Təyyarəçiləri “kredit girovuna” çevirən polkovnik Fərəcov İDDİA

25-05-2015, 11:43           
Təyyarəçiləri “kredit girovuna” çevirən polkovnik Fərəcov İDDİA
Son vaxtlar bağça müdiri olan xanımın öz işçilərinin adına yüz min manatlarla kredit götürməsindən,hansısa məmurun xeyli sayda saxta şirkət açdırıb milyonlarla krediti mənimsəməsindən bəhs edən yazılar dərc olunur. Hətta bu cür hallara yol vermiş şəxslərin saxlanılması, həbs olunması hazırda gündəmin əsas mövzusudur. Ancaq bir il əvvəl Qafqaz Xəbər Agentliyi (qafqaznews.az ) olaraq “kredit problemi” ilə bağlı silsilə araşdırma yazıları dərc etmişik. Qısa xatırlatma üçün bildirək ki, dərc etdiyimiz yazılar Daxili İşlər Nazirliyi Daxili Qoşunların ( DQ ) Vertalyot Eskadrilyasının (VE) rəisi, polkovnik-leytenant Mirzə Fərəcovun öz tabeçiliyində olan hərbçilərin adına külli miqdarda kredit götürüb mənimsəməsindən bəhs edirdi. Məlumat üçün qeyd edək ki, Mirzə Fərəcov əvvəllər Qala Hərbi Hissəsində işləyib və bizə məlum olmayan səbəbdən işdən uzaqlaşdırırlıb. Bir müddətdən sonra DQ-nin Vertalyot Eskadrilyasında işə düzəlib.

Arada DQ-nin ozamankı komandiri Zakir Həsənov onu yenidən işdən uzaqlaşdırıb. Və 1 ildən sonra yenidən VE-a işə düzəlib və Naxçıvana göndərilib. Bir il Naxçıvanda xidmətdən sonra birbaşa VE-a rəis gətirilib. Mirzə Fərəcovun “sağ əli” kapitan Abusəttərov Sədrəddin Yarəhməd oğlu da rəisi kimi eyni əməlin yolçusudur. Dərc etdiyimiz yazılar VE-nın təyyarəçi-şturmanı, Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu Bayramov Faiq Zakir oğlunun və digər hərbçilərin şikayəti əsasında hazırlanmışdı.

Şikayətçi yazırdı ki: “ Kapitan Abusəttarov mənə dedi ki, həyat yoldaşımı müalicə üçün İrana aparmalıyam, xahiş edirəm sənin adına DəmirBankdan 3 min manat kredit götürək, özüm hər ay ödəyəcəm. Biz həmin bankdan 3 min manat kredit götürdük… Sonra VE-nın rəisi mənə dedi ki, 1000 manat ver rütbəni artırım. Mən bildirdim ki, pulum yoxdur. Mirzə Fərəcov dedi ki, pulun yoxdursa, sənədlərini ver Bank Respublika-dan 700 manat götürək, məsələ həll olunsun. Kredit hazır olanda mən pulu götürdüm. Ancaq Abusəttarov mənə zəng edərək bildirdi ki, pulu mənə ver çatdıracam Mirzə Fərəcova. Sonra Mirzə Fərəcov məndən 700 manat pulu istəyəndə mən pulu onun dostu Abusəttarova verdiyimi dedim…. Bir müddət sonra Mirzə Fərəcov mənə dedi ki, dostumuz Abusəttarovun həyat yoldaşı xəstədir gəl sənin adına 10 min manat kredit götürək. Mən dedim ki, belə şey ola bilməz, heç o biri pulları qaytarmırsınız.

Onda rəis mənə dedi ki, sən zamin dur. O, məni məcbur elədi və mən zamin durdum və Azər-Türk Bankdan 10 min manat pul götürdülər…” Bir il əvvəl dərc etdiyimiz məqalədə təyyarəçi krediti qaytara bilmədiyi üçün komandir tərəfindən təzyiqə məruz qalması ilə bağlı Hərbi Prokuror cənab Xanlar Vəliyevdən kömək istəyirdi. Təyyarəçi öz şikayətində onu da qeyd edirdi ki, Eskadrilyanın xeyli sayda təyyarəçisi və şəxsi heyəti rəisin kredit girovuna çevriliblər. Söhbət təxminən 100 min manatdan gedir. Bir il əvvəl dərc etdiyimiz yazını yenidən xatırlamaqda məqsədimiz odur ki, əgər müvafiq qurumlar vaxtında problemə diqqətlə yanaşsaydı, bu gün baş verən biabırçılıqlar az olardı. Sonda onu da qeyd edək ki, Mirzə Fərəcovun oğlu Firuz Fərəcov 2012-ci ildə hərbi xidmətdə olarkən ermənilərə əsir düşüb və sonradan Kanadaya sığınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.