"“Azərsun” olmasaydı, hamınız acından ölərdiz..."
15-10-2024, 16:18
“AZƏRSUN” şirkətinə aid “BAZARSTORE” mağazalar şəbəkəsinin əməkdaşları maaş azlığından şikayət edirlər.
Məlum səbəblərdən adlarını çəkmək istəmədiyimiz mağaza əməkdaşlarının Missiya.Az-a verdiyi məlumata görə, “Bazarstore”lərdə ciddi işçi çatışmazlığı var:
“Çünki heç kəs az maaşla ağır şərtlər altında işləmək istəmir. Yəqin görmüsünüz ki, mağazalarda kassaların hamısı işləmir və bu səbəbdən də böyük növbələr yaranır. Bəzən 5 kassadan üçü işləmir. 2 kassa da alıcıları rahatlıqla yola sala bilmirlər. Hər gün alıcıların narazılığını, giley-güzarını eşidirik. Olur ki, alıcılar arasında mübahisələr də yaranır. Bunun da hamısı işçi çatışmazlığına görədir.
“Azərsun” rəhbərliyi bu qədər pul qazanır, amma işçilərə normal maaş verməyə canları çıxır. Deyəsən ki, al-ver olmur, ona görə də rəhbərlik maaşları günün reallığına uyğun qaldıra bilmir? İnanın, mağazalarda hər gün qələbəlik yaşanır. Kassaların qarşısında uzun növbələr yaranır. Amma nə olsun bunun işçinin maaşına heç bir xeyri dəymir. İşçilər tədricən çıxıb gedirlər, daha çox da “Bravo”ya keçirlər. Çünki orada işçilərin qədrini bilirlər. Bizdə əməkdaşları anbarda da işlədir, vitrinlərin qarşısında da, kassada da. Maaşlara isə əlavə pul ayırmaq istəmirlər. Ehtiyac üzündən məcburən qalıb işləyirik. Reklamlarda yalan vəd edirlər ki, biz sizə karyera yüksəlişinə şərait yaradacağıq, yenilənən maaş sistemi ilə çalışacaqsız. Boş şeylərdir hamısı. Burada ancaq əməyin istismarı ilə məşğul olurlar. Rəhbərlik hər şeydən pul qazanır: yalançı endirim aksiyalarından, normadan artıq əməyə cəlbetmədən, hətta mağazaların qarşısındakı parkovkalardan. Alıcılar beş dəqiqəlik mağazaya girirlər, çıxanda “parkovşik” yaxınlaşıb ödəniş tələb edir. Məsələn, Badamdar, Bayıl marketlərinin qarşısında çoxdandır ki, belə vəziyyətdir. Deyə bilərlər ki, bundan xəbərimiz yoxdur. Onda soruşuruq, həmin o pul tələb edən adamlar necə olur ki, hər gün orada iş başında olurlar? Niyə buna görə onlara bir söz deyən olmur? Ola bilsin ki, hər gün yığılan “parkovka” pulları Gözəl qardaşlarına verilmir. Söhbətlər gəzir ki, “Parkovşiklər” aylıq ödəyir. Xəbərləri yoxdursa, onda araşdırıb öyrənsinlər ki, “Bazarstore” müştərilərindən pulı yığan kimlərdir?- deyə, “Bazarstore” əməkdaşları bildirib.
Şirkət əməkdaşları onu da qeyd ediblər ki, maaşların artırılması tələblərini dəfələrlə mağaza rəhbərliyinə bildirsələr də, onlara hər şeyin Gözəl qardaşlarından asılı olduğunu deyirlər. Qeyd edək ki, “Azərsun” şirkətinə daxil olan digər müəssislər və fermalarda çalışanlar da maaş azlığından şikayət edirlər. Şəkər və konserv zavodlarında çalışanlar, eləcə də çöllərdə məhsul əkimi və yığımı işlərinə günəmuzd cəlb olunan əyalət rayonlarının sakinləri bildirirlər ki, hər dəfə maaş məsələsini qaldıranda onlara ancaq bir cavab verilir:
“Sağol deyin ki, hələ sizə iş veririk. “Azərsun” olmasaydı hamınız acından ölərdiz”.