələ ilə bağlı əlaqədar qurumların ölçü götürməsini xahiş edirlər.

Şikayəti araşdırmaq məqsədilə ərazidə olan əməkdaşımızın sözügedən parkda qarşılaşdığı mənzərə heç də ürəkaçan olmayıb. Müxbirimiz tikinti işlərinin parkın yaşıllıq zolağında aparıldığını və yeni obyektin çoxillik ağacların əhatəsində inşa olunduğunu müşahidə edib. (Məqalədə yer alan fotolardan da yaşıllıq zonasının zəbt edildiyi aydın görünür – red.).

Obyektin daxilində təmir işləri aparan ustalarla söhbət əsnasında məlum olub ki, artırma tipli yeni tikili Zeynəb adlı şəhid xanımına məxsusdur və deyilənə görə, tikintiyə icazə sənədləri tam qaydasındadır.

Məsələ ilə bağlı müraciət etdiyimiz Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə sözügedən ərazidə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti aparıldığı bildirilib. Habelə memarlıq və şəhərsalma sahəsində aşkar olunmuş pozuntuların aradan qaldırılması, mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə komitə tərəfindən aidiyyəti qurumlara müvafiq məktublar ünvanlandığı qeyd edilib.

Faktla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mövqeyinə gəlincə, quruma ünvanladığımız sorğu cavablandırılmayıb. Bununla belə şübhə etmirik ki, qanunsuz tikintinin qarşısının alınması istiqamətində yerli icra hakimiyyəti orqanı tərəfindən lazımi addımlar atılacaq.

Xatırladaq ki, oxşar faktla bağlı redaksiyamıza ötən ilin yay aylarında da vətəndaşlar tərəfindən bir neçə dəfə müraciət olunmuş, məsələnin araşdırılması zamanı tikintinin uzun illərdir Sumqayıt şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmin Zeynəb xanım tərəfindən aparıldığı müəyyən edilmişdi (https://konkret.az/sehid-xanimina-mexsus-obyektin-tikintisi-naraziliq-dogurdu-sikayet-foto/). O vaxt da xanımın park ərazisində obyekt tikdirməsi sakinlər tərəfindən böyük narazılıqla qarşılanmışdı.

Qanunsuz tikintiyə cəhdin qarşısı müvafiq qurumlar tərəfindən bir neçə dəfə alınsa da, sonda o, park ərazisində ikimərtəbəli qeyri-yaşayış obyektinin inşasını tam olararq başa çatdıra bilmişdi. Görünən odur ki, Zeynəb xanım bütün hallarda şəhid ailəsi statusundan sui-istifadə edir və şəxsi maraqlarından ötrü hətta qanunvericiliyin tələblərini belə pozmaqdan çəkinmir. Bu yerdə xatırlatmaq istəyirik ki, dövlət şəhid ailələrinə xüsusi imtiyazlar təyin edir, onların sosial təminatı istiqamətində bütün zəruri addımları atır. Lakin bu həssas yanaşma, xüsusi diqqət və qayğı heç kəsə qanunlara “müqavimət göstərmək” üçün əsas vermir. Unutmaq lazım deyil ki, sosial statusundan asılı olmayaraq hər bir sahibkar qanun qarşısında bərabərhüquqludur və cəmiyyətə ziyan vurduğu təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılacaqdır.




Natiq Səlim,

Deryaz.az

P.S. Mövzunu diqqətdə saxlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.