"Eşşək Bazarı"- nda 65 qəpiyə olan pomidor Bakıda necə 3-4 manat olur?- Market mafiyası oyundadır...
11-09-2024, 08:08
- Dayı, 20 kilo götürdüm. Pamidor burda da bahalaşıb, 65 qəpik olub.
İki addımlığımda duran adam bu sözləri telefonda dayısına deyirdi. Mən də yerimdə quruyub ona baxırdım.
... Xaçmazla Şabran arasında bir bazar var, adı Eşşək Bazarı. Niyə Eşşək Bazarı, bilmədim. Bəlkə də zamanında elə eşşək bazarı olub, indiyə... adı qalıb.
Rayon bazarlarında bazarlıq etməyi sevirəm. Həm ərzaq, həm insanlar, həm məkan maraqlı olur. Həm də qiymətlər...
Xaçmazda bazarlıq etmişdik, amma pomidoru hansısa dəzgahda unutmuşdu uşaqlar. Dedim, Murad, uyğun bir yerdə saxla, pomidor alım, Xaçmazdan Bakıya pomidorsuz getmək olmaz. Saxladı.
Eşşək Bazarı deyilən yer, Dəvəçiyə çatmamış ərazi... yol qırağına sərilmiş yeşiklər, əski qapanlar, tək-tək tərəzilər, ardarda sıralanmış yük maşınları, daşlı, çınqıllı, isti, pinti, yorğun bir məkan... toza, torpağa bulaşıb qaralmış, günəşin altında yanmış qayğılı üzlər... bildiyiniz boynubükük mənzərə...
Məlum oldu ki, bura topdan satış bazarıdı. Kimi dindirdim, dedi, yeşiklə satıram, yeşikdə 20 kilodu, alsan ucuz verərəm.
20 kilo!
Kilo ilə satan birini tapıb 2 kilo, kilosu 90 qəpiyə pomidor aldım. Və... bu arada...
Dayı ilə söhbəti eşitdim: deyir, bahalaşıb, 65 qəpik olub...
Oğlan, necə yəni bahalaşıb... 65 qəpik olub?! Biz avqust ayında Bakıda pomidorun kilosunu 3 manat 50 qəpiyə almışıq.
90 qəpik mənim üçün möcüzə idi, bithabitdə olan bu mövsümün ilki idi...
Əlbəttə, bu söhbətə təəccüb edirdim, demək, mənə 90 qəpiyə satılan bu iri, qıpqırmızı, ətirli, təzətər pomidor topdan satılanda... hətta bahalaşandan sonra belə Eşşək Bazarında 65 qəpik olurmuş...
Eşşək Bazarında yüzlərlə kilo, yüzlərlə yeşik , sıra-sıra düzülmüş pomidor tığları vardı. Əslində, əmək, zəhmət, qayğı, ikiqat olmuş bel, şitillərin əkilməsi, suvarılması, gübrələnməsi, güdülməsi, yığılması... daha nə qədər ağrı, acı...
Soruşdum, bunları kim alır? Dedilər, Bakı marketləri...
Ah, Bakı marketləri...
Hələ bahalandıqdan sonra Eşşək Bazarında 65 qəpik olmuş bu al qırmızı, yayın olmazsa olmazını Bakıya daşıyan market mafiyası elə həmin bu olmazsa olmazı Bakı camaatına 3 manatdan aşağı vermir. Utanmadan üstündə endirim də yazır. Yazır ki, sənə özəl 22% endirim etmişəm.
Soruşdum, axı niyə bu neməti Bakıya özünüz çatdırmırsınız? Dedi, bizi - Qubanı, Qusarı, Xacmazı - bütün şimal zonasını Eşşək Bazarından o tərəfə buraxmırlar. Ürəyimi qəm-qüssə basdı...
Əcəba, Bakı bazarları market mafiyasınınmı tamahına qurban getdi?
İllər əvvəl, Türkiyədə bir dartışma başlamışdı... bilirsiniz, Türkiyə xalqı da market mafiyasının, 10-15 min satış mağazası, yuxarıdan himayəsi olan zincir marketlərin əlində əsir-yesirdi. Kəndlidən 1 manata alıb şəhərliyə 10 manata satırlar. Hökumət çətiri altında olan biznes guruhu quduzlaşıb əhalinin cibini yeməkdədir.
O dartışmada camaat etiraz etdi, dedilər, şəhər bazarsız olmaz. Kəndli özü gətirsin, biz də təzə-təzə ondan alaq. Yoxsa, kəndlidən dəyər-dəyməzinə alıb şəhərliyə od qiymətinə satırlar. Əlbəttə, xalqın bu etirazını hökumətə müxalif partiyalar, müxalif millət vəkilləri, müstəqil qəzetçilər çatdırırdı.
Bu ictimai etiraza görə səmt bazarlarını saxladılar. İndi hər səmtə, az qala hər məhəlləyə ənənəvi olaraq, həftədə bir dəfə bazar gəlir. Bizdə isə xalqdan soruşan olmadı, tamah insafı yedi...
İctimai etirazın önündə duracaq olan müxalif partiyalar üçün isə pomidor xırda məsələdi, onlar birincilik uğrunda çalışır, hədəf xalqın ucuz pomidor yeməyi deyil, biri-birini yeməkdir.
Hələ ev almayan, yarışdan geri qalan qəzetçilər hökumətdən havayı ev almaq uğrunda qanadlı qafiyələr qurmaqdadırlar.
Şairlər suspayı aldıqları evlərə sığınıb özlərini tülkü xəstəliyinə vurublar. Canlı klassiklərimizin stimullaşdırdığı suspayı peşində yürüyən nəhəng bir nəsil dayanmadan şirin söz ürətir...
Böyük Dədəmiz Şah Abbas dövrü də deyil... ki adam təğyiri libas olub camaatın gün-güzəranına baxsın, Eşşək Bazarı ilə Bakı marketləri arasında olan uçuruma yumruq silkələsin, hökumətində olan oğruları, acgözləri, tamahkarları cəzalandırsın, cani kəllələri uçursun...
Elə bu günlərdə tanınmış bir türk millət vəkili kamyonlarla çöllərə tökülüb tırtlamış pomidor tayalarının yanından reportaj verdi. Dedi, kəndli tonlarla əməyini çollərə tökür. Tomat fabrikaları keçən ildən bəri kəndlidən pomidor almır.
Müxalif millət vəkili pomidor tayalarının önündə durub deyirdi, dövlət tomat fabrikalarına kəndlidən pomidor almağı yasaq edən qanun çıxarıb. Bizdə olan məlumata görə, Türkiyə ötən ildən İrandan tomat ixrac edir, yerli istehsala yasaq qoyur, kəndlinin əməyi çöllərə tökülüb.
Çox acınacaqlı görüntülər idi. Nə qədər insan əməyi, o əməklə birgə ümidlər, xəyallar... ayaqqabı, çanta gözləyən çocuqların intizarı, anaların ah-naləsi, ataların lal qəzəbi... günəşin altında yanıb qırmızı palçığa dönməkdə idi.
Baxdıqca düşünürdüm, görəsən bu əməlin sahibləri... necə yaşayırlar, necə adam içinə çıxırlar, necə yeyib, yatırlar...
Vicdanları varmı?
Allahları varmı?
Bunlar necə bəşərdilər, bunlar nə süd əmiblər?
Əlbəttə, Türkiyədə bu ağrını gündəmə gəyitən bir millət vəkili idi, seçicisinin səsini, idarəedən, lakin idarəçilik əxlaqı olmayan yaramazlara çatdırırdı. Və belə vəkillər, qəzetçilər az deyil orada...
Bizdə millət vəkili yoxdur. Millət seçmir. Seçilmədən parlamentdə oturub - dövlətin büdcəsi yetim malıdı - yetim malından haqq etmədən maaş alan, yəni haram yeyən birilərindən vicdan ummaq faydasızdır.
Belə...
Topdansatış qiyməti bahalanıb 65 qəpik olan pomidor market mafiyasının əlindən keçib Bakı sakinlərinə 3-4 manata satılır... və heç kim bundan vicdan əzabı çəkmir.
Amma o vicdan əzabı çəkməyənlər bilməlidirlər ki, gün bu gün deyil. Əmin olun, gün bu gün deyil! Bu günün sabahı var!
VİCDAN ƏZABI ÇƏKMƏYƏN CAN ƏZABI ÇƏKƏR
Mehriban Vezir
TEREF