UNEC-in Dərbənd filialı: Diplomlar NİYƏ VERİLMİR? - Görünəni odur ki...

17-10-2024, 10:26           
UNEC-in Dərbənd filialı: Diplomlar NİYƏ VERİLMİR? -
Faktinfo.az saytı xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialından məzun olmuş tələbələrin hələ də diplomlarını verə bilməməsi səbəbindən müzakirələr böyüyür. Hətta, mətbuatda UNEC-in Dərbənd filialının məzunlarına neçə ildir ki, ard-arda diplomların verilməməsi və bu problemin Elm və Təhsil naziri Emin Əmrullayev ilə UNEC rektoru Ədalət Muradov arasında cərəyan edən sərin münasibətlərdən qaynaqlandığı vurğulanır.

Saytlarda o da qeyd edilir ki,diplomunu ala bilməyən tələbələrin ETN və UNEC qarşısında etiraz aksiyası keçirə biləcəkləri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayacaqları gözlənilir. Belə vəziyyətdə, kimi təhsil naziri Emin Əmrullayevi,kimi rektor Ədalət Muradovu qınayır. Uzun müddətdir ki,universitet rəhbərliyi yaranmış problemin kökündə təhsil nazirliyini göstərib tələbələri nazirliyə, nazirlik isə əksinə,Azərbaycan Dövlət İqtisad Universitetinə yönləndirir.

Əslində nə baş verir, Dərbənd filialının bir qrup tələbəsinə diplomların verilməməsində günahkar Elm və Təhsil Nazirliyidir, yoxsa Azərbaycan Dövlət İqtisad Universiteti?

Yaranmış vəziyyəti Faktinfo.az saytına izah edən mənbə bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Dərbənd filialının məzunlarına diplomların verilməsi ilə bağlı qanuni tərəfdən problemi olmamalıdır. Eləcə də, məsələnin mahiyyətini bilmədən, Dərbənd filialının bir qrup tələbəsinə diplomların verilməməsi ilə bağlı Elm və Təhsil naziri Emin Əmrullayevi qınamaq da yersizdir.O cümlədən, Elm və Təhsil naziri ADİU-nun Dərbənd filialı ilə bağlı məsələnin qanuni tərəfindən yayına, diplomları verməyə bilməz.

Görünür, diplomu verilməyən tələbələrlə bağlı müəyyən problemlər mövcuddur. Məsələn, ola bilər ki, diplomlarını ala bilməyən tələbələr ADİU-nun Dərbənd filialına bir neçə il bundan qabaq hansısa şərtlər daxilində qəbul olunublar, həmçinin sənədlərində sərhəd reqistrasiyaları ilə bağlı uyğunsuzluqlar mövcuddur. Eləcə də, diplomu verilməyənlər ADİU-nun Dərbənd filialına ümumi plan yerindən artıq (kənar) qəbul olunan tələbələr də ola bilər. Bu hallarda naziri və ya nazirliyi tələbələrə diplom verilməməsinə görə qınamaq yersizdir.

Çünki, ADİU-nun Dərbənd filialına tələbə qəbulu Elm və Təhsil, Azərbaycan Dövlət İqtisad Universiteti və Dərbənd filialının məsul şəxslərinin iştirakı ilə ayrılmış plan yerinə uyğun həyata keçirilir.Yekunda filiala qəbul olunan tələbələrin siyahısı nazirliyin elektron baza sisteminə daxil edilir.Nazirlik də öz nöbəsində təhsilini başa vurmuş tələbələrin ümumi sayına görə veriləcək diplomları seriya və nömrəsinə uyğun sifariş əsasında aldıqdan sonra universitetə təqdim edir. Tələbə də diplomunu bu normativ həlli yanaşmalardan sonra universitetdən alır.

Mövzuya münasibət öyrənmək üçün Azərbaycan Dövlət İqtisad Universitetinə edilən zənglərə cavab verilmədi.

ADİU-nun mövqeyini dərc edə bilərik.

Faktinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.