İsmayıllı özünün qara günlərini yaşayır: Mirdamət Sadıqov rejimi...
9-04-2015, 11:32
«Region-Xeber.info» xəbər verir ki, İsmayıllının icra başçısı Mirdamət Sadıqovun ilin çox vaxtı qısa məzuniyyət götürərək ölkədən getməsi məsələsi demək olar ki, rayonda bir çox müzakirələrə səbəb olub.
Rayon əhalisi bir söz, vəzifəlilər isə başqa söz söyləyirlər. İsmayıllıdakı mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə icra başçısı 10 günə yaxındır ki, rayonda yoxdur. Onun xaricdə olması söylənilir. Bu məsələ ilə bağlı rayon icra hakimiyyətindəki mənbədən də redaksiyamıza məlumatlar daxil olub.
Adının çəkilməsini istəməyən mənbəmiz qeyd edir ki, Mirdamət Sadıqov ürək xəstəsidir və bu üzdən ildə bir neçə dəfə Almaniyaya həkim müayinəsindən keçmək üçün gedir. Hazırda Almaniyadadır. Aprel ayının 10-na kimi məzunuyyətə çıxıb. İcra başçısının həqiqətən xəstə olduğunu rayon mərkəzi xəstəxanasında işləyən həkimlərdən biri də təsdiq etdi. Etibarlı mənbələrdən acumhuriyyet.az-a daxil olan məlumata görə Mirdamət Sadıqov yaxın vaxtlarda istefaya göndəriləcək. Bunu onun özünün istədiyi deyilir. Qeyd edilir ki, icra başçısının fikri bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə qatılmaqdır. Ancaq bizim üçün bu xəbər çox təəccüblü gəlir. Çünki Mirdamət Sadıqov icra başçısı kimi özünü doğrultmayıb, əksinə əhaliyə verdiyi vədlərə xilaf çıxdığına görə hazırda onun rayonda reytinqi xeyli aşağı düşüb. İnsanlar icra başçısına inanmadıqlarını, rayonda özbaşnalığın, tayfabazlığın başında elə alim başçının durduğunu qeyd edirlər.
İdarə, müəssisələrdə işləyən məmurlar da açıqca bunu gizlətmədən danışırlar.
İcra başçısının əsas müzakirə olunaraq, məsxərəyə qoyulduğu vəziyyət onun rəsmi qəbullarda özünü qeyri-ciddi aparması, insanlara alçaldıcı sözlər söyləməsi, iclaslarda şeir, anektodlardan istifadə etməsi artıq rayonda haqqında dedi-qoduya səbəb olub. Buna rəğmən bu günlərdə Qığılcım qəzetində icra başçısı və şikayətçi qadının karikaturası da verilmişdir. Mənbəmiz bildirir ki, icra başçısı haqda anektodlar toplusu halında kitab nəşr etmək istəyən yumoristik bir şəxs sadəcə onun vəzifədən kənarlaşdırıldığı günü gözləyir. Həmin şəxsin keçmiş icra başçısı Nizami Ələkbərovla hələ də sıx münasibətlərinin olduğu qeyd edilir. Rayonda insanlar hər hansı şikayət üçün icra hakimiyyətinə müraciət etməyin artıq mənasız olduğunu qeyd edirlər. Əvvəla burada Mirdamət Sadıqovun yaxın silahdaşı keçmiş polis zabiti Arif Aslanov hazırda icra hakimiyyətində qarovulçu vəzifəsində çalışır. Arif Aslanovun burada tətbiq etdiyi çox ciddi rejim qaydaları hökm sürür. Respublikanın heç yerində belə qaydalar olmadığı halda İsmayıllı icra hakimiyyətində bu qaydalar tətbiq edilir. İcra hakimiyyətinə daxil olmaq, hər hansı ciddi rejimli həbsxanalara daxil olmaqdan daha çətinləşdirilib. Qəbula yazılmaq istəyən vətəndaşlar əvvəlcə çox ciddi şəkildə sorğu-sual olunur və sonra qəbula yazılmasına icazə verilir. Qarovulçu, ancaq özünü icra başçısından da yüksəkdə görən Arif Aslanovun adı insanları ən çox incidən və acılayan şəxs kimi daha çox hallanır.
Bu insanın polisdə işlədiyi dönəmdə həbs olunduğu qeyd edilir. Niyə həbs olunmağını araşdırmalarımızdan sonra qeyd edəcəyimiz insanın haqqında deyilənlərin nə dərəcədə real olub olmadığını icra hakimiyyətində mühafizə polisində işləyən əməkdaş da təsdiq etdi. Rayonda professor başçını qınayanlar onun hələ də 71 yaşında olub hazırda pensiyaçı olduğu qeyd edilən Valeh Salehovu yanında saxlamasıdır. Qeyd edilir ki, Valeh Salehov icra hakimiyyətində hər hansı vəzifə, təyinata malik deyil. Ancaq çox təəccüblüdür ki, insanlar gecə-gündüz baş sındırır ki, bu insanda hansı fitri isdedad var ki, hansı xidmət növlərindən istifadə edir ki, bu insan Mirdamət Sadıqova bu qədər əzizdir?Alim başçının nüfuzuna əslində zərbə vuranlar hazırda onun sağında-solunda hərlənib ondan nə isə qopartmaqla məşğuldurlar. Bu da öz növbəsində onun hakimiyyət ömrünün qısa olması deyimlərini xeyli dərəcədə real olduğu qənaətini hasil edir.
Bir məsələyə diqqət yetirsək yəqin ki, yanılmarıq. Başqa rayonlarda icra başçıları boş vaxtlarında, hansısa məsləhətləşmələrdə rayonun ən tanınmış ziyalıları ilə, hakim, prokuror, mtn, polis rəisi və sairlərlə birlikdə olub müəyyən gənəşiklər edirlər.
Ancaq İsmayıllıda sanki hər şey tərsinədir. Burada başçının oturub durduğu, məsləhət etdiyi, informasiyalarına istinad etdiyi adamlar o, dərəcədə cılız şəxslərdir ki, hətta öz ailələrində böyük kimi qəbul olunmaları belə sual altındadır. Mirdamət müəllimin informasiya aldığı adamlar rayonda və bir ucu da rayona yaxın yerdə yerləşən qaçqınların kompakt yaşadığı Qarabağ qəsəbəsindədir. Hörmətli alim hətta dağ kəndi olan Basqal zonasına da bu məqsədlə səlahiyyətli nümayəndə təyin edib. Bir sözlə, uzun sözün qısası bu rayonda hələki əyri düzü kəsir.