Elnur Rəhimov seçki qanunlarını necə pozur?
8-08-2024, 12:56
“Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimov seçki qanunlarını pozur. Belə ki, iki gündür ki mediada “Bakı Tikiş Evi”nin məktəbli formalarının qiymətlərinin ucuzlaşdırması barədə informasiya yayılır. Maraqlıdır ki, “Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimov bunu Yeni Azərbaycan Partiyası tərəfindən 23 saylı Nəsimi – Səbail seçki dairəsindən namizədliyi irəli sürülən oğlu Elnur Rəhimov təbliğat və təşviqata başladığı ərəfədə açıqlayır. Nəzərə alsaq ki, məktəbli formalarının qiymətləri Nazirlər Kabineti tərəfindən təsdiqlənir, Fidail Rəhimovun birdən – birə belə addım atması olduqca maraqlıdır. Fidail Rəhimov heç zaman qiymət endirilməsinə razı olmayan iş adamlarından biridir. Lakin son günlər o çox səxavətli olub. Belə ki, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin seçicilərindən aldığımız məlumata görə avqustun 1-dən Elnur Rəhimovun təbliğat və təşviqatı aparılır. Sakinlər bildirir ki, övladı məktəbə oxuyan seçicilərin uşaqlarına məktəbli forması, çanta və digər ləvazimatların veriləcəyi vəd edilib. Bundan əılavə imkansız seçicilər hələ avqustun birindən başlayaraq ərzaq paylanmağa başlayıb ki, bu da seçki qanunlarının pozulmasıdır. Nəsimi – Səbail seçki dairəsinin seçiciləri qeyd edirlər ki, onlarla şəxsən Fidail Rəhimovun adamları görüşərək dəstək istəyib. Artıq seçicilərin içərisindən imkansız və müalicəyə ehtiyacı olan şəxslər seçilib. Bir sözlə Fidail Rəhimov seçki qanunlarını ayaq altına ataraq oğlunun təbliğatına başlayıb.
Qeyd edək ki, Azərbaycanda vahid məktəbli formalarını öz monopoliyasına alan Fidail Rəhimovun öz oğlunu Yeni Azərbaycan Partiyasının siyahısına saldırması barədə mətbuatda yazılar dərc edilib. Mətbuat ölkədə kifayət qədər savadlı şəxslərin olduğu halda Yeni Azərbaycan Partiyası siyahıya Elnur Rəhimovun adınının siyahıya salınmasını təəccüblə qarşılamışdılar.
35 yaşlı Rəhimov Elnur Fidail oğlu Bakı şəhər Nəsimi rayon sakinidir. O 2012-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir Şəhərində Dokuz Eylül Universitetini bitirib. 2012-2013-cü illərdə İsveçrənin Cenevrə şəhərində MBA Master of business Administration with major in Global Banking and Finance dərəcəsini bitirib. 2013-cü ildən Bakı Tikiş Evi ASC-də maaliyə işləri üzrə sədr müavini vəzifəsində işləyir. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olub. Ailəlidir 2 övladı var.
Qeyd edək ki, 23 saylı Nəsimi – Səbail seçki dairəsindən deputat Ziyad Səmədzadədir.
Xalq.Az